RegionXəbərlər

ASELSAN-ın gəlirləri artıb, sifariş portfeli 30 milyard dolları ötüb

Türkiyənin ASELSAN şirkəti 2026-cı ilin ilk doqquz ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkət güclü əməliyyat fəaliyyəti, artan istehsal gücünə yönəlmiş investisiyalar və intizamlı maliyyə idarəetməsi sayəsində inamlı artımını davam etdirib.

Türkiyənin bazar dəyərinə görə ən böyük şirkəti olan ASELSAN-ın ilin ilk doqquz ayı üzrə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 151,5 milyard Türk lirəsinə çatıb.

İxrac yönümlü artım strategiyasını inamla davam etdirən və bu sahədə nəticələrini gündən-günə artıran ASELSAN-ın imzaladığı yeni ixrac müqavilələrinin həcmi 34% artaraq 1,9 milyard ABŞ dollarına çatıb. Şirkətin tarixində ilk dəfə sifariş portfelinin həcmi 30 milyard ABŞ dollarını ötüb. Sifarişlərin satışlara nisbətini göstərən “Book-to-Bill” əmsalı 4,4-ə yüksəlib.

ASELSAN-ın gələcək inkişafına hazırlıq üçün zəruri olan layihələndirmə və istehsal infrastrukturu, eləcə də obyektlərə yatırdığı investisiyalar hesabat dövründə sürətlənib. İlin ilk doqquz ayında investisiyalar 228% artaraq 684 milyon ABŞ dollarına çatıb. Güclü sifariş portfeli, istehsal gücünü genişləndirən investisiyalar və artan tədqiqat-inkişaf (Tə-İn) işləri ASELSAN-ın davamlı artımını dəstəkləyən əsas amillər olub.

ASELSAN-ın investisiyalara əsaslanan artım strategiyasının nəticələri

ASELSAN uzunmüddətli hədəflərinə çatmaq üçün 2024-cü ildə tətbiqinə başladığı “aselsaneXt” proqramının müsbət nəticələrini 2026-cı ilin üçüncü rübündə də əldə etməyə davam edib.

2026-cı ilin ilk doqquz ayında ASELSAN-ın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 28% artaraq 151,5 milyard Türk lirəsinə çatıb. Hava hücumundan müdafiə, radar və elektron müharibə sistemləri, sualtı sistemlər, süni intellektlə dəstəklənən şəhər təhlükəsizliyi sistemləri, idarəolunan sursat sistemləri, elektro-optik sistemlər və rabitə texnologiyaları ilin ilk doqquz ayında əldə edilən gəlirlərdə həlledici rol oynayıb. Bu artımı ASELSAN-ın yüksək texnologiyalı məhsullarına tələbatın yüksəlməsi dəstəkləyib.

Şirkətin sifariş portfeli əvvəlki rüblə müqayisədə 7,5 milyard ABŞ dolları artaraq 30,7 milyard ABŞ dollarına çatıb. Yeni müqavilələrin həcmi və sifariş portfeli üzrə bütün dövrlərin rekord göstəriciləri qeydə alınıb.

Güclü artımını əməliyyat mükəmməlliyi, yüksək texnologiyalar və korporativ transformasiyaya yönəlmiş fəaliyyətlə dəstəkləyən ASELSAN səmərəlilik göstəriciləri üzrə də yüksək nəticələr nümayiş etdirib. Şirkətin faiz, vergi, amortizasiya və köhnəlmə xərclərindən əvvəlki mənfəətinin (EBITDA) gəlirlərə nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 190 baza bəndi artaraq 26,8%-ə çatıb. Eyni dövrdə EBITDA məbləği də 38% artaraq 40,6 milyard Türk lirəsinə yüksəlib.

Səmərəliliyin artırılmasına yönəlmiş təşəbbüslərin ardıcıl şəkildə həyata keçirilməsi, eləcə də məhsul portfelində bazara giriş maneələrinin yüksək olduğu kritik texnologiyalara doğru strateji transformasiya ASELSAN-ın artımına və əməliyyat mənfəətliliyinin qorunmasına əhəmiyyətli töhfə verib. Bundan əlavə, hesabat dövründə şirkətin hər işçiyə düşən gəliri ABŞ dolları ifadəsində 4% artıb.

Artan sifariş portfeli ilə yanaşı, ASELSAN-a əlavə istehsal imkanları və miqyas üstünlüyü qazandıracaq investisiyalar 2026-cı ilin ilk doqquz ayında fasiləsiz davam etdirilib. “Oğulbey” Texnologiya Bazasında və mövcud kampuslarda investisiyalar hesabat dövründə 228% artaraq 684 milyon ABŞ dollarına çatıb.

2025-ci ildə təməli qoyulan və Türkiyə Respublikası tarixində müdafiə sənayesi sahəsində həyata keçirilən ən böyük vahid investisiya layihəsi olan “Oğulbey” Texnologiya Bazasının birinci mərhələsi hesabat dövründə fəaliyyətə başlayıb. Eyni zamanda, İdarəolunan Sursat Sistemləri İstehsalı Mərkəzi də daxil olmaqla bir sıra yeni investisiya layihələri istifadəyə verilib. Hava, dəniz və quru müdafiə sistemlərinin istehsalında robotlaşdırma və avtomatlaşdırma infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilib.

Həyata keçirdiyi Tə-İn layihələrinin sayına və mühəndis məşğulluğuna görə Türkiyədə lider mövqedə olan ASELSAN tədqiqat-inkişaf işlərinə çəkdiyi xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıraraq 1,3 milyard ABŞ dollarına çatdırıb.

Xüsusilə aşağı Yer orbitində peyk texnologiyaları (LEO), kvant hesablama texnologiyaları, sualtı texnologiyalar, yüksək güclü mikrodalğalı texnologiyalar, mikroelektron sistem texnologiyaları, ağıllı sursat və hərəkətverici sistem texnologiyaları kimi bazara giriş maneələrinin yüksək olduğu sahələrə yönəlmiş investisiyalar sürətlənib. Gələcəyə hesablanmış bu investisiyalar ASELSAN-ın qlobal müdafiə sənayesindəki mövqeyini daha da gücləndirməyə davam edəcək.

ASELSAN sürətli artım və investisiya xərclərinin yüksəlməsi şəraitində maliyyə dayanıqlığını və balans hesabatı üzrə intizamını qoruyub saxlayıb.

Şirkətin 2026-cı ilin ilk doqquz ayı üzrə əməliyyat fəaliyyətindən əldə etdiyi pul vəsaitlərinin hərəkəti 23 milyard Türk lirəsinə çatıb. Hesabat dövründə ASELSAN-ın maliyyə öhdəliklərinin ümumi aktivlərdəki payı 14% təşkil edib. Səmərəli maliyyə idarəetməsi və hazırlanmış yeni strategiyalar sayəsində şirkətin maliyyələşdirmə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% azalıb.

55% təşkil edən kapital əmsalı ilə ASELSAN bu göstərici üzrə sektor ortalamalarından yüksək mövqeyini qoruyub. Şirkətin balansının ümumi həcmi 2025-ci ilin sonu ilə müqayisədə 15% artıb. Güclü balans idarəetməsi, səmərəliliyi artıran tədbirlər və davamlı maliyyə intizamı sayəsində ASELSAN-ın ilin ilk doqquz ayında kapitalın rentabelliyi 400 baza bəndi artaraq 16,6%-ə yüksəlib. Aktivlərin rentabelliyi isə 9%-ə çataraq kapitaldan və aktivlərdən istifadənin səmərəliliyində əhəmiyyətli yaxşılaşma nümayiş etdirib. Şirkətin EBITDA marjası da bu dövrdə 190 baza bəndi artaraq 26,8%-ə yüksəlib. ASELSAN-ın ticarət debitor borcları 2025-ci ilin sonu ilə müqayisədə 11% azalıb.

Seriyalı istehsala əhəmiyyətli investisiyaların həyata keçirildiyi bu mərhələdə əldə olunan güclü maliyyə nəticələri ASELSAN-ın fəaliyyətini səmərəli şəkildə genişləndirmək, ixrac hədəflərini irəli aparmaq və qabaqcıl texnoloji təşəbbüsləri davam etdirmək imkanlarını nümayiş etdirir. Bütün bunlar güclü və intizamlı maliyyə təməli üzərində qurulub.

ASELSAN-ın baş direktoru Ahmet Akyol 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini şərh edib. Onun sözlərinə görə, 2026-cı il ASELSAN-ın təkcə böyüdüyü il deyil, həm də artımının miqyasını yenidən müəyyənləşdirdiyi ildir: ““aselsaneXt” proqramı çərçivəsində elan etdiyimiz transformasiya şirkətin bütün istiqamətlərində — sifarişlərin qəbulundan investisiyalara, istehsal gücündən texnoloji dərinliyə qədər — özünü göstərir. Biz artıq yalnız bugünkü tələbləri qarşılamaqla kifayətlənmir, sabahın çağırışlarına cavab vermək üçün zəruri imkanları bu gündən formalaşdırırıq.

Davamlı artımla yanaşı, artım tempimiz də sürətlənir. Üçüncü rüb üzrə ABŞ dolları ifadəsində artım göstəricilərimizə nəzər salsaq, 2024-cü ildə 18%, 2025-ci ildə 29%, bu il isə 42% artım əldə etmişik. Artım və biznes həcminin bir çox göstəriciləri üzrə qlobal sektor ortalamalarını əhəmiyyətli dərəcədə üstələyirik. Avqust ayında “Defense News” nəşrinin “Top 100” siyahısında üç pillə irəliləyərək 40-cı yerə yüksəldik və “Forbes Global 2000” siyahısına daxil edilən ilk Türkiyə müdafiə şirkəti olduq. Eyni zamanda, dünyanın aparıcı investisiya qurumları öz hesabatlarında ASELSAN-ın nailiyyətlərinə getdikcə daha çox diqqət yetirirlər”.

O bildirib ki, şirkətin fəaliyyətinin miqyası genişləndikcə əməliyyat mənfəətliliyinin yüksəlməsi xüsusi əhəmiyyət daşıyır. Bu, ASELSAN-ın yalnız daha çox iş gördüyünü deyil, həm də daha yüksək əlavə dəyər yaradan işləri daha səmərəli həyata keçirdiyini göstərir. Şirkət artımı yalnız həcmi ilə deyil, həm də keyfiyyəti ilə ölçür.

Əldə edilən rəqəmlərin mövcud tələbatın gücünü deyil, həm də qarşıdakı dövrdəki əhəmiyyətli artım potensialını əks etdirdiyini deyən A.Akyol, satış həcmindən xeyli yüksək sifarişlərin əldə olunmasının qarşıdakı illərdə davamlı və geniş iş həcminin olacağından xəbər verdiyini qeyd edib: “Bundan sonrakı əsas vəzifəmiz bu sifariş portfelini vaxtında təhvil verilən məhsullara, genişləndirilmiş istehsal gücünə və davamlı texnoloji üstünlüyə çevirməkdir”.

Baş direktor vurğulayıb ki, ASELSAN peyk sistemlərindən və kvant hesablamalarından sualtı sistemlərə, yüksək güclü mikrodalğalı və mikroelektronika texnologiyalarına qədər gələcəyin texnologiyalarına investisiya yatırır. Şirkət Antalyada keçirilən Beynəlxalq Astronavtika Konqresində aşağı Yer orbiti üçün peyk konsepsiyasını ilk dəfə təqdim etdi: “Yarandığı gündən Türkiyə Silahlı Qüvvələrinin quruda, dənizdə və havada rabitəsini təmin edən ASELSAN bundan sonra peyk rabitəsi xidmətlərini də təqdim edəcək. ASTRALINK adlandırılan layihəmiz beynəlxalq səviyyədə böyük maraq doğurub”.

A.Akyolun sözlərinə görə, texnoloji müstəqilliyi gücləndirmək, ixrac rəqabətqabiliyyətini artırmaq və yeni imkanlar yaratmaq üçün bu inkişaf etməkdə olan texnologiya sahələrinə diqqət yetirməyə davam edəcəklər.

“İnvestisiyalarımızı həyata keçirərkən maliyyə intizamını qorumaq əsas prioritetlərimizdən biri olaraq qalır. Bu ilin ilk doqquz ayında ötən ilin bütün ili üzrə əsaslı kapital qoyuluşlarının həcminə yaxın ikiqat məbləğdə investisiya yatırmışıq. İnvestisiya tempinin bu qədər sürətlənməsinə baxmayaraq, maliyyə sabitliyimizi qoruyub saxlaya bilmişik.

Bu gün həm Türkiyədə, həm də beynəlxalq bazarlarda ASELSAN-a və hazırladığımız sistemlərə maraq davamlı şəkildə artır. Qlobal miqyasda artan bu diqqəti strateji inkişaf kimi qiymətləndiririk. Müdafiə büdcələrinin artdığı, ölkələrin təchizat zəncirlərinin təhlükəsizliyinə və texnoloji suverenliyə daha çox əhəmiyyət verdiyi bir dövrdə ASELSAN-ın geniş və qabaqcıl məhsul portfeli əhəmiyyətli rəqabət üstünlüyü yaradır.

ASELSAN-ı bu mərhələyə gətirən amillər korporativ idarəetmə fəlsəfəmiz və yüksək ixtisaslı, fədakar əməkdaşlarımızdır. Hədəfimiz aydındır: ASELSAN-ı dünyanın aparıcı müdafiə texnologiyaları şirkətlərindən birinə və güclü qlobal texnologiya brendinə çevirmək”, deyə ASELSAN-ın baş direktoru vurğulayıb.

Back to top button