
TURNAs-2026 təlimində iştirak edən MKE şirkəti yerli və milli müdafiə sistemləri ilə hava və dəniz təhdidlərinə qarşı atışlar həyata keçirib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət tərəfindən hazırlanan TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sisteminin 20 mm-lik cüt silahlı revolver sistemi ilk dəfə döyüş gəmisinə inteqrasiya edilərək TCG BEYKOZ gəmisindən hava və dəniz hədəflərinə qarşı atəş açıb.
Sistem pilotsuz uçuş aparatlarını (PUA) və insansız dəniz aparatlarını (İDA) uğurla məhv edib.
Bundan başqa, MKE tərəfindən hazırlanan PİRANA kamikadze insansız dəniz aparatı “Bayraktar TB2” PUA-sı vasitəsilə idarə olunaraq təlim çərçivəsində suüstü hədəfə hücum edərək onu uğurla məhv edib.
Dəqiqədə 3200 atəş açmaq qabiliyyətinə malik olan 20 mm-lik cüt silahlı revolver sistemi dünyadakı analoqlarından üç dəfə yüksək atəş sürəti ilə seçilir. Sistem qəlpəli antidron döyüş sursatından istifadə etməklə 1000 metr effektiv məsafədə kamikadze hava və suüstü təhdidlərinə qarşı tətbiq oluna bilir.
MKE tərəfindən “Effektiv, Sadə və Ucuz” konsepsiyası əsasında hazırlanan döyüş sursatı sistemin yüksək atəş intensivliyi ilə birləşərək təhdidlərə qarşı davamlı müdaxilə imkanını təmin edir.
Sistemin yüksək stabilləşdirmə qabiliyyəti isə gəminin dənizdə hərəkəti zamanı hədəfə tuşlanmanı qoruyaraq atəş effektivliyini artırır.
Daha əvvəl DENİZKURDU-I təlimində suüstü hədəfi uğurla məhv edən PİRANA kamikadze insansız dəniz aparatı TURNAs-2026 çərçivəsində “Bayraktar TB2” vasitəsilə idarə olunaraq 100 kiloqramlıq döyüş başlığı ilə hədəfi məhv edib.
Saatda 40 dəniz milindən artıq sürətə, 200 dəniz milini aşan əməliyyat mənzilinə və 100 kiloqramlıq döyüş başlığına malik PİRANA radiotezlik (RF) və peyk rabitəsi (SATCOM) sistemləri sayəsində məsafədən idarə olunan və ya avtonom rejimdə fəaliyyət göstərə bilir.
Aşağı radar əksolunma səthinə malik dizaynı və yüksək manevr qabiliyyəti aşkarlanma riskini azaldan PİRANA həm tək, həm də sürü konsepsiyası çərçivəsində istifadə oluna bilir. Peyk rabitəsi vasitəsilə uzaq məsafələrdən idarə edilə bilən sistem müxtəlif əməliyyat ssenarilərində tətbiq üçün nəzərdə tutulub.





