
Danimarka F-35 qırıcı təyyarələri üçün Norveç mərkəzli KONGSBERG şirkətinin “Joint Strike Missile” (JSM) raketlərini əldə etmək niyyətindədir.
“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bununla Danimarka JSM raketlərini seçən yeddinci ölkə olub.
Bildirilib ki, müqavilənin əhatə dairəsi və dəyəri sifarişçi ilə aparılacaq danışıqlar zamanı müəyyən ediləcək. KONGSBERG müqavilə imzalandıqdan sonra bu barədə məlumat verəcək.
JSM aşağı radar izinə malik “hava-yer” tipli qanadlı raketdir. Raket F-35A qırıcısının daxili silah bölməsində daşına bilir ki, bu da təyyarənin “stealth” (görünməzlik) xüsusiyyətini qorumasına imkan verir.
JSM raketi bu günə qədər Avstraliya, Kanada, Almaniya, Yaponiya, Norveç və ABŞ tərəfindən seçilib.





