HavaXəbərlər

TUNGA-X tutucu dronu TURNAs-2026 təlimində hava hədəfini məhv edib – VİDEO

Türkiyənin STM şirkəti tərəfindən hazırlanan TUNGA-X tutucu dronu TURNAs-2026 təlimində imkanlarını nümayiş etidirib.

STM-dən “Poliqon”a verilən məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən Antalya körfəzi və Şərqi Aralıq dənizində keçirilən TURNAs-2026 insansız dəniz sistemləri təlimində TUNGA-X tutucu dronu şərti düşmən pilotsuz uçuş aparatının (PUA) qarşısını almaq tapşırığını uğurla yerinə yetirib.

Ssenariyə əsasən, radar və görüntü ilə tuşlama sistemlərinin dəstəyi ilə hədəfi izləyən TUNGA-X dəqiq zərbə endirərək onu havada məhv edib.

STM tərəfindən inkişaf etdirilən TUNGA-X, xüsusilə aşağı qiymətli kamikadze PUA təhdidlərinə qarşı kritik obyektlərin və hərbi bölmələrin qorunması məqsədilə layihələndirilib. 300 km/saat sürətə çata bilən sistem PUA aşkarlama radarları ilə inteqrasiya olunmuş şəkildə işləyərək təhdidləri real vaxt rejimində izləyə bilir. Görüntülərin emalına əsaslanan avtonom hədəf izləmə və dəqiq zərbə endirmə imkanları ilə seçilən TUNGA-X asimmetrik hava təhdidlərinə qarşı iqtisadi cəhətdən səmərəli müdaxilə həlli təklif edir.

Buraxıcı qurğu tələb etməyən şaquli qalxma xüsusiyyəti sayəsində müxtəlif platformalardan fəaliyyətə başlaya bilən TUNGA-X gecə və gündüz əməliyyatları həyata keçirə bilir. 25 kilometrədək əməliyyat mənzilinə malik sistem avtonom tapşırıq imkanları və qabaqcıl sensorları ilə Türkiyənin PUA təhdidlərinə qarşı müdafiə qabiliyyətlərinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Back to top button