
Belarusda BM-21B yaylım atəşli reaktiv sistemini (YARS) FPV dronlarının hücumlarından qorumaq üçün modul tipli mühafizə dəsti hazırlanıb.
Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən xəbər verib.
Bildirilib ki, müasir münaqişələrdə FPV dronları hərbi texnika üçün ciddi təhlükəyə çevrilib. Standart radioelektron mübarizə sistemləri manevr qabiliyyətinə malik kiçikölçülü dronlara qarşı hər zaman effektiv olmur. Bu səbəbdən fərdi mühafizə vasitələrinin tətbiqi ön plana çıxır.
“2566 Radioelektron Silahların Təmiri Zavodu”nun mütəxəssisləri tərəfindən hazırlanan dəst döyüş texnikasını pilotsuz uçuş aparatlarından atılan RQD-5 və F-1 əl qumbaralarından, eləcə də VOQ-17 qumbaraatan sursatlarından müdafiə üçün nəzərdə tutulub. Dəstin ekipaj tərəfindən quraşdırılması mümkündür.
Dəstə üç funksional modul daxildir: kabinənin mühafizəsi; daşınan sursatın mühafizəsi; artilleriya hissəsinin mühafizəsi. Hər bir modul döyüş tapşırıqlarının icrası zamanı hərbi texnikanın mümkün qədər yaxşı qorunmasını təmin edən qoruyucu torlar və örtüklərdən ibarətdir.






