
ABŞ-ın PUA-larla mübarizə üçün hazırladığı “Freedom Eagle-1” raketi – TƏHLİL
Sirr deyil ki, son illər müxtəlif sinif və təyinatlı pilotsuz uçuş aparatları (PUA) böyük populyarlıq qazanıb. Onlar təkcə faydalı (axtarış, kəşfiyyat, xilasetmə və s.) işlərdə insanlara köməkçi kimi deyil, həm də təəssüf ki, terror aktlarında, qaçaqmalçılıqda, casusluqda və hərbi əməliyyatlarda geniş istifadə olunur.
“Poliqon”un məlumatına görə, Ukraynadakı münaqişə PUA-lara qarşı imkanları, indi və gələcəkdə düşmənlər tərəfindən idarə oluna biləcək müxtəlif səviyyəli PUA-larla ən yaxşı şəkildə necə mübarizə aparmağın daha geniş şəkildə yenidən nəzərdən keçirilməsinə səbəb oldu.
Xüsusilə, kritik sabit infrastrukturu müdafiə edə bilmək tələbi, ən bariz şəkildə Şahed/Geran seriyalı uzun mənzilli birtərəfli hücum PUA-larından istifadə edərək Rusiyanın Ukraynaya amansız hücumları ilə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, tankların və digər zirehli texnikaların PUA-lardan, xüsusən də yüksək manevr qabiliyyətinə malik FPV (First-Person View) kamikadze növlərindən qorunmasına açıq ehtiyac var.
Buna görə də, PUA-larla necə mübarizə aparmaq məsələsi getdikcə aktuallaşır.
PUA-larla mübarizəyə elmi yanaşma
Hazırda elm və texnologiya PUA-larla mübarizədə müxtəlif inkişaflar təklif edir. Bura PUA-lara qarşı (adətən dronlara və kvadrokopterlərə qarşı) əldə tutulan “tüfənglərdən” tutmuş radarların köməyi ilə ərazini patrul edən və ərazi üzərindəki PUA-ları zərərsizləşdirən nəhəng komplekslərə qədər müxtəlif həllər daxildir. Bu yazıda biz ABŞ-ın “Freedom Eagle-1” raketini qısaca nəzərdən keçirəcəyik.
Belə ki, son dövrlərdə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) PUA-larla mübarizə aparmaq üçün sadə və ucuz zenit-raket əldə etmək istəyir. Hazırda “BlueHalo LLC” (4601 N Fairfax Drive Suite 900, Arlington, Virginia 22203, US) belə bir məmulat hazırlayır.
Bu yaxınlarda şirkət lazımi hazırlıqları tamamlamış və sınaq raketlərin ilk buraxılışlarını həyata keçirmişdir. “Freedom Eagle-1” məmulatları hesabat xüsusiyyətlərinin bəzilərini təsdiqləyib və sınaqlar yaxın gələcəkdə davam etdiriləcək.
PUA-lara qarşı xüsusi vasitə
Pilotsuz aviasiyanın hazırkı inkişaf səviyyəsi bu cür təhlükələrə qarşı mübarizə aparmaq üçün xüsusi hava hücumundan müdafiə (HHM) sistemlərinin yaradılmasını tələb edir. Bununla əlaqədar, 2023-24-cü illərdə Pentaqon Next-Gen Counter-Uncrewed Aerial System (NGCM – “PUA-larla mübarizə üçün yeni nəsil raket”) proqramını işə salıb.
Bu proqram çərçivəsində müxtəlif sinif PUA-larla mübarizə apara bilən yeni zenit-raket kompleksinin (ZRK) yaradılması və gələcəkdə silahlanmaya qəbul edilməsi planlaşdırılır. ZRK-nin tərkibinə özündə yüksək texniki xüsusiyyətləri və mümkün olan ən aşağı qiyməti birləşdirən yeni raket daxil edilməlidir.
Açıq mənbələrin məlumatlarına görə, 2024-cü ilin əvvəlində Pentaqon proqramda iştirak etmək istəyən şirkətlərin müraciətlərini qəbul edib və nəzərdən keçirib. NGCM proqramının müsabiqə hissəsinə yalnız iki şirkət buraxılıb və 2024-cü ilin iyun ayında onlara işin davam etdirilməsi üçün müqavilələr verilib. Bu şirkətlərdən biri “BlueHalo LLC” idi.
Həmin vaxt “BlueHalo” şirkəti, ABŞ Ordusunun Döyüş Bacarıqlarının İnkişafı Komandanlığı Aviasiya və Raket Mərkəzi (Combat Capabilities Development Command Aviation & Missile Center – CCDC AvMC) Aviasiya və Raket Texnologiyaları Konsorsiumu (Aviation & Missile Technology Consortium AMTC) tərəfindən NGCM proqramının inkişafını davam etdirmək üçün seçilmiş iki təchizatçıdan biri kimi seçildiyini açıqlayıb.
“BlueHalo” şirkəti ilə yanaşı,“Raytheon” şirkəti də NGCM proqramının inkişafı üçün ikinci təchizatçı kimi seçilib və o, “Coyote” kompleksini hazırlayır.
Qeyd edək ki, “BlueHalo” şirkətinin fəaliyyət sahələrindən biri də PUA əleyhinə vasitələrin inkişafıdır. Sifarişçilərə lazer kompleksləri, radioelektron mübarizə vasitələri və s. təklif olunur.
Baxmayaraq ki, NGCM proqramının müsabiqə hissəsinə buraxılıb, şirkət əvvəllər raket silahlarının hazırlanması ilə məşğul olmayıb. Ancaq təcrübənin olmaması ona məhdud vaxt çərçivəsində tapşırığın öhdəsindən gəlməyə mane olmayıb.
Layihədən sınaqlara keçilən yol
“BlueHalo” şirkəti NGCM proqramının müsabiqə hissəsinə “Freedom Eagle-1” (“Azadlıq qartalı-1”) işçi adı ilə layihə təqdim edib. O zaman bu, daha da inkişaf etdirilməli olan ilkin layihə idi. Şirkət, dövlət sifarişini aldıqdan sonra tammiqyaslı layihələndirmə işlərinə başlayıb.
2024-cü ilin yayında “BlueHalo” şirkəti gələcək raketin bəzi komponentlərinin hazırlanmasını başa çatdıraraq sınaqdan keçirməyə başlayıb.
Həmin ilin sentyabr ayının əvvəlində bərk yanacaqla işləyən bir neçə sınaq mühərrikinin sınaqları aparılıb. Digər əsas komponentlərin sınaqdan keçirilməsi də nəzərdə tutulmuşdu. Qeyd edilib ki, tammiqyaslı inkişafın başlanmasından ilk məmulatların sınaqdan keçirilməsinə cəmi 107 gün keçib.
Keçən ilin dekabrında şirkət orijinal döyüş hissəsinin keçirilən sınaqları barədə məlumat verib. Döyüş başlığı öz gücünü, qəlpələnmə, zərbə və nüfuzetmə təsiri və s. nümayiş etdirib. Döyüş hissəsi hesabat xüsusiyyətlərini təsdiqləyib və real raketdə istifadə oluna bilər.
16-18 yanvar 2025-ci ildə Arizona ştatındakı Yuma poliqonunda yeni raketin ilk uçuş sınaqlarına (Controlled Test Vehicle – CTV) start verilib. Bu tədbir üçün “Freedom Eagle-1” raketinin üç prototipi layihə variantında hazırlanmışdır. Amma ehtimal olunur ki, raket döyüş hissəsinin yamsılayıcısı ilə təchiz edilib. Buraxılış üçün avtomobil qoşqusuna əsaslanan sadə buraxma qurğusundan istifadə edilmişdir.
Sınaqların birinci mərhələsi çərçivəsində üç prototip raket buraxılışı həyata keçirilib. Bu sınaqlar mühərriklərin və əsas bort sistemlərinin işini yoxlamaq məqsədi daşıyırdı. Hava hədəflərindən istifadə edilməyib və uçuş müəyyən edilmiş proqrama uyğun davam edib. Hər üç raket ştat rejimində fəaliyyət göstərərək yerdən qalxmaq və idarə olunan uçuşu yerinə yetirmək qabiliyyətini nümayiş etdirib.
Maraqlıdır ki, “Freedom Eagle-1” raketinin ilk sınaq buraxılışları hələ yanvar ayında baş tutub, lakin onlar haqqında yalnız iki ay sonra məlumat verilib. Bunun niyə baş verdiyi məlum deyil. Ola bilsin ki, Pentaqon və ya yaradıcı şirkət PUA-larla mübarizə sahəsində uğurlarını müvəqqəti olaraq gizlətmək qərarına gəlib.
Hazırda “BlueHalo” şirkəti yanvar ayında keçirilən sınaqların nəticələrini təhlil edir və layihəni təkmilləşdirməyə davam edir. Yaxın gələcəkdə o, sınaq raketlərinin yeni partiyasını istehsal etməlidir. Sınaqların növbəti mərhələsinin bu ilin üçüncü rübündə keçirilməsi planlaşdırılır. Bu dəfə zenit idarə olunan raketlərin (ZİR) hava hədəflərinə tam miqyaslı buraxılışı gözlənilir.
Əgər “Freedom Eagle-1” layihəsi indiki templə irəliləməyə davam edərsə, Pentaqonun nikbin olmağa əsasları var. Tamamilə mümkündür ki, 2026-cı ilin sonuna qədər qalan bütün sınaqları başa çatdırmaq və yeni ZRK-ni silahlanmaya qəbul etmək üçün hazırlamaq mümkün olacaq. Bu, yaxın bir neçə il ərzində ABŞ Ordusunun kifayət qədər yeni PUA əleyhinə komplekslərə malik olmasını təmin edəcək.
Raketin texniki xüsusiyyətləri
“Freedom Eagle-1” raketi xüsusi olaraq 3-cü Qrup və yuxarıda olan daha böyük PUA-lara qarşı durmaq üçün nəzərdə tutulub. ABŞ Ordusu 3-cü Qrup PUA-ları çəkisi 24-600 kq (55-1320 funt) olan, 1000-5500 m (3500-18.000 fut) hündürlükdə uça bilən və 185-450 km/s (100-250 düyün) sürətə malik olaraq təyin edir.
Bu kimi təhlükələrə qalib gəlmək üçün “Freedom Eagle-1” raketinin cari sistemlərlə müqayisədə təkmilləşdirilmiş manevr qabiliyyəti, məsafəsi və sürətli buraxılış imkanları olması nəzərdə tutulur.
PUA-larla yanaşı, “Freedom Eagle-1” raketi müxtəlif digər “böyük hava təhdidlərini” məhv etmək, mövcud infrastruktur və komanda və idarəetmə (command and control – C2) sistemləri ilə inteqrasiya olunmaq üçün nəzərdə tutulub.
“Freedom Eagle-1” layihəsi “yer-hava” raketinin və onun üçün buraxma qurğularının yaradılmasını nəzərdə tutur. Müstəqil döyüş əməliyyatları üçün bütün vasitələrə malik tam hüquqlu ZRK-dən söhbət getmir. Ehtimal edilir ki, “Freedom Eagle-1” raketi mövcud HHM sistemlərinin bir hissəsi olacaq və kənar radiolokasiya stansiyalarından (RLS) alınan məlumatlar əsasında fəaliyyət göstərəcək.
Konstruktiv olaraq “Freedom Eagle-1” məmulatı tipik müasir ZİR-dır. Eyni zamanda, raketdə kiçik və mürəkkəb hədəflərlə mübarizə apararkən səmərəliliyin artırılmasına yönəlmiş müxtəlif həllər və ideyalardan istifadə olunduğu iddia edilir.
Raket silindrik gövdədə hazırlanıb və ucluq konusuna malikdir. Gövdə kiçik açılmalı və uzunluqlu X formalı qanadlarla təchiz olunub, quyruq hissəsində X formalı sükanlar yerləşdirilib. Daxili quruluş, yəqin ki, bu cür silahlar üçün ənənəvidir. Başlıq hissədə idarəetmə sistemləri, onun arxasında döyüş hissəsi, quyruq hissəsində isə bərk yanacaq mühərriki yerləşdirilib.
“Freedom Eagle-1” məmulatının qabarit ölçüləri və kütləsi naməlum olaraq qalır. Mövcud materiallara əsasən, raketin uzunluğunun 2-2,2 m-dən çox olmadığını güman etmək olar. Diametri isə 300 mm-ə qədərdir. Kütləni təxmin etmək hələ ki mümkün deyil.
Raket iki rejimli bərk yanacaq mühərrikinə malikdir. Birinci rejim start üçün nəzərdə tutulub, ikincisi isə maksimal sürətə qədər sürətləndirmək üçün istifadə olunur. Raketin uçuş məlumatları dəqiqləşdirilməyib. Güman etmək olar ki, o, səsdən iti sürəti inkişaf etdirir. Uçuş məsafəsi də naməlumdur.
“BlueHalo” şirkəti hələlik raketin idarəetmə sistemi ilə bağlı heç bir təfərrüat açıqlamayıb. Bununla belə, xarakterik ucluq konusları və kompleksin yerüstü elementlərinin tərkibi aktiv radiolokasiya özütuşlama başlığının istifadəsini göstərir.
Raketin döyüş hissəsi təmassız (kontaktsız) hədəf sensoru ilə qəlpəli-fuqas təsirlidir. Qəlpələrin hesabına o hava hədəfini zəmanətli məhv etməli və ya ona ciddi ziyan vurmalıdır.
Cari ilin yanvar ayında keçirilən sınaqlarda “Freedom Eagle 1” raketi yük maşınının qoşqusuna əsaslanan sadə yerüstü buraxma qurğusundan buraxılıb. Raket metal profildən yığılmış istiqamətləndiricilərin üzərinə yerləşdirilib. Eyni zamanda, qurğu raketi idarə etmək üçün bütün lazımi vasitələrlərlə təchiz olunub.
Reklam materiallarında, sifarişçilərə təklif olunacağı ehtimal olunan başqa bir qurğu da var. Bu, daşıyıcı texnikaya quraşdırmaq üçün nəzərdə tutulmuş tam hüquqlu döyüş moduludur. Buraya dörd daxili buraxma konteyneri, həmçinin optik-elektron sistem daxildir. Reklam çarxında ZRK-nin 8×8 təkər formullu “Stryker” zirehli transportyoruna əsaslanan belə qurğu ilə necə görünə biləcəyini göstərilib. Animatorlar həmçinin ZİR-in gəmidən buraxılışını nümayiş etdiriblər.
Şirkətin istehsala hazır raketləri tez bir zamanda istismara vermək ambisiyasına uyğun olaraq, bu günə qədər “Freedom Eagle-1” raketinin inkişafı sürətlə icra olunur.
Sadələşdirmə problemi
Sifarişçilərin və yaradıcıların fikrincə, “Freedom Eagle-1” raketi, eləcə də bütövlükdə kompleks sadə və ucuz olmalıdır. Bu, onun kütləvi istehsalını və açılmasını asanlaşdıracaq. Həmçinin kütləvi basqınların dəf edilməsi də daxil olmaqla, döyüş tətbiqi xərclərini də azaltmaq mümkün olacaq. Pilotsuz təhlükənin spesifik xarakteri iqtisadi göstəricilərə xüsusi diqqət yetirməyi tələb edir.
“BlueHalo” şirkəti yeni raketinin bütün tələblərə cavab verdiyini iddia edir, lakin bu qiymətləndirmələri bivaxt hesab etmək olar. Belə ki, “Freedom Eagle-1” məmulatı hələ də bütün lazımi sınaqlardan keçməyib və real xüsusiyyətlər səviyyəsini nümayiş etdirməyib. Raketlərin seriyalı istehsalının real dəyəri də məlum deyil. Qalan sınaqlar, hər şey plana uyğun getsə belə, ən azı bir il çəkəcək. Və yalnız bundan sonra nəticə çıxarmaq mümkün olacaq.
Yekun
ABŞ istehsalçısının yeni zenit raketi gündəlik baş verən hadisə deyil və bu, “Freedom Eagle-1” məmulatının ortaya çıxmasını özlüyündə diqqətəlayiq edir. Eyni zamanda, bu, ABŞ Ordusunun HHM və PUA-lara qarşı imkanlarını və potensialını kəskin şəkildə genişləndirmək üçün artan səylərinin göstəricisidir. “Freedom Eagle-1” raketinin də həmin gələcək ekosistemin bir hissəsi olub-olmayacağını zaman göstərəcək.
Əhəd Vahidoğlu