
STM şirkəti Avropada əməkdaşlıqlarını inkişaf etdirməyi hədəfləyir
Avropaya döyüş gəmiləri ixrac edən Türkiyənin dənizdəki mühəndislik gücü STM şirkəti 8-10 aprel tarixlərində Xorvatiyada keçiriləcək ASDA-2025 sərgisində milli döyüş gəmilərini və taktiki mini PUA sistemlərini nümayiş etdirəcək.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, şirkət, ASDA-2025-də baş podratçısı olduğu və Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verdiyi ölkənin ilk milli freqatı MİLGEM “İstif” (“İ”) sinifli “TCG İstanbul”u (F-515) sərgiləyəcək.
STM tərəfindən bu günə qədər Türkiyə Hərbi Dəniz Qüvvələrinə dörd ədəd təhvil verilən “Ada” sinifli korvet, ölkənin xüsusi əməliyyat və hücum məqsədli ilk milli sualtı qayıq dizaynı STM500, insansız avtonom sualtı vasitə STM NETA da ASDA-2025 sərgisində təqdim olunacaq.
Taktiki mini pilotsuz uçuş aparatları sahəsində Türkiyə və dünyada qabaqcıl sistemlər inkişaf etdirən STM, üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac edilən Türkiyənin ilk milli zərbə PUA-sı KARGU-nu piyada əleyhinə və zireh dələn döyüş başlıqları ilə ziyarətçilərə nümayiş etdirəcək. Həmçinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən, terrorla mübarizədə fəal istifadə olunan və ixracat uğuru əldə edən TOGAN müşahidə-kəşfiyyat PUA-sı və sursat buraxan BOYGA PUA-sı da Adriatik bölgəsində sərgilənəcək.
Sərgi ilə bağlı fikirlərini bölüşən STM şirkətinin baş direktoru Özgür Güleryüz, Türkiyənin hərbi dənizçilik sahəsində mühəndis həllərinə qlobal miqyasda üstünlük verildiyini bildirib.
“STM olaraq, sahib olduğumuz mühəndislik gücümüzlə Avropadan Asiya-Sakit Okean regionuna qədər uzanan coğrafiyada donanmaların etibarlı tərəfdaşıyıq. NATO və Aİ üzvü olan Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün hazırlayacağımız logistik dəstək gəmisinin ixracı Avropaya böyük səs saldı. Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşasına davam etdiyimiz iki ədəd korvet ilə Avropaya ilk korvet ixracımıza, Malayziya Hərbi Dəniz Qüvvələri üçün “Ada” sinif dizaynı əsasında hazırladığımız üç korvet ilə də Asiya-Sakit Okean regionuna ilk korvet ixracına imza atdıq.
Bu uğurların təzahürü olaraq, Adriatik regionunun mühüm müdafiə tədbiri olan ASDA 2025 sərgisində müharibə şəraitində özünü təsdiq etmiş və üç fərqli qitəyə ixrac edilən müasir dəniz platformalarımızı və taktiki mini PUA sistemlərimizi tanıtmaqla Avropada əməkdaşlığımızı daha da inkişaf etdirməyi və ixracımızı davam etdirməyi hədəfləyirik”, – deyə Ö.Güleryüz qeyd edib.