SIPRI: Kosmosda hərbiləşmə və silahlanma yarışı riski artır – HESABAT

Son 10 ildə iqtisadi, elmi və hərbi məqsədlərlə kosmik fəaliyyət həyata keçirən dövlətlərin sayı əhəmiyyətli dərəcədə artıb, daha çox ölkə milli və regional kosmik siyasətlər qəbul edib.
“Poliqon” xəbər verir ki, bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yayımladığı hesabatda öz əksini tapıb.
Bildirilib ki, kosmosdan kosmik dövrün başlanğıcından etibarən hərbi məqsədlərlə istifadə olunsa da, hazırkı geosiyasi gərginlik və bu sahədə artan rəqabət kosmik sistemlər üçün təhlükələri artırır. Xüsusilə, mülki kosmik fəaliyyətlərin genişlənməsi və cəmiyyətlərin kosmik sistemlərdən asılılığının artması fonunda “kosmosa qarşı” imkanlara marağın yüksəlməsi ciddi narahatlıq doğurur.
Kosmosdan hərbi məqsədlər üçün istifadə
2025-ci ildə bir sıra dövlətlər yeni hərbi kosmik imkanların yaradılması istiqamətində fəaliyyətlərini sürətləndiriblər. Milli kosmik imkanların inkişafı istiqamətində bu tendensiya Çin, ABŞ və Avropada kosmik təhlükəsizliyi prioritet hesab edən yeni milli və regional siyasətlərlə üst-üstə düşür. ABŞ-da qəbul olunan yeni siyasətlərə kosmos əsaslı tutucu sistemlərə investisiya qoyuluşu, “kosmik müharibə” konsepsiyasının inkişafı və kosmosda üstünlüyünün təmin edilməsi istiqamətində addımlar daxildir.
Kosmos mövzusu Çinin 2025-ci ildə dərc etdiyi silahlara nəzarət, tərksilah və yayılmama üzrə Ağ Kitabında da mühüm yer tutub. Fransa, Almaniya və Böyük Britaniya kosmosa qarşı imkanlara investisiyaları nəzərdə tutan yeni milli strategiyalar qəbul ediblər. Avropa İttifaqı isə kosmosa müstəqil çıxışın təmin edilməsi və Avropa kosmik sənayesinin genişləndirilməsi məqsədilə yeni qanunvericilik təşəbbüsü – Aİ Kosmos Aktı (EU Space Act) layihəsini təqdim edib. Avropanın müstəqil kosmik imkanlarını inkişaf etdirmək səyləri transatlantik münasibətlərdə artan qeyri-müəyyənlik və Rusiyadan qaynaqlanan təhlükə qavrayışı ilə əlaqələndirilir.
ABŞ-ın “Golden Dome” proqramı
2025-ci ildə ABŞ tərkibində kosmos əsaslı tutucu sistemlərin də yer aldığı “Golden Dome” (“Qızıl Qübbə”) çoxqatlı raketdən müdafiə layihəsini təqdim edib. Həmin il açıqlanan qiymətləndirmələrə əsasən layihənin ümumi dəyəri Ağ Evin hesablamalarına görə 175 milyard ABŞ dolları, müstəqil proqnozlara görə isə 500 milyard ABŞ dollarından çox ola bilər. Layihənin həyata keçirilməsi ciddi texniki maneələrlə üzləşəcək.
Ekspertlər hesab edirlər ki, sistem daxil olan raketlərə qarşı etibarlı müdafiə təmin etməkdə çətinlik çəkə bilər. Eyni zamanda, ABŞ-ın bu addımı strateji sabitliyi zəiflədərək kosmosda yeni silahlanma yarışına təkan verə bilər.
Kosmik təhlükəsizlik üzrə çoxtərəfli müzakirələr
Kosmosun idarə olunması ilə bağlı çoxtərəfli müzakirələr onilliklərdir davam etsə də, bu sahədə irəliləyiş ləng gedir. BMT çərçivəsində kosmik təhlükəsizlik üzrə aparılan danışıqlarda 2025-ci ildə də ciddi irəliləyiş əldə olunmayıb. Aprel ayında BMT-nin Kosmosda Silahlanma Yarışının Qarşısının Alınması (PAROS) üzrə Açıq Tərkibli İşçi Qrupunun ilk sessiyası əsasən prosedur məsələləri ətrafında müzakirələrlə yadda qalıb. İyul ayında keçirilən ikinci sessiyada isə nəhayət mahiyyət üzrə müzakirələrə başlanılıb.
Eyni zamanda, BMT Baş Assambleyasının Birinci Komitəsində gərginlik daha da artıb. ABŞ və İsrail kosmik təhlükəsizliklə bağlı əsas BMT qətnamələrinə, xüsusilə hər il qəbul edilən PAROS qətnaməsinə qarşı çıxıblar. Bununla belə, Çin və Avropa dövlətləri də daxil olmaqla əsas aktorlar arasında dialoq vasitəsilə kosmosda risklərin azaldılması üçün imkanlar qalmaqdadır. Çin 2025-ci il Ağ Kitabında çoxtərəfli kosmik təhlükəsizlik idarəçiliyində iştirak etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Avropa, Çin və digər dövlətlər arasında kosmik təhlükəsizlik sahəsində terminologiya və anlayışlara dair ortaq yanaşmaların formalaşdırılması üçün bir sıra imkanlar mövcuddur. Bu isə kosmik mühitdə yanlış qavrayış, anlaşılmazlıq və yanlış hesablamalardan irəli gələn risklərin azaldılmasına kömək edə bilər.




