
ABŞ mərkəzli “Sikorsky” şirkətinin (“Lockheed Martin”in tərkibinə daxildir) hazırladığı MATRIX avtonom idarəetmə texnologiyası S-70UAS “U-Hawk” pilotsuz helikopteri də daxil olmaqla 20-dən çox aviasiya vasitəsinə inteqrasiya edilib.
“Poliqon” xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.
Şirkətin bildirdiyinə görə, MATRIX sistemi süni intellekt və müxtəlif sensorlardan əldə edilən dataları birləşdirərək uçuş zamanı real vaxt rejimində ətraf mühit və missiya haqqında məlumat formalaşdırır. Bu, operatora hava platformasını əl ilə idarə etmək əvəzinə əsas diqqəti missiyanın gedişinə və vacib qərarlara yönəltməyə imkan verir.
Sistem kameralar, sensorlar və xüsusi alqoritmlər vasitəsilə uçuş marşrutunu avtomatik müəyyənləşdirir və “fly-by-wire” idarəetmə sisteminə malik hava platformasının təyinat nöqtəsinə təhlükəsiz şəkildə çatmasını təmin edir. Bununla da pilotun iş yükü azalır və ekipaj üçün riskli olan missiyaların həyata keçirilməsi mümkün olur.
MATRIX ilə təchiz olunan müxtəlif hava platformaları eyni idarəetmə interfeysi vasitəsilə idarə oluna bilir. Bu isə operatora bir neçə toxunuşla müxtəlif platformaları idarə etmək imkanı yaradır. Sistem əsasən axtarış-xilasetmə, yanğınsöndürmə və təbii fəlakətlər zamanı yardım missiyalarında istifadə üçün nəzərdə tutulub.





