HavaXəbərlər

Ermənistan Prezidenti Çexiyanın L-39 “Skyfox” təlim-döyüş təyyarəsi ilə tanış olub

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Çexiyaya rəsmi səfəri çərçivəsində “Aero Vodochody” şirkətini ziyarət edib.

Bu barədə “Poliqon” “Aero Vodochody” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, “Aero Vodochody”nin istehsalat müəssisələri ilə tanış olan Ermənistan Prezidentinə şirkət tərəfindən istehsal olunan L-39 “Skyfox” (L-39NG) təyyarəsi təqdim edilib.

L-39 “Skyfox” yeni nəsil təlim-döyüş təyyarəsi olmaqla, pilotların hazırlanması, taktiki dəstək və kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Təyyarə öz sinfində səmərəli platformalardan biri hesab olunur və NATO ilə Avropa İttifaqının standartlarına uyğun sertifikatlaşdırılıb.

Müasir avionika sistemləri, reaktiv mühərrik və yüksək uçuş göstəricilərini özündə birləşdirən L-39 “Skyfox” 4-cü və 5-ci nəsil döyüş təyyarələri üçün pilotların hazırlanmasında, həmçinin kəşfiyyat və quru qoşunları ilə koordinasiyalı taktiki əməliyyatların icrasında istifadə oluna bilər.

L-39 “Skyfox”un boş çəkisi 3280 kq, maksimal qalxma kütləsi isə 5600 kq-dır. İstehsalçı tərəfindən təyyarənin xidmət müddəti 15 000 uçuş saatı olaraq müəyyən edilib. 1350 kq-a qədər faydalı yük daşıya bilən “Skyfox”un maksimal sürəti 907 km/saat, daxili yanacaqla maksimal uçuş məsafəsi isə 1900 km təşkil edir. Təyyarə havada fasiləsiz olaraq 3 saat 45 dəqiqə qala bilir.

L-39 “Skyfox”un uzunluğu 11,83 metr, qanad açıqlığı 9,38 metr, hündürlüyü isə 4,87 metrdir.

Qeyd edək ki, Çexiya L-39 “Skyfox” təlim-döyüş təyyarəsini Azərbaycana da təklif edir. Bu barədə 2026-cı ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində Çexiyanın Baş naziri Andrey Babiş məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında çıxışı zamanı bildirib: “Əlbəttə, biz yeni L-39NG təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq”.

HRX7HaIWkAIyvM0 scaled

Back to top button