HavaXəbərlər

“Akıncı” PUA-dan LGK-82 və GÖZDE tuşlama dəstlərinin atış sınağı keçirilib – VİDEO

Türkiyədə “Akıncı” pilotsuz uçuş aparatından (PUA) LGK-82 və GÖZDE tuşlama dəstlərinin sınaq atışları həyata keçirilib.

“Poliqon” “Baykar” şirkətinə istinadən xəbər verir ki, sınaq zamanı LGK-82 ilə zirehli sabit hədəf, GÖZDE ilə isə uzaqdan idarə olunan hərəkətli nəqliyyat vasitəsi hədəfə alınıb.

Bildirilib ki, sınaq çərçivəsində müəyyən edilmiş hər iki hədəf tam dəqiqliklə vurulub.

LGK-82 ASELSAN tərəfindən hazırlanmış lazer tuşlama dəstidir. Sistem 500 funtluq sinfə aid MK-82, həmçinin 250 kq sinifli OFAB-250T və QFAB-250 LG aviasiya bombalarını yüksək dəqiqlikli idarə olunan sursatlara çevirir.

Yarımaktiv lazer axtarıcı başlıq, idarəetmə bloku və arxa quyruq hissəsindən ibarət LGK-82 lazerlə işarələnmiş sabit və hərəkətli hədəflərə qarşı istifadə olunur. Sistem yüksək dəqiqliklə zərbə endirmə, daha az əlavə zərər və atışdan sonra yenidən hədəfləmə imkanlarına malikdir.

LGK-82 döyüş təyyarələrindən buraxıldıqda 12 km, PUA-lardan buraxıldıqda isə 4,6 km-ə qədər əməliyyat məsafəsinə malikdir. 10 metrdən az sapma (CEP) göstəricisinə malik tuşlama dəsti, gecə və gündüz istifadə oluna bilir. O, F-4, F-15, F-16, Su-25, “Akıncı”, “Hürkuş”, “Aksungur” və ANKA III platformaları tərəfindən istifadə edilə bilir.

GÖZDE TÜBİTAK SAGE tərəfindən hazırlanmış və ASELSAN tərəfindən istehsal olunan yeni nəsil tuşlama dəstidir. O, mövcud MK-82 ümumi təyinatlı aviasiya bombalarını ANS, KKS və lazer axtarıcı başlıq vasitəsilə idarə olunan ağıllı sursatlara çevirir. GÖZDE, xüsusilə yüksək sürətlə hərəkət edən hədəflərə qarşı dəqiq zərbə imkanına malikdir.

Sistem lazer/ANS/KKS, lazer/ANS, ANS/KKS və yalnız ANS olmaqla müxtəlif tuşlama rejimlərini dəstəkləyir. Yüksək hündürlükdən buraxıldıqda GÖZDE-nin döyüş təyyarələri üçün 15 dəniz mili (təxminən 28 km), PUA-lar üçün isə 8 dəniz mili (təxminən 15 km) tətbiq məsafəsi var.

Lazer tuşlaması rejimində GÖZDE sabit hədəflər üçün 3 metrdən, hərəkətli hədəflər üçün isə 10 metrdən aşağı CEP göstəricisinə nail olur. Sistem saatda 50 km-dən yüksək sürətlə hərəkət edən hədəflərə qarşı istifadə edilə bilir.

GÖZDE-nin “Akıncı”, F-16 PO-III və F-4E/2020 platformaları üçün sertifikatlaşdırıldığı bildirilir. Sistem 27 fevral 2025-ci ildə keçirilən sınaq zamanı 80 km/saat sürətlə hərəkət edən nəqliyyat vasitəsini tam dəqiqliklə vuraraq hərəkətli hədəflərə qarşı imkanlarını nümayiş etdirib.

s22

Back to top button