
Braziliyanın “Embraer” və İsveçin “Saab” şirkətləri Braziliyada əlavə “Gripen” qırıcılarının istehsalını nəzərdə tutan niyyət sazişi imzalayıblar.
“Poliqon” xəbər verir ki, bu barədə “Embraer” şirkəti məlumat yayıb.
Bildirilib ki, bu saziş Braziliyanın San-Paulu ştatının Gavião Peixoto şəhərində yerləşən “Embraer” sənaye kompleksində əlavə 20 ədəd “Gripen” döyüş təyyarəsinin potensial istehsalı üçün hüquqi çərçivə yaradır.
Razılaşmaya əsasən, “Embraer” sözügedən təyyarələrin son yığım işlərini həyata keçirəcək. Bu istehsal İsveçin Linköpinq şəhərində yerləşən Saab şirkətinin son yığım xəttini tamamlayacaq və “Gripen” qırıcılarına artan qlobal tələbatın qarşılanmasına dəstək verəcək.
Eyni zamanda, bu addım qlobal inteqrasiya olunmuş istehsal modeli çərçivəsində “Gripen” qırıcılarının istehsal və çatdırılma imkanlarını artıracaq, gələcək sifarişçilərin tələblərinə daha çevik şəkildə cavab verməyə şərait yaradacaq.





