DənizXəbərlər

Azərbaycanda birgə istehsal olunan SALVO və KAYRA İDA-ları Prezidentə təqdim edilib

Azərbaycanın “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin DEARSAN şirkəti tərəfindən yaradılmış birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə suüstü insansız dəniz aparatları (İDA) istehsal edilir.

“Poliqon” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrinə (HDQ) ziyarəti çərçivəsində birgə istehsalat sahəsində hazırlanan SALVO silahlı İDA-ları və KAYRA kamikadze İDA-larının təyinatı, eləcə də taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Daha sonra dövlət başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar. Ardınca burada istehsal olunan insansız dəniz aparatlarının praktiki sınaqları keçirilib.

SALVO və KAYRA DEARSAN şirkəti tərəfindən inkişaf etdirilən suüstü insansız dəniz aparatlarıdır. SALVO silahlı İDA-nın ümumi uzunluğu 14,79 metr, eni isə 3,85 metrdir. Maksimal sürəti 35 düyündən çox olan SALVO 400 dəniz mili məsafə qət edə bilir və alüminium gövdəyə malikdir.

SALVO İDA-nın əsas təyinatlarına suüstü döyüş, asimmetrik təhdidlərə qarşı mübarizə, sahil mühafizəsi, sahilyanı və dayaz sularda əməliyyatların həyata keçirilməsi, qaçaqmalçılıq və narkotik ticarəti ilə mübarizə, müşahidə və önləmə, axtarış-xilasetmə əməliyyatlarına dəstək, eləcə də dəniz sərhədlərinin patrulu daxildir.

Ümumi uzunluğu 7,6 metr, eni isə 2,60 metr olan KAYRA kamikadze İDA-nın maksimal sürəti 60 düyündən çoxdur. İDA 300 dəniz mili məsafə qət edə bilir və kompozit materialdan hazırlanmış gövdəyə malikdir.

KAYRA kəşfiyyat, müşahidə və məlumat toplama, suüstü hədəflərin, o cümlədən düşmən gəmiləri və patrul katerlərinin aşkar edilməsi, onlara hücum və məhv edilməsi üçün nəzərdə tutulub. İDA-dan həmçinin dəniz bazalarına, limanlara və kritik sahilyanı obyektlərə hücumların həyata keçirilməsi, strateji dəniz ərazilərində girişin qarşısının alınması və əraziyə nəzarət əməliyyatlarının aparılması məqsədilə istifadə edilməsi planlaşdırılır.

KAYRA asimmetrik döyüş əməliyyatlarında, hücum və sabotaj katerlərinə qarşı mübarizədə, eləcə də düşmənin dəniz logistika və təchizat xətlərinin pozulması məqsədilə də tətbiq oluna bilər.

Qeyd edək ki, SALVO İDA Azərbaycan HDQ-nin istifadəsində ilk dəfə 2025-ci ilin avqust ayında keçirilən “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim zamanı görüntülənib. KAYRA İDA isə 2025-ci il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan HDQ-nin silahlanmasında ilk dəfə ictimaiyyətə təqdim olunub.

Back to top button