
Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) əməliyyat təcrübəsi (OPEX – Operational Experimentation) çərçivəsində İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin “Naval LORA” ballistik raketi ilə atış sınağı həyata keçirib.
“Poliqon” IAI-yə istinadən xəbər verir ki, sınaq zamanı gəmidən buraxılan raketlər hər iki ssenaridə müəyyən edilmiş trayektoriya üzrə hədəfə doğru uçaraq onu yüksək dəqiqliklə vurub.
Qeyd edilib ki, həm silah sistemi, həm də raket qarşıya qoyulmuş sınaq məqsədlərinin hamısını uğurla yerinə yetirib.
“Naval LORA” döyüş şəraitində sınaqdan keçirilmiş və əməliyyat istifadəsi üzrə təcrübə toplamış silah sistemidir. Sistem xüsusi dəniz buraxılış qurğusu konfiqurasiyası vasitəsilə “dənizdən sahilə” və “dənizdən dənizə” zərbələr endirməyə imkan verən dəqiq zərbə imkanını təmin edir. Sistem uzaqmənzilli ballistik raket, unikal buraxılış qurğusu və komanda-idarəetmə sistemindən ibarətdir.





