
Braziliyanın “Embraer” və ABŞ-ın “Anduril” şirkətləri “Barracuda-500M” (B-500M) uzaqmənzilli qanadlı raketinin C-390 “Millennium” hərbi nəqliyyat təyyarəsinə inteqrasiyası istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
“Poliqon” “Embraer”ə xəbər verir ki, memorandum C-390 “Millennium” təyyarəsinin əməliyyat imkanlarının genişləndirilməsini və onun müasir döyüş əməliyyatları üçün daha çevik çoxməqsədli platformaya çevrilməsini nəzərdə tutur.
“Anduril” şirkəti “Barracuda-500M”i ABŞ və müttəfiq ölkələrin sursat ehtiyatlarının sürətlə artırılması məqsədilə hazırlanmış, münasib qiymətə və kütləvi istehsal edilə bilən uzaqmənzilli qanadlı raket kimi təqdim edir. Raketin paletdən buraxılan variantı hərbi nəqliyyat təyyarələrinə eyni vaxtda onlarla raket buraxmaq imkanı yaradaraq genişmiqyaslı və iqtisadi cəhətdən səmərəli döyüş əməliyyatlarının həyata keçirilməsinə şərait yaradır.
Şirkətlərin bildirdiyinə görə, əməkdaşlıq C-390 “Millennium”un çoxməqsədli platforma və qüvvə multiplikatoru kimi imkanlarını daha da artıracaq. Layihə ABŞ və müttəfiq ölkələrin silahlı qüvvələrinin tələblərinə uyğun olaraq qarşılıqlı fəaliyyətin və missiya effektivliyinin yüksəldilməsinə xidmət edəcək.




