DənizXəbərlər

ABŞ-ın yeni nüvə enerjili döyüş gəmisi proqramı 275 milyard dollara başa gələ bilər

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Trump” sinifli yeni nüvə enerjili döyüş gəmilərinin (BBGN) inşası proqramının ümumi dəyərinin 275 milyard dollara çatacağı proqnozlaşdırılır.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisinin dərc etdiyi hesabatda bildirilib.

Hesabata görə, 2027-2056-cı illəri əhatə edən proqramın ümumi dəyəri 2026-cı ilin qiymətləri ilə təxminən 275 milyard ABŞ dolları təşkil edəcək. Proqram çərçivəsində inşa ediləcək ilk nüvə enerjili döyüş gəmisinin dəyəri təxminən 23 milyard dollar olacaq. 2056-cı ilə qədər alınması planlaşdırılan ümumilikdə 15 ədəd döyüş gəmisinin orta dəyərinin isə hər biri üçün 18 milyard dollardan bir qədər çox olacağı gözlənilir.

Qiymətləndirmələrə əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin 2027-ci il gəmiqayırma planı 2025-ci ilin planı ilə müqayisədə iri suüstü döyüş gəmilərinin tədarükünü əhəmiyyətli dərəcədə artırmağı nəzərdə tutur. Bu səbəbdən həmin kateqoriyaya aid gəmilərin alınması üçün tələb olunan orta illik maliyyə vəsaitinin təxminən 11 milyard dollardan 19 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda vurğulanır ki, 2035-ci ilə qədər gəmiqayırma müəssisələrinin istehsal etməli olduğu iri suüstü döyüş gəmilərinin subasımı iki dəfədən çox artacaq. Ümumilikdə, iri suüstü döyüş gəmilərinin subasımının 60 faiz artacağı, kiçik suüstü döyüş gəmilərinin isə təxminən 40 faiz azalacağı gözlənilir.

Qeyd olunub ki, iri suüstü döyüş gəmilərinin inşa həcminin bu qədər artırılması ABŞ gəmiqayırma sənayesi üçün ciddi istehsal və sənaye çağırışları yarada bilər.

Back to top button