AnalizXəbərlər

ABŞ-ın yeni pilotsuz “Autonomous Volcano” minalama sistemi – TƏHLİL

ABŞ Müharibə Nazirliyi Mühəndis Qoşunları üçün pilotsuz və heyətsiz sistemləri mənimsəyir. Bu səylərin nəticələrindən biri də “Autonomous Volcano” minalama sistemidir.

“Poliqon”un məlumatına görə, “Autonomous Volcano” layihəsi Böyük Britaniya ilə birgə hazırlanır.

Bu birgə səylər inteqrasiya olunmuş çəkindirmə konsepsiyası ilə birbaşa uzlaşır. Bu sahədə ABŞ-Böyük Britaniya tərəfdaşlığı müttəfiqlər arasında sorunsuz qarşılıqlı fəaliyyəti və birgə tədqiqat və inkişaf təmin edir, birgə koalisiya mövqeyini gücləndirir.

Maşın avtomatik olaraq ərazini minalayır və düşmənin yoluna maneələr qoyur. Prototip olaraq hazırlanmış sistem hazırda sahə sınaqlarından keçir. Sistem istehkam qoşunlarının canlı qüvvəsinin həyatını riskə atmadan böyük mina sahələrinin sürətli şəkildə yaradılması üçün nəzərdə tutulub.

ABŞ Ordusunun artıq məlum olan bir neçə məsafədən idarə olunan minalama sistemi var. Onlar piyada əleyhinə və ya tank əleyhinə maneələr qoyurlar. Bu yaxınlarda sözügedən sistemlərin müasir pilotsuz texnologiya ilə təkmilləşdirilməsi təklifi irəli sürülüb. Buna əsasən, tapşırıq Quru Qoşunlarının bir neçə ixtisaslaşmış təşkilatına həvalə olunmuş və hazır inkişafları olan kommersiya şirkətləri də bu işə cəlb edilmişdir. Layihəyə “Autonomous Volcano” adı verilmişdir ki, bu ad birbaşa iki şeyə aiddir: heyətin olmamasına (“Avtonom”) və əsas komponent olan “Vulcano” minalama sisteminə.

M139 “Volcano” minalama sistemi 1980-ci illərdə, Soyuq Müharibənin son illərində hazırlanıb və yüksək mobillikli təkmilləşdirilmiş ağır taktiki yük maşınına (Heavy Expanded Mobility Tactical Truck – HEMTT) quraşdırılmış “Volcano” sursat sistemidir. Qeyd edildiyi kimi, “Vulcano” minalama sistemi Soyuq Müharibə dövrünə gedib çıxır, lakin Şərqi Avropadakı gərginlik yeni ixrac mərhələsi üçün fürsətlər açıb.

ABŞ Ordusunun mətbuata verdiyi açıqlamada deyilir ki: “Tək bir əməliyyatda 960 mina qurmaq qabiliyyəti ilə “Volcano” sistemi ərazi dəyişdirilməsi əməliyyatlarında çeviklik və effektivlik təmin edir və bu da onu həm ABŞ Ordusu, həm də beynəlxalq tərəfdaşları üçün vacib bir vasitəyə çevirir”.

Sistem, 2026-cı ilin yazında avtonom idarəetmə sisteminə malik beş oxlu (10×10 təkər formullu) Oshkosh PLS A1 (Palletized Load System) yük maşını bazasında yığılmışdır. Ərazini məsadən minalama işlərinə M139 “Volcano” konteyner quruluşa sahib minalama sistemi cavabdehdir.

Bu sistem avtonom By-Wire/Active Safety Kit sistemi tərəfindən idarə olunur. Cari ilin may ayının ortalarında keçirilən sınaqlar zamanı sınaq nümunəsi əsas imkanları: ərazidə hərəkət, minaların hazırlanması və atılmasını nümayiş etdirmiş, avtonom idarəetmə sistemi bu tapşırıqların öhdəsindən uğurla gəlmişdir.

20-29 iyul 2026-cı il tarixlərində keçirilən genişmiqyaslı Convergence Capstone 6 (PC-C6) sınaqları zamanı iştirakçı şəxsi heyət yüzə yaxın yeni avtonom hərbi texnika nümunəsu ilə tanış olmuş və onları poliqonda sınaqdan keçirmişdir. Onların arasında “Autonomous Volcano” da yer almışdı. Onlar müxtəlif ölçülü və sıxlıqlı ərazilərdə mina yerləşdirməyi məşq edərək nizami birləşmədə tammiqyaslı istismarı simulyasiya etmişdilər.

Qeyd etmək lazımdır  ki, Convergence Capstone 6 təliminin özü Növbəti Nəsil Komandanlıq və İdarəetmə (Next Generation Command and Control – NGC2) modernləşdirmə proqramının əsas epizodlarından biridir. O, rabitə və kəşfiyyatdan tutmuş avtonom yerüstü platformalara qədər yüzdən çox qabaqcıl sistemin inteqrasiyasını sınaqdan keçirir. Bu arxitektura daxilində “Autonomous Volcano” yeni nəsil komponent – idarə olunan mühəndis maneələri mövqeyini tutur. Sistem, vahid rəqəmsal şəbəkədən tapşırıqları qəbul edir və yaradılan maneələr haqqında məlumatları ümumi taktiki mənzərəyə (Common Operating Picture) ötürür. Layihə Pentaqonun ümumi trendinə uyğundur: avtonom maşınlar mühəndislik avadanlıqlarının təcrid olunmuş nümunələri kimi deyil, şəbəkə qruplarının tərkib hissəsi kimi fəaliyyət göstərir.

Xarici KİV-in məlumatlarına görə, hələlik, məsafədən minalama sistemi sınaq nümunə olaraq qalır. Növbəti yoxlama və sınaq istismarı qabaqdadır və onların nəticələri sistemin taleyini müəyyən edəcək. Proqram iştirakçıları layihəni artıq əsas konsepsiya mərhələsində müsbət qiymətləndirdiklərini bildirirlər.

“Autonomous Volcano” minalama sistemi yeni ideyaları sınaqdan keçirmək və onların praktikada necə işlədiyini görmək üçün yaradılmışdır. Buna görə də yanaşma belə idi ki, sistem sıfırdan mürəkkəb bir şey inkişaf etdirmədən, hazır və asanlıqla əldə edilə bilən komponentlərdən qurulmalıdır. Buna görə də, baza HEMTT ilə yaxın ağır yük maşınları ailəsindən olan standart PLS A1 hərbi yük maşını seçilmişdir. Beş oxlu platforma konteynerlər üçün yük sahəsinə və onları yükləmək üçün multikrana malikdir. Şassi universal ISO konteynerlərinin daşınması üçün uyğunlaşdırılıb. Mövcud məlumatlara görə, əsas komponentlər dəyişdirilmədiyi üçün xüsusiyyətlər eyni qalıb.

Yük maşını ABŞ-nin “Forterra Systems” şirkətinin avtonom idarəetmə sistemi ilə təchiz olunub. Buraya bir neçə videokamera, lidarlar, naviqasiya cihazları, mərkəzi kompüter və rabitə avadanlığı daxildir. Maşının idarəetmə elementlərini işlətmək üçün bir sıra icraçı mexanizmlər də quraşdırılıb. Forterra sistemi, ərazini nəzərə alaraq, maşını avtomatik olaraq əvvəlcədən müəyyən edilmiş marşrut üzrə istiqamətləndirir, operator əmrlərini yerinə yetirir, eyni zamanda faydalı yükü idarə edir və ona məlumat ötürür.

Mina hissəsi komponenti uzun müddətdir ki, sürətli mina sahəsi qurma üçün pilotlu yük maşınlarına və helikopterlərə quraşdırılmış standart M139 “Volcano” minasına əsaslanır. Standart konfiqurasiyada heyət kabinada oturur, yəni yüksək riskli ərazidədir. Avtonom versiya eyni döyüş dəstini və mina sahəsi parametrlərini saxlayır, lakin heyət üzvlərinin maşında olmaması halında eyni tapşırığı yerinə yetirir. O, tapşırığı həmçinin heyətin mövcudluğunun qəbuledilməz hesab edildiyi ərazilərdə: düşmən atəşi altında və ya dəqiq silahların təhdidi altında da yerinə yetirməyə imkan verir. “Autonomous Volcano” mina sahəsinin xətti xüsusiyyətləri baxımından standart “Volcano” sistemindən daha yaxşı nəticə göstərmir, lakin mühəndis bölmələri üçün risk profilini kökündən dəyişdirir.

Maşının açıq platformasına hər birində bir cüt “Volcano” dispenseri olan iki buraxma qurğusu quraşdırılıb. Buraxma qurğuları üfiqə bucaq altında, müxtəlif istiqamətlərə baxaraq yerləşdirilib və fırlana bilmir. Tələb olunan sektor maşının özünü manevr etməklə əldə edilir. Platformada həmçinin “Volcano” sisteminin idarəetmə bloku quraşdırılıb. Hər bir “Volcano” dispenseri 40 mina kaseti saxlayan düzbucaqlı qurğudur. “Volcano” müxtəlif atımlı standartlaşdırılmış M87 kasetlərindən istifadə edir. Bəzi kasetlər beş tank əleyhinə mina və bir piyada əleyhinə mina daşıyır, M87A1 variantı isə altı tank əleyhinə mina daşıyır. Daxildə həmçinin tullayıcı atım və köməkçi qurğular da var. Kasetlərin ölçüləri və çəkisi standartlaşdırılıb, buna görə də hər bir dispenser tam 40 ədəd tuta bilər. İkinci dərəcəli texniki rəylərə görə, bu kasetlərin uzunluğu təxminən 610 mm, diametri təxminən 127 mm və çəkisi 14 kq-dan çox deyil. Dörd dispenseri olan iki buraxma qurğusu 160 kaset tutumuna malikdir və M87A1 variantı ilə yükləndikdə (hər kaset üçün altı mina), ümumi döyüş dəsti 960 minaya çatır.

Buraxılış elektron blok tərəfindən idarə olunur. Blok, mina sıxlığını, sahənin ölçüsünü və özünü məhvetmə vaxtını təyin edir. “Autonomous Volcano” minalama sistemində bu blok digər sistemlərlə inteqrasiya olunub. Hərəkət zamanı daşıyıcı ardıcıl olaraq kasetlərin içindəkiləri atəş edir. Standart sıxlıqda yaranan partlayıcı (mina) maneənin eni 100-120 metr, uzunluğu isə 1000-1100 metrdir. Bir maşın təxminən 32 akr (təxminən 13 hektar) ərazini mina ilə örtmək qabiliyyətinə malikdir və bu zaman 960-a qədər mina istifadə edilə bilər. Minaların ömür müddəti əvvəlcədən müəyyən edilir: tipik özünü məhvetmə intervalları təxminən 4 saat, 48 saat və ya 15 gündür.

İdarəetmə sistemi avtomatik olaraq mina xəritəsi yaradır və öz qoşunlarının partlamasının qarşısını almaq üçün onu yuxarı komanda məntəqəsinə ötürür. Lakin öz qoşunlarının təhlükəsizliyi bu cür qeydlərin aparılmasının yeganə səbəbi deyil. Avtonom və ya məsafədən mina qoyulması yerləşdirilmiş sursatların uçota alınmasının, onların istifadəsi üçün məsuliyyətin və minaların sonrakı təmizlənməsinin zərurətini artırır. Dəqiq rəqəmsal xəritə öz bölmələri üçün təhlükəsiz marşrutların yaradılmasına imkan verir, həmçinin ərazinin təmizlənməsi və beynəlxalq mina öhdəliklərinə riayət olunmasının təmin edilməsi üçün əsas rolunu oynayır.

Lazımi ərazilərdə tez bir zamanda mina sahələri qurmaq üçün “Autonomous Volcano” kimi özüyeriyən minalama sistemlərinə ehtiyac böyükdür. Belə ki, minalar yerə səpələnərək düşmənin manevrlərini məhdudlaşdıran və itki verən bir maneə yaradır. Lakin bu cür texnikaların öz riskləri var. Minaların qəfil və effektiv şəkildə atılması üçün minalayıcı demək olar ki, düşmənin yolunda hərəkət etməlidir. Bu zaman aşkarlanma və hücum ehtimalı yüksək olur. Daha da pisi odur ki, müasir kəşfiyyat belə bir maşını minalama ərazisinə çatmamışdan əvvəl aşkarlaya bilir.

Radioelektron mübarizə (REM) vasitələri isə avtonom platformalar üçün başqa bir problemdir. GPS-in susdurulması, rabitə kanalına maneə törədilməsi, lidar və video kameralara müdaxilə naviqasiya dəqiqliyini pozur və idarəetmənin sabitliyini sarsıdır. Aktiv REM altında avtonom minalama sistemi istiqamətini itirmək, təhlükəsiz rejimə keçmək və ya hətta mina sahəsinin qurulmasını pozmaq riskini daşıyır. Bu isə öz növbəsində tətbiq ssenarilərini məhdudlaşdırır.

Minalama sistemini düşməndən tamamilə himayə etmək faktiki olaraq qeyri-mümkün bir işdir. Ancaq burada iki risk səviyyəsini ayırmaq vacibdir: maşının özü hələ də həssasdır, lakin pilotsuz texnologiyalar insanları təhlükədən uzaqlaşdırır. Sözügedən layihə bu prinsip əsasında qurulub.

Kabinada sürücü və operator artıq avtomatika ilə əvəz edilib. Müxtəlif şəraitdə aparılan iki mərhələli sınaq sistemin vəzifənin öhdəsindən gəldiyini göstərmişdir. İnsan çərçivədə qalarkən, operatorlar təhlükəsiz məsafədə otururlar və birbaşa riskə məruz qalmırlar.

Xarici mətbuatda paylaşılan hesabatlara əsasən, elan edilmiş əsas funksiyalar həyata keçirilib. Əlbəttə ki, bu zaman bəzi aparat və proqram təminatı problemləri ortaya çıxıb və onlar, adətən, bu cür layihələrdə olduğu kimi, müəyyən olunur və həll edilir. Təkmilləşdirilmiş sistem əlavə sınaqlardan keçiriləcək.

Beləliklə, maneələrin avtonom şəkildə çatdırılması döyüş gücünü xeyli artıran və döyüş meydanındakı vəziyyəti tez bir zamanda dəyişdirən güclü bir amildir. “Autonomous Volcano” sistemi bir daha müasir texnologiyaların mövcud texnikaların imkanlarını necə genişləndirdiyini nümayiş etdirdi. Bu, köhnəlmiş sistemə, hazırki halda 40 ildən çox əvvəl, Soyuq Müharibənin son onilliyindən bəri mövcud olan sistemə daha çox avtonomluq vermək üçün daha bir cəhddir. Təkcə hazır komponentlərlə çox irəli getmək mümkün deyil və inkişafın erkən mərhələləri “Autonomous Volcano” minalama sisteminin gələcəyini proqnozlaşdırmağı çətinləşdirir. “Autonomous Volcano” sistemi, köhnə platformanı yüksək qabiliyyətli avtonom bir alətə çevirmək üçün aşağı qiymətli modernləşmədən istifadə edir, asimmetrik üstünlük təmin edir və ərazinin bloklanmasındakı kritik boşluğu aradan qaldırır.

İstənilən halda, maşının gələcəyi növbəti sınaqlarda əldə ediləcək nəticələrdən asılıdır.

Əhəd Vahidoğlu

Back to top button