ABŞ Nigeriyaya AH-1Z “Viper” helikopterlərinin satışına icazə verib

ABŞ Nigeriyaya AH-1Z “Viper” helikopterlərinin satışına icazə verib

ABŞ Dövlət Departamenti Nigeriya Müdafiə Nazirliyinin 12 ədəd hücum helikopteri ilə bağlı sorğusunu təsdiqləyib.

“Poliqon” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi yanında Müdafiə Təhlükəsizliyi Sahəsində Əməkdaşlıq Agentliyinin (Defence Security Cooperation Agency – DSCA) mətbuat xidməti potensial sövdələşmənin təxminən 1 milyard ABŞ dolları dəyərində qiymətləndirildiyini bildirib.

Qeyd olunub ki, Nigeriya hökumətinin sorğusunda 12 ədəd AH-1Z “Viper” hücum helikopteri, 28 ədəd “General Electric” T700-GE-401C mühərriki (24 ədəd quraşdırılmış, 4 ədəd ehtiyat), 2000 ədəd 70 mm çaplı APKWS (Advanced Precision Kill Weapon System) idarə olunan raketlər daxildir. Bundan başqa, sorğuya gecəgörmə nişangah sistemləri (NVCD), naviqasiya və radioelektron mübarizə sistemləri, 20 mm-lik M197 topları, onlar üçün döyüş sursatı, eləcə də bir sıra köməkçi avadanlıqlar daxildir. Əgər Nigeriya təsdiq edilmiş avadanlıq və silahların tam paketini alarsa, o zaman satınalmanın ümumi dəyəri 997 milyon ABŞ dolları olacaq.

Bununla belə, ABŞ Dövlət Departamentinin sorğunu təsdiq etməsi hələlik sövdələşmənin baş tutacağına zəmanət vermir. Nigeriya Müdafiə Nazirliyi ABŞ-ın AH1Z “Viper” helikopterlərindən başqa Türkiyənin T-129 ATAK helikopterləri və ya Hindistanın LCH (Light Combat Helicopter) yüngül döyüş helikopterlərini almaq imkanını nəzərdən keçirir.

AH-1Z “Viper” helikopteri “Bell Helicopter” korporasiyası tərəfindən AH-1 “Super Cobra” helikopterinin bazasında hazırlanıb və 2010-cu ildən ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasındadır. O, 296 km/saat sürət yığa bilir, maksimal icazə verilən uçuş sürəti 411 km/saat, kreyser sürəti isə 248 km/saatdır. 1150 kq döyüş yükü ilə döyüş radiusu 231 km-dir. Uçuş müddəti 3,3 saat, praktiki uçuş tavanı 6096 m-dir.

Onun qalxma sürəti 14,2 m/s, şaquli qalxma sürəti isə 9,7 m/s-dir.

Helikopter 750 atəş yığımından ibarət döyüş dəsti olan 20 mm-lik M197 üçlüləli topla silahlanıb, həmçinin idarə olunan və idarə olunmayan “Hydra 70”, AIM-9 “Sidewinder”, AGM-114 “Hellfire” və digər silahlar üçün altı dirəyə (pilona) malikdir. Heyəti iki nəfərdən ibarətdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS