ABŞ Ordusu ATACMS raketlərini əvəz etmək üçün PrSM sifariş verib

ABŞ Ordusu ATACMS raketlərini əvəz etmək üçün PrSM sifariş verib

ABŞ Ordusunun Müqavilə Komandanlığı (US Army Contracting Command) “Lockheed Martin Missiles and Fire Control” şirkətinə PrSM (Precision Strike Missile) raketlərini sifariş edib.

“Poliqon” “Shepard”a istinadən xəbər verir ki, sifariş olunan 54 ədəd yeni raket 77,42 milyon ABŞ dolları dəyərindədir.

ABŞ Müdafiə Nazirliyinin açıqladığı müqavilə ilə bağlı “PrSM Increment 1” təkmilləşdirilməsi üzrə işlər 30 sentyabr 2025-ci ilə qədər tamamlanacaq.

PrSM istənilən hava şəraitində yüksək dəqiqliklə idarə olunan raketdir. O, həm M270A1, həm də M142 “HIMARS” (High Mobility Artillery Rocket System) yaylım atəşli reaktiv sistemindən (YARS, MLRS – Multiple Launch Rocket System) buraxılır.

PrSM raketi düşmənin hava hücumundan müdafiə vasitələrinə, raket buraxma qurğularına, idarəetmə qovşaqlarına, qoşunların cəmləşmə rayonlarına və 500 kilometrdən artıq məsafədə yerləşən xüsusilə mühüm döyüş meydanı hədəflərinə zərbələr endirmək üçün təyin edilib. Raketin hərəkətdə olan quru və dəniz hədəflərini vura biləcəyi də istehsalçı tərəfindən bildirilir. Minimal atış məsafəsi 60 km-dir.

PrSM raketi kasset döyüş başlıqlı “yer-yer” sinif MGM-140 ATACMS (MGM-140 Army Tactical Missile System) taktiki raket kompleksini əvəz etmək üçün yaradılıb. İki PrSM raketi bir standart “HIMARS/M270” YARS paketinə yerləşdirilib. Bu arada qeyd etmək lazımdır ki, ATACMS raketi səsdən təxminən üç dəfə yüksək sürətlə uça və 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilir.
ABŞ Ordusu PrSM raketini 2023-cü maliyyə ili üçün prioritet təkmilləşdirmə proqramlarından biri kimi təyin edib. 2022-ci maliyyə ilində satınalma, 166 milyon ABŞ dolları tədarük fondunu təşkil edib, lakin proqram sürət yığdığı üçün ABŞ Ordusu 2023-cü maliyyə ilində 213 milyon ABŞ dolları istəyib.

Qeyd olunur ki, mövcud prioritetlərə 2024-2025-ci illərdə “PrSM Increment 2” uçuş sınaqlarına diqqət yetirməklə, suüstü hədəfləri vurmasına imkan verən özütuşlama başlıqlı və düzünə axınlı hava-reaktiv mühərrikli 1000 km-ə qədər uzun mənzilli yerüstü bazalı gəmi əleyhinə raketin inteqrasiyası daxildir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS