
ABŞ Ordusu kiçik pilotsuz uçuş aparatlarını (PUA) məhv edə biləcək yeni “yer-hava” tipli raketin hazırlanması istiqamətində işlərə başlayıb.
“Poliqon” “Defense News” nəşrinə istinadən xəbər verir ki, “Next Generation C-sUAS Missile” (NGCM) layihəsi ABŞ və digər ölkələrin raket və artilleriya sistemləri kimi ənənəvi kinetik antidron vasitələrinin baha başa gəlməsi və ehtiyatlarının məhdud olması səbəbindən lazer, mikrodalğa və digər alternativ texnologiyalara üstünlük verdiyi bir dövrdə həyata keçirilir.
ABŞ Ordusunun yayımladığı “Sources Sought” bildirişinə əsasən, məqsəd 2-ci və 3-cü qrup kiçik PUA təhdidlərini zərərsizləşdirmək üçün daha uzaqmənzilli və sürətli reaksiya verən raket hazırlamaqdır. Bu istiqamətdə şirkətlər tərəfindən təkliflərin təqdim edilməsi üçün son tarix 20 avqustdur.
İlkin texniki tələblərə görə, raket 6 kilometr hündürlükdə uçan PUA-nı 16 kilometrdən çox məsafədə vurmalıdır. Gələcək mərhələdə isə sistemin 8 kilometr hündürlükdə uçan hədəfləri 25 kilometrdən artıq məsafədə məhv edə bilməsi nəzərdə tutulur. Raketin hədəfə yönəldilməsi radiolokasiya başlığı vasitəsilə həyata keçiriləcək.
NGCM raketinin ABŞ Ordusunun hazırda istifadə etdiyi “Coyote C-UAS” antidron raket sisteminin daha inkişaf etmiş, lakin onunla uyğun işləyən versiyası olması planlaşdırılır.
Bildirişdə qeyd olunur ki, NGCM mövcud “Coyote” buraxılış qurğusuna minimum dəyişikliklərlə inteqrasiya olunmalı, daha uzaq mənzil, daha qısa buraxılış vaxtı və hədəfə çatma müddətini təmin etməlidir.
Yeni raket əsasən 2-ci və 3-cü qrup PUA-lara qarşı istifadə olunacaq. ABŞ Müharibə Nazirliyinin təsnifatına görə, 2-ci qrup PUA-lar 21-55 funt (təxminən 9,5-25 kq) maksimum uçuş kütləsinə malikdir, 3500 futdan (təxminən 1 km) aşağı hündürlükdə uçur və sürəti 250 düyündən az olur. 3-cü qrup PUA-lar isə 1320 funtdan (təxminən 600 kq) az uçuş kütləsinə malikdir, 18000 futdan (təxminən 5,5 km) aşağı hündürlükdə və 250 düyündən az sürətlə uçur.
Texniki tələblərə əsasən, operator atəş əmrini verdikdən sonra raket 5 saniyədən az müddətdə buraxılış qurğusunu tərk etməlidir.
Bundan başqa, raket mövcud “Sentinel” A3/A4, LTAMDS və TPQ-53 radiolokasiya sistemləri ilə də uyğun işləməlidir.
ABŞ Ordusu NGCM sisteminin iki variantını nəzərdə tutur. Belə ki, sabit mövqelər üçün nəzərdə tutulan versiya müxtəlif sensorlarla təchiz ediləcək, mobil versiya isə taktiki nəqliyyat vasitələrinə quraşdırılacaq və həm dayanacaq vəziyyətində, həm də hərəkətdə olarkən istifadə edilə biləcək.
ABŞ Ordusunun planına görə, layihə 2027-ci maliyyə ilinin sonunadək Texnologiya Hazırlıq Səviyyəsi 7-yə çatmalı, yəni sahə sınaqlarından keçmiş prototip mərhələsinə daxil olmalıdır. Podratçılar 2028-ci ilin əvvəlində əməliyyat qiymətləndirilməsi üçün 50 raket təqdim etməlidirlər.
Diqqətçəkən məqamlardan biri də raketin qiymətidir. ABŞ Ordusu 5000 ədədlik sifariş zamanı hər raketin qiymətinin 150 min ABŞ dollarından aşağı olmasını istəyir. Bu məbləğ təxminən 4 milyon dollar dəyərində olan “Patriot” tutucu raketi ilə müqayisədə xeyli aşağı olsa da, ekspertlər bunun iqtisadi səmərəliliyinin sual altında qalacağını bildirirlər. Çünki İran istehsalı “Shahed-136” kamikadze PUA-sının qiyməti təxminən 35 min dollar hesab olunur.
Məhz buna görə də antidron lazer sistemlərinin hazırlanmasına böyük diqqət yetirilir. Nəzəri baxımdan, lazer silahlarının hər atəşi cəmi bir neçə sentə başa gəlir. Bununla belə, raket sistemlərinin üstünlüyü ondan ibarətdir ki, pis hava şəraitində də etibarlı fəaliyyət göstərə bilir, halbuki lazer şüaları əlverişsiz atmosfer şəraitindən ciddi şəkildə təsirlənə bilir.



