
Müasir hərbi əməliyyatlar eyni zamanda əsgərlərin müdafiəsini gücləndirən və yüksək döyüş effektivliyini təmin edən texnologiyalar tələb edir. Belə həllərdən biri də qorunan zirehli nəqliyyat vasitəsinin içərisində qalmaqla silahlardan effektiv istifadəyə imkan verən uzaqdan idarəolunan silah stansiyası olan aşağı profilli LP-CROWS sistemidir (Low-Profile Common Remotely Operated Weapon Station).
“Poliqon”un məlumatına görə, LP-CROWS sistemi, ABŞ ordusu tərəfindən M1A2 Abrams və M109A7 Paladin kimi ağır platformalarda “qüllə üzərində qüllə” (“turret‑on‑turret”) həlli kimi inteqrasiya edilmişdir. O, qapalı lyuklu qoruma, azaldılmış vizual görünməni azaltma və kiçik ölçülü pilotsuz uçuş sistemlərinə qarşı (Counter-small Unmanned Aerial Systems – C-sUAS) imkanları təmin etmək üçün hazırlanmış kompakt silah sistemidir. O, heyətin müdafiəsini yaxşılaşdırmaqla yanaşı, ən çətin şəraitdə hədəfləri dəqiq vurmaq qabiliyyətini də artırır.
Sistem 12,7×99 mm-lik (.50 çap) M2 pulemyotları, 7,62×51 mm-lik mm M240 və M134 Minigun pulemyotları, 40 mm-lik MK-19 qumbaraatanları da daxil olmaqla, standart kollektiv (qrup) silahları dəstəkləyir. Sistemin dəstinə silahla yanaşı giroskopik stabilizasiyalı gündüz videokamerası, teplovizor (termal cihaz) və lazer məsafəölçən daxildir. Bu cihazlar birlikdə operatora hava şəraitindən və ya işıqlandırma şəraitindən asılı olmayaraq günün istənilən vaxtında hədəfləri aşkar etmək, müəyyən (identifikasiya) etmək və dəqiq şəkildə vurmaq imkanı verir.
M109A7 “Paladin” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) 155 mm-lik əsas topu kimi ağır artilleriya silahından gələn güclü partlayış təzyiqinə və təpmə qüvvəsinə tab gətirmək üçün layihələndirilib. Aşağı profili komandirin müşahidə etmə imkanını artırır və ciddi nəqletmə tələblərinə cavab verir.
Əsgər təhlükəsizliyinə və döyüş effektivliyinə təsiri baxımından uzaqdan idarə olunan aşağı profilli LP-CROWS döyüş modulu ABŞ Müdafiə Nazirliyinin ən əhəmiyyətli sistemlərindən biridir. Sistem, operatora quraşdırılmış müxtəlif silahları zirehli maşının içərisindən idarəetmə pultu/joystikdən istifadə edərək uzaqdan idarə etməyə imkan verir və onları əvvəllər qüllədə olarkən həssas olduqları kiçik silah güllələrindən və əldəqayırma partlayıcı qurğuların partlayışlarından qoruyur. O, hava məkanının monitorinqini təmin edir və kiçik pilotsuz uçuş aparatlaırının (PUA) hücumlarını dəf edir.
Giroskopik sabitləşdirilmiş qurğu və tam inteqrasiya olunmuş atəşi idarəetmə sistemi, zirehli maşın hərəkətdə olduqda belə, yüksək dəqiqlikli nişanalma və birinci qatar atəşindən yüksək dəymə ehtimalını təmin edir. Döyüş modulu cəmi bir ildən az artıq müddətdə, müasir müharibələrdə real dünya dəyişikliklərinin köməyi ilə geniş sınaq meydançalarında konsepsiya mərhələsindən sınaq-konstruktor mərhələsinə keçib. Bundan əlavə, inkişaf kənar əsas podratçını kənara qoyaraq, Müdafiə Nazirliyi daxilində, ordu strukturlarının (Project Manager Maneuver Ammunition Systems / Product Manager Heavy Systems və U.S. Army DEVCOM – U.S. Army Combat Capabilities Development Command) birləşməsi tərəfindən həyata keçirilmişdir.
24 iyun 2026-cı ildə ABŞ Ordusu M109A7 “Paladin” ÖAQ-da quraşdırılmış LP-CROWS döyüş modulunun sınaqdan keçirib. Sınaqlarda M109A7 “Paladin” ÖAQ və M992A3 nəqletmə-doldurma maşını iştirak edib. Hər iki maşın LP-CROWS döyüş modulu ilə təchiz olunmuşdu. Məqsəd sadə idi: heyətin lyukları açmadan PUA-ları və yaxından gələn təhdidləri dəf etməsinə imkan yaratmaq. Baxmayaraq ki, maraqlı olan yeni modulun özü deyil, onun arxasında nəyin dayandığıdır, bu xəbər bir dəmir parçası kimi qəbul edilmişdir. Artilleriya etiraf edir ki, indi silahın düşmən topundan/haubitsasından deyil, ucuz uçan PUA-dan qorunması lazım olduğu bir dünyada döyüşür.
Arizona ştatında yerləşən Yuma sınaq poliqonundakı (U.S. Army Yuma Proving Ground – YPG) sınaqlar Fort Blissdə yerləşən 1-ci Səhra artilleriya alayının 4-cü taborunun hərbi qulluqçuları tərəfindən aparılıb. 2025-ci ilin avqust ayında xüsusi tapşırıq qrupu (Joint Interagency Task Force 401 – JIATF 401) yaradıldıqdan sonra poliqon qurumlararası PUA-lara qarşı mübarizə meydançası kimi təyin edilib. İllərdir tədarükünü uzunmüddətli müqavilələrə bağlayan ordu səylərini sürətləndirmək məcburiyyətində qalmışdır.
Sınaqlar son münaqişələrin döyüş meydanındakı prioritetləri necə dəyişdirdiyini əks etdirir. Özüyeriyən artilleriya sistemləri indi təkcə kontr-batareya atəşi ilə deyil, həm də FPV (First Person View) PUA-lar, süzən sursatlar və praktiki olaraq heç bir xəbərdarlıq edilmədən başlaya bilən yüngül yerüstü hücumlarla da təhdid edilir.
Əgər sonrakı dözümlülük və istismar sınaqları sistemin etibarlılığını təsdiqləyərsə, uzaqdan idarə olunan aşağı profilli LP-CROWS döyüş modulu artilleriya heyətinin kiçik PUA-lara qarşı qorunmasını gücləndirməkdə mühüm addım ola bilər.
CROWS döyüş modulunun əvvəlki versiyaları M109A7 “Paladin” ÖAQ-da quraşdırılmamışdı. Səbəb sırf texniki idi – modulun qabarit ölçüləri nəqletmə tələblərinə cavab vermirdi və onun konstruksiyası 155 mm-lik haubitsanın atəşinə (təzyiqə və təpqmə qüvvəsinə) davam gətirə bilmirdi. Belə ki, bu haubitsa dəqiqədə dörd atışa qədər atəş açır və hər biri təpmə, titrəmə və zərbə dalğası yaradır.
Bundan irəli gələrək, aşağı profilli LP-CROWS variantı yenidən layihələndirilib. Nəticədə onun profili azaldılıb, konstruksiyası gücləndirilib, girostabilizasiya və inteqrasiya olunmuş atəş idarəetmə sistemi (tuşlamanı və önləməni hesablayan AİS) saxlanılıb. Göstərilən funksiya, antidron rejimində (C-sUAS) lyukları açmadan yaxın məsafəli hədəflərə və kiçik PUA-lara zərbə endirmək təyinatına malikdir. Modulda silahı avtomatik olaraq təhlükəyə doğru yönəldən PUA aşkarlama radarının quraşdırılması planlaşdırılır.
Heyətin vəziyyət barədə məlumatlılığını artırmaq, riskləri minimuma endirmək və reaksiya müddətini azaltmaq qabiliyyəti ilə LP-CROWS zirehli texnikalarla və özüyeriyən artilleriya qurğuları ilə silahlandırılmış bölmələr üçün əvəzolunmaz bir vasitəyə çevrilir. Uzaqdan idarə olunan silah stansiyası təkcə müdafiə tapşırıqları üçün deyil, həm də quru əməliyyatlarının, patrulların və baza müdafiəsinin, kiçik PUA-larla mübarizənin aktiv dəstəyi üçün istifadə olunur. Əsgərlərin həyatının dəqiqliyə, sürətə və təhlükəsizliyə bağlı olduğu şəraitdə LP-CROWS kimi texnologiyalar hərbi strategiyanın vacib elementlərinə çevrilir.
Xüsusiyyətlərə gəldikdə, mənbələr əsas seçim kimi 12,7 mm-lik M2 iri çaplı pulemyotunu, kiçik dronlara qarşı təxminən 1500 metr məsafəni və 3000-5000 metr məsafədə hədəfləri aşkarlaya bilən radarını göstərirlər. Bu rəqəmlər rəsmi sınaq hesabatlarında təsdiqlənmədiyi üçün təxmini hesab edilməlidir. PUA-lara qarşı göstərilən məsafə də optimist görünür, çünki 12,7 mm-lik pulemyotun kiçik, hərəkət edən hədəflərə qarşı effektivliyi 1500 metrdə kəskin şəkildə azalır.
M109A7 “Paladin” ÖAQ və LP-CROWS döyüş modulu konfiqurasiyası, ordunun “Paladin” özüyeriyən haubitsasını, heyət üzvlərinə təhlükə yaratmadan yaxın hədəfləri vura bilən uzaqdan idarə olunan silah stansiyası ilə təchiz edir. Maşının üzərində quraşdırılmış sistem, operatorlara zirehli gövdənin içərisindən sabitləşdirilmiş optika və məsafədən idarə olunan silah istifadə edərək hədəfləri aşkar etməyə və vurmağa imkan verir.
LP-CROWS M109A7 “Paladin” proqramı artilleriya modernləşdirilməsinin atış mənzili və atəş gücü konsepsiyasından kənara çıxaraq sağ qalma qabiliyyətini və qoşunların qorunmasını necə əhatə etdiyini nümayiş etdirir. Müasir özüyeriyən artilleriya qurğuları yalnız uzun məsafələrə dəqiq atəş açmaqla yanaşı, həm də təhdidlərin birdən çox istiqamətdən gələ biləcəyi getdikcə gərginləşən mühitlərdə də sağ qalmalıdır.
ABŞ Ordusu, M109A7 “Paladin” ÖAQ-ı təkmilləşdirilmiş özünümüdafiə imkanları ilə təchiz etməklə, artilleriya bölmələrini getdikcə daha çox PUA, dəqiq idarə olunan döyüş sursatı və yaxın döyüş təhdidlərinin üstünlük təşkil etdiyi döyüş meydanlarında daha effektiv fəaliyyət göstərməyə hazırlayır.
Əhəd Vahidoğlu




