ABŞ Ukraynaya yeni növ yüksək dəqiqlikli 155 mm-lik döyüş sursatları verəcək

ABŞ Ukraynaya yeni növ yüksək dəqiqlikli 155 mm-lik döyüş sursatları verəcək

ABŞ Ukraynaya 400 milyon ABŞ dolları dəyərində yeni hərbi yardım paketinin bir hissəsi olaraq 155 mm-lik artilleriya üçün 1000 dəst yüksək dəqiqlikli döyüş sursatı verəcək.

“Poliqon” xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək səviyyəli rəsmisi “Politico”ya bildirib.

Yüksək dəqiqliyə malik döyüş sursatları Ukraynaya Rusiya artilleriyasına nisbətən texnoloji üstünlük verməlidir. Pentaqon rəsmisi sursatın növünü açıqlamaqdan və ya onun M982 “Excalibur” olub-olmadığını dəqiqləşdirməkdən imtina edib. Bununla belə, onun sözlərinə görə, sursat GPS (Global Positioning System – qlobal mövqeləmə sistemi) vasitəsilə idarə olunan “Excalibur” ilə eyni imkanlara malikdir.

Ağ Ev administrasiyasının nümayəndəsi bildirib ki, yüksək dəqiqliyə malik döyüş sursatları ukraynalılara sursata qənaət etməyə kömək etməlidir. Həmçinin, dəqiqlik Rusiyanın əraziləri kütləvi atəşə tutma taktikasından fərqli olaraq, qeyri-hərbi obyektlərin məhv edilməsinin və qeyri-döyüşçülər arasında itkilərin qarşısını almağa kömək edəcək.

Qeyd olunur ki, bununla belə 1000 dəst yüksək dəqiqlikli döyüş sursatı ABŞ-ın son yardım paketində Ukraynaya göndərdiyi 36 000 dəst standart haubitsa atəş yığımının kiçik bir hissəsidir. Ukrayna adətən gündə 5000-6000 dəst standart haubitsa döyüş sursatını atır, Rusiya isə bundan iki dəfə çox atəş açır.

“Bu, Ukraynaya konkret hədəflər üçün dəqiq imkanlar təklif edir, sursata qənaət edəcək, dəqiqliyə görə daha effektiv olacaq, ona görə də bu, Donbasdakı bu döyüşdə Ukraynaya dəstəyimizdə növbəti təkamüldür. Bu cür sursatlar gündə (minlərlə) istifadə olunmayacaq”, – deyə Pentaqon rəsmisi bildirib.

Sadalananlarla yanaşı, yardım paketi həmçinin ABŞ-ın Ukraynaya təqdim etdiyi HIMARS (High Mobility Artillery Rocket Systems) sisteminin sayını 12-yə çatdıran 4 əlavə buraxma qurğusunu və döyüş sursatlarını da əhatə edir. Eyni zamanda rəsmi bildirib ki, söz verilən ümumi miqdardan 8 ədəd HIMARS artıq Ukraynaya çatdırılıb. Yüksək rütbəli hərbçi onu da əlavə edib ki, bu günə qədər 100 nəfərdən çox ukraynalı bu sistemlə bağlı təlim keçib. Bunlarla yanaşı, Pentaqon rəsmisi bildirib ki, yardımın son tranşına həmçinin üç taktiki maşın, dağıdıcı döyüş sursatları, kontrbatareya sistemləri, ehtiyat hissələr və digər avadanlıqlar daxildir.

Xatırladaq ki, bundan əvvəl Kanada mətbuatı M982 “Excalibur” yüksək dəqiqlikli döyüş sursatının Ukraynaya təhvil verilməsi barədə məlumat yaymışdı. Burada söhbət Əfqanıstandakı kampaniyadan sonra qalan az miqdarda sursatdan gedirdi.

Qeyd etmək lazımdır ki, əgər GPS idarəetmə sistemindən danışılırsa, o zaman M982 “Excalibur” atəş yığımına alternativ PGK (Precision Guidance Kit – dəqiq tuşlama dəsti) M1156 ola bilər. Bu, adi 155 mm-lik mərmilərə quraşdırılan və onları yüksək dəqiqlikli döyüş sursatına çevirən “ağıllı” partladıcıdır. PGK dəstində GPS siqnallarının qəbuledicisi və sursatın trayektoriyasını tənzimləyən sükanlar mövcuddur.

Ümumilikdə PGK dəsti 30 km-ə qədər məsafədə 50 m-ə qədər maksimal dairəvi sapma təmin edir ki, bu da M982 “Excalibur” mərmisindən (10 m) daha pisdir, lakin adi döyüş sursatından (273 m) əhəmiyyətli dərəcədə yaxşıdır. PGK dəstinin üstünlüyü həm də qiymətindədir. Belə ki, PGK dəstinin qiyməti 20 000 ABŞ dollarından azdır, “Excalibur” isə partiya və modifikasiyadan asılı olaraq 200 000 ABŞ dollarından çox ola bilir.

M982 “Excalibur” mərmisi

M1156

PGK dəsti (proqramçı və M1156 ağıllı partladıcısı)

agilli

PGK dəsti (proqramçı və M1156 ağıllı partladıcısı)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS