ADEX-2024: STM dəniz platformalarını və taktiki mini PUA-larını Bakıda nümayiş etdirib
Bakıda keçirilmiş 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə ADEX sərgisində Türkiyənin STM şirkəti dəniz platformalarını və taktiki mini PUA sistemlərini nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, Türkiyənin müdafiə sənayesində son nailiyyətlərində mühüm rol oynayan STM şirkəti müştərilərə dəniz platformaları, taktiki mini PUA sistemləri və kibertəhlükəsizlik kimi sahələrdə kritik həllər təklif edir.
Həmçinin STM, Türkiyənin ehtiyaclarını ödəmək üçün şirkət səyləri nəticəsində qazandığı təcrübəsini əməkdaşlıq və texnologiya transferi yolu ilə dost və müttəfiq ölkələrə çatdırır.
STM Cənubi Qafqaz və Mərkəzi Asiyanın ən mühüm sərgilərindən biri olan ADEX-2024 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində dəniz platformalarından “Ada” sinifli MİLGEM korvetini, STM-MPAC çoxməqsədli hücum katerini, Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi”ni (PNFT) və STM500 kiçik ölçülü sualtı qayığını təqdim edib.
STM-nin taktiki mini PUA sistemləri arasında bu günə qədər üç fərqli qitədə 10-a yaxın ölkəyə ixrac olunan Türkiyənin ilk milli hücum PUA-sı KARGU, iki il əvvəl Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən sursat buraxan mini BOYGA və müşahidə-kəşfiyyat PUA-sı olan TOGAN da şirkət stendində sərgilənib.
ADEX-2024-ü dəyərləndirən STM şirkətinin baş direktoru Özgür Güleryüz, sərgi ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycan Ordusunun ehtiyaclarını milli və müasir sistemlərlə qarşılamaqdan, birgə layihələr hazırlamaqdan və əldə etdiyimiz texnoloji səviyyəni can Azərbaycanda nümayiş etdirməkdən hər zaman məmnunluq duyuruq.
ADEX həm Azərbaycanın, həm də regionun mühüm beynəlxalq müdafiə sərgilərindən biridir. STM olaraq hər il müntəzəm şəkildə iştirak edirik. ADEX-2024-də müasir dəniz platformalarımız və müharibə şəraitində özünü uğurla sübut etmiş, dünyanın bir çox ordusu tərəfindən seçilmiş PUA sistemlərimizlə yerimizi aldıq”.