
DANA özüyeriyən artilleriya qurğuları ailəsi – ARAŞDIRMA
Özüyeriyən artilleriya yedəyə alınan toplara nisbətən əhəmiyyətli taktiki üstünlüklər təmin edir.
“Poliqon”un məlumatına görə, bu sistemlər manevr edə bilən quru qoşunları ilə eyni döyüş düzülüşündə işləmək üçün daha uyğundur, döyüşə daha tez salına bilir, istifadəyə hazır döyüş sursatı dəstlərini daşımaq iqtidarındadır və nəhayət, əks-batareya atəşindən daha yaxşı qorunur.
Lakin, özüyeriyən artilleriya qurğularının əksəriyyəti daha böyük çəki, texniki xidmətin mürəkkəbliyi və daha mürəkkəb logistika daxil olmaqla, öz çatışmazlıqlarına malik olan izlənmiş şassilərə əsaslanır.
Bundan irəli gələrək, son illərdə dünyanın bir çox ölkələri öz hərbi arsenallarını yüksək mobil təkərli özüyeriyən artilleriya qurğuları (ÖAQ) ilə genişləndirmək imkanlarını nəzərdən keçirməyə başlayıblar. Bu inkişafın məntiqi var. Belə ki, təkərli artilleriya sistemləri ənənəvi tırtıllı sistemlərdən daha yüngüldür. Təkərli özüyeriyən artilleriya sistemləri dünya ordularına çoxsaylı üstünlüklər verir, o cümlədən onların əməliyyat mobilliyini artırır.
İlk təkərli özüyeriyən haubitsa Çexoslovakiyada hazırlanıb. Bu, 152 mm-lik vz. 77 DANA (çex. Samohybná Kanónová Houfnice vz. 77 DANA (ShKH vz. 77 – 77-ci il nümunəli özüyeriyən haubitsa) təkərli özüyeriyən top-haubitsadır. Adı “Dělo Automobilní Nabíjené Automaticky” (avtomobil üzərində avtomatik doldurmalı silah) sözlərinin abbreviaturasıdır. Şassi tam ötürücülü, dörd oxlu, 8×8 təkər formullu Tatra T815 yolsuzluq avtomobilinə əsaslanır.
O, Dubnitsa nad Vahom şəhərində yerləşən “Konštrukta Defence” şirkəti tərəfindən inkişaf etdirilib və “Závody ťažkého strojárstva-Dubnica” (ZTS-Dubnica) milli müəssisəsində hazırlanıb və 1977-ci ildə Çexoslovakiya Xalq Ordusu tərəfindən silahlanmaya qəbul edilib. Qeyd etmək lazımdır ki, DANA, 1970-ci illərdə təqdim edilən və silahlanmaya qəbul edilən ilk təkərli 152 mm-lik özüyeriyən artilleriya qurğusudur.
DANA sistemi Çexoslovakiya Xalq Ordusunu Sovet istehsalı 2S3 “Akasiya” ÖAQ almağa müraciət etmədən bağlı mövqelərdən atəş dəstəyi üçün özüyeriyən silahla təmin etmək məqsədi ilə hazırlanıb. İnkişaf 1976-cı ildə tamamlanıb və DANA ÖAQ istehsala yönəldilib.
DANA ÖAQ-ın quruluşu və tırtıllı qurğulardan fərqi
DANA təkərli şassidən istifadə etdiyinə və silahlanmaya qəbulu zamanı ilk olan innovativ avtomatlaşdırılmış doldurma sisteminə malik olduğu üçün Sovet istehsalı tırtıllı 2S1 “Qvozdika” və 2S3 “Akasiya” və ya onların rəqibi olan ABŞ istehsalı M109 haubitsası kimi müasir özüyeriyən silahlardan əhəmiyyətli dərəcədə fərqlənirdi.
Maşının ön hissəsində idarəetmə kabinası, ortada üstü açıq döyüş bölməsi və arxada mühərriktransmissiya bölməsi yerləşir. 5 nəfərlik heyətin ön kabinasında sürücü/mexanik və maşın komandiri yerləşir. Zirehli qüllə 8×8 təkər formullu Tatra 815 təkərli şassisinə uyğunlaşdırılmış fırlanan dəzgaha quraşdırılıb və haubitsanın təpmə qurğuları və atəş zamanı geri təpmə-qayıtma hərəkəti üçün istiqamətləndirici ilə iki yarıya bölünür.
Top-haubitsanın belə quraşdırılması intensiv atəş zamanı heyətin barıt qazlarının təsirinə məruz qalmasını aradan qaldırır. Bu atış avtomatik olaraq həyata keçirilir, mərmilər və atımlar xüsusi mexanizmlər vasitəsilə kamara xəttinə verilir. İstifadə olunmuş gilizlər xüsusi konveyer (transpotyor) vasitəsilə çıxarılır.
Qüllənin sol yarısında tuşlayıcı və birinci doldurucu, həmçinin müxtəlif atəşi optik idarəetmə cihazları, silahı elektromexaniki tuşlama orqanları, avtomatik tullayıcı atım ötürücüsü və əlavə döyüş sursatı yığımı yerləşir. Qüllənin sağ tərəfində bu mövqedə yerləşən ikinci doldurucu tərəfindən idarə olunan mexanikləşdirilmiş sursat ötürmə sistemi var.
DANA ÖAQ-ının əsas silahı monolit lüləsi (sabit addımlı yivli) və tək genişləndirmə kamerası olan 152 mm-lik haubitsadır. Haubitsanın lüləsinin uzunluğu 5580 mm və ya 37 çapdır. Lülənin şaquli müstəvidə enmə və qalxma bucaqları -4O…+70O, üfiqi müstəvidə dönmə bucaqları isə ±45O təşkil edir. Haubitsa sola açılan yarıavtomatik, şaquli sürüşən pazlı çaxmaqlıdır. Geri təpmə mexanizmi hidravlik buferdən, iki pnevmatik təpmə silindrindən və bufer sistemini idarə edən idarəetmə plunjerindən ibarətdir. Silah elektrohidravlik ötürücü və ya qəza əl ilə idarəetmə ilə tuşlanır. İkinci silah olaraq 12,7 mm-lik DŞKM iri çaplı pulemyotu nəzərdə tutulub.
Qurğu üç hidravlik dayaqdan istifadə edərək döyüş vəziyyətində qaldırılsa da, o, yalnız 225O sektor daxilində atəş aça bilir. ÖAQ iki dəqiqə ərzində atəş mövqeyinə açıla və atəşdən bir dəqiqə sonra oranı tərk edilə bilir.
DANA ÖAQ-ının unikal xüsusiyyəti ondan ibarətdir ki, onun avtomatik doldurucusu lülənin hündürlük üzrə istənilən qalxma bucağına mərmiləri və atımları doldurmaq qabiliyyətinə malikdir.
DANA sistemində müstəqil, avtomatlaşdırılmış və avtonom silah tuşlanması üçün giroskopik və ya oxşar sistem olmadığına görə, tuşlayıcı silahın tuşlanması üçün PG1-MD kolimatoru olan ZZ-73 panoramik nişangahdan istifadə edir. Bu nişangahın üfüqi şkalası var və bu, oriyentirlərə əsasən lazımi üfüqi tuşlamanı həyata keçirməyə imkan verir. Bu o deməkdir ki, DANA sistemi avtonom deyil və silahın tuşlanmasına kömək etmək üçün əlavə cihaz tələb edir (əslində belə artilleriya sistemlərinin atəş mövqeləri adətən silahlar yerləşdirilməzdən əvvəl hazırlanır). Düzünə atəş üçün tuşlayıcı OP5-38-D teleskopik nişangahından istifadə edir.
DANA ÖAQ maksimal 18 km mənzilli qəlpəli-fuqas mərmili 152-EOF atəş yığımından, 20 km mənzilli uzun mənzilli qəlpəli-fuqas 152-EOFd atəş yığımından və 20 km mənzilli yüksək partlayıcılı tank əleyhinə 152-EprSv atəş yığımlarından istifadə edir. Sonuncu atəş yığımı zirehli hədəflərə qarşı düzünə atış aparmaq üçün nəzərdə tutulub. Atış üçün Sovet istehsalı D-20 top-haubitsasının qəlpəli-fuqas mərmili atəş yığımlarından da istifadə olunur. ÖAQ-ın döyüş yığımında 36 dəst, ümumilikdə isə 60 dəst atəş yığımı daşınır.
Avtomatik rejimdə DANA 7 dəqiqə ərzində 30, bir saatda isə 90 atəş edə bilir. Əllə doldurulduqda, atəş tezliyi dəqiqədə 2 mərmi təşkil edir.
DANA ÖAQ-da hava soyutmalı V12 tipli 253,7 kVt (340,2 at gücü) gücə malik Tatra T2-930-34 (Tatra 3-920.52V-12) mühərriki quraşdırılıb. Mühərrik qurğuya şossedə saatda 80 km sürətlə hərəkət etməyə imkan verir. Yanacaq üzrə gediş ehtiyatı 650 km-dir.
DANA ÖAQ-ın modifikasiyaları
Özüyeriyən artilleriya qurğusu ailəsinə növbəti modifikasiyalar daxildir:
– Çexoslovakiyada istehsal edilmiş 37 çap uzunluqlu lüləli 152,4 mm-lik DANA (baza modeli), 47 çap uzunluqlu lüləli 152,4 mm-lik ONDAVA;
– Slovakiyada istehsal edilmiş 42 çap uzunluqlu lüləli 152,4 mm-lik MODAN, 45 çap uzunluqlu lüləli 155 mm-lik vz. 2000 ZUZANA (Slovakiya Ordusu üçün azırlanmış versiya), 45 çap uzunluqlu lüləli 155 mm-lik M2000G ZUZANA, 45 çap uzunluqlu lüləli 155 mm-lik A40 HIMALAYA, 52,9 çap uzunluqlu lüləli 155 mm-lik ZUZANA 2 və 52,9 çap uzunluqlu lüləli 155 mm-lik Diana;
– Çexiyada istehsal edilmiş 37 çap uzunluqlu lüləli 152,4 mm-lik DANA M1 CZ, 37 çap uzunluqlu lüləli 152,4 mm-lik DANA M2 CZ, 45 çap uzunluqlu lüləli 155 mm-lik DITA, 52 çap uzunluqlu lüləli 155 mm-lik MORANA.
DANA sisteminin keçmiş Çexoslovakiyada XX əsrin 80-ci illərinin axırlarında hazırlanmış sonuncu nümunəsi olan 152 mm-lik ONDAVA ÖAQ dəqiqədə 6 atəş, əllə doldurma rejimində dəqiqədə 2 atəş apara bilirdi. Haubitsanın lülə uzunluğu 47 kalibrə qədər artırılmış, yeni iki kameralı lüləağzı əyləc, yeni doldurma avtomatı və digər dəyişikliklər tətbiq edilmişdir. ÖAQ-ın döyüş dəsti ümumilikdə 40 dəst atəş yığımı təşkil edir. ÖAQ-ın şassisi olan 8×8 təkər formullu Tatra 815 yolsuzluq avtomobili V12 tipli 265 kVt (355 at gücü) gücə malik Tatra T3-930-52 mühərriki ilə təchiz edilib. Heyət 4 nəfərdən ibarət idi.
Çexoslovakiyanın Çexiya və Slovakiya respublikalarına dağılması ilə nəticələnən siyasi hadisələr ÖAQ-ın inkişafına da mənfi təsir göstərmiş və qurğu yalnız prototip olaraq hazırlanmışdır.
Slovakiyada istehsal edilmiş nümunələr
Müstəqillik əldə etmiş Slovakiya DANA ÖAQ-ın modernləşdirilməsi üzərində işləri davam etdirmiş və 1999-cu ildə onun MODAN adlı modifikasiyasını yaratmışdır. Bu modifikasiyada vz. 77/99 haubitsasının lülənin uzunluğu 42 çapa qədər artırılıb. Bundan başqa, modernləşdirmə döyüş effektivliyini və dəqiqliyini artıran, həmçinin heyət üzvlərinin sayını 5-dən 4-ə endirən yeni bort kompüter sistemini əhatə etmişdir ki, bu da müasir artilleriya sistemlərinə uyğundur. Qurğu atəşin səmərəliliyini və dəqiqliyini artıran ZUZANA sisteminə uyğun müasir bort kompüteri idarəetmə sistemi ilə təchiz edilib. Modernləşdirmə atəş məsafəsini və atəş tezliyini yaxşılaşdırmış və artilleriya sisteminin işini sadələşdirmişdir. Nəticədə atəş tezliyi dəqiqədə 5 mərmi, əllə doldurma rejimində isə dəqiqədə 2 mərmi təşkil edir. ÖAQ-ın döyüş yığımında 36 dəst, ümumilikdə isə 60 dəst atəş yığımı daşınır. ÖAQ-ın şassisi olan 8×8 təkər formullu Tatra 815 yolsuzluq avtomobili V12 tipli 265 kVt (355 at gücü) gücə malik Tatra T3-930-52 mühərriki ilə təchiz edilib. Heyət 4 nəfərdən ibarətdir.
DANA ÖAQ-ın Slovakiyada həyata keçirilmiş növbəti modernləşdirilməsi 155 mm çaplı haubitsalarla silahlandırılmış ZUZANA özüyeriyən haubitsalarıdır. Bu maşınların modifikasiyadan asılı olaraq uzunluğu 12,97-14,2 metr, kütləsi isə 28-34 ton arasında dəyişir. Onun eni təxminən 3 metr, hündürlüyü isə 3,3 metrdir.
155 mm vz. 2000 ZUZANA – 1998-ci ildə Slovak Ordusu tərəfindən silahlanmaya qəbul edilmiş ilk versiyadır. ÖAQ-ın şassisi 8×8 təkər formullu Tatra 815 yolsuzluq avtomobilinin modifikasiyasıdır, mühərrik bölməsi avtomobilin arxasına köçürülüb. Atəş aparılan zaman, maşın ikinci və üçüncü oxlar arasında dörd hidravlik dayaq ilə sabitlənir. Maşının qülləsi və sürücü kabinası yüngül zirehlə örtülüb, qəlpələrdən və 7,62 mm-lik güllələrdən qoruyur.
Əsas silah 155 mm çaplı, 45 çap (təxminən 7000 mm) uzunluğunda lüləli haubitsadır, qalxma bucaqları -3,5O…+ 70O, azimut üzrə dönmə bucaqları -60°…+60° təşkil edir. Xüsusi ERFB-BB (Extended Range Full Bore Base Bleed) və 10 nömrəli atımlardan istifadə edərkən hədəfə qədər olan maksimal məsafə 39 km-dən çoxdur. Avtomatik yenidən doldurma zamanı ilk dəqiqə ərzində maksimal atəş tezliyi dəqiqədə 6, sonra dəqiqədə 5 atışdır. Əllə doldurma zamanı atəş tezliyi dəqiqədə 2 atış təşkil edir. Avtomatik yenidən doldurma eyni vaxtda bir neçə mərmi atmağa (Multiple Rounds Simultaneous Impact – MRSI) imkan verir, yəni atımı, trayektoriyanı və s. dəyişdirməklə müəyyən sayda mərmi demək olar ki, eyni vaxtda hədəfi vura bilir. ÖAQ-ın döyüş dəsti ümumilikdə 40 dəst atəş yığımı təşkil edir. Bort kompüteri avtomatik topobəndlənməni təmin edir. Maşınlar bir-biri ilə məlumat mübadiləsi edə və komanda məntəqəsindən məlumat ala bilir. Tatra 815 yolsuzluq avtomobili V12 tipli 265 kVt (355 at gücü) gücə malik Tatra T3-930-52 mühərriki ilə təchiz edilib. Heyət 4 nəfərdən ibarətdir. 155 mm vz. 2000 ZUZANA ÖAQ Slovakiya və Kipr ordularında silahlanmadadır.
155 mm-lik ZUZANA ÖAQ-ının baza versiyası 1998-2007-ci illərdə istehsal edilib. İlk modifikasiya ortaya çıxdıqdan sonra ZUZANA 2000 adlandırılmağa başlanıb. Onun əsasında 155 mm-lik M2000G ZUZANA ÖAQ Yunanıstan Ordusu üçün hazırlanıb və sonradan Kiprə verilib. İkinci silah olaraq damda quraşdırılmış daha yüngül 7,62 mm-lik pulemyotlarla silahlandırılıb.
Xarici müştərinin istəyi ilə yaradılmış 45 çap uzunluqlu lüləli 155 mm-lik A40 HIMALAYA ÖAQ təkərli şassidən olan qüllə tırtıllı şassiyə uyğunlaşdırılıb. Əslində, təkərli vz. 2000 ZUZANA ÖAQ-dan olan qüllə T-72 tankının şassisinə quraşdırılmışdır. Tank ştat V-46 mühərriki (573 kVt və ya 768 at gücü) ilə təchiz edilib. Haubitsa dəqiqədə 5 atış, əllə doldurma rejimində isə dəqiqədə 2 atış aparır. ÖAQ-ın döyüş dəsti ümumilikdə 40 dəst atəş yığımı təşkil edir. Ancaq layihə inkişaf etməmiş və prototip olaraq qalmışdır.
2018-ci ildə ZUZANA 2000 ÖAQ-ının müasir modifikasiyasının hazırlanması tamamlanıb. ZUZANA 2 ÖAQ öz sələfindən 52 çap uzunluqlu lülə, qüllənin 360O fırlanması, daha güclü mühərriki və gücləndirilmiş yeni zirehli xidmət kabinəsi ilə fərqlənir. Proseslərin avtomatlaşdırılması xidmət heyətinin sayını üçə endirib. Sınaqları 2009-cu ilin dekabrında tamamlanıb.
155 mm-lik ZUZANA 2 özüyeriyən haubitsa, həm düzünə, həm də asma atəşlə effektiv atəş açmağa qadir olan, sursatı avtomatik dolduram, özüyeriyən, avtonom artilleriya qurğusudur. Əsas atəş rejimi, eyni vaxtda bir neçə atəşdən (MRSI) istifadə etmək imkanı olan avtomatlaşdırılmış komanda, kəşfiyyat və atəşə nəzarət sistemlərindən istifadə edərək bağlı mövqelərdən atəşdir. Lülənin şaquli müstəvidə enmə və qalxma bucaqları -3,5O…+75O, üfiqi müstəvidə dönmə bucaqları isə ±60O təşkil edir. Haubitsa ilk dəqiqədə 5 atəş, 3 dəqiqədə 13 atəş, əllə doldurma rejimində isə dəqiqədə 2 atış aparır.
Maksimal atəş məsafəsi ERFB-BB mərmilərlə 41 km, VLAP (Very Long-Assault Projectile) mərmilərlə 51,5 km-dir. ÖAQ-ın döyüş dəsti ümumilikdə 40 dəst atəş yığımı təşkil edir.
155 mm-lik ZUZANA 2 ÖAQ hava hücumundan müdafiə və yaxın müdafiə üçün 12,7 mm M2HBQCB Browning pulemyotu ilə təchiz olunub. Alternativ olaraq, 12,7 mm NSV pulemyotu da istifadə edilə bilər. Zirehli texnikalardan qorunmaq üçün RPG-75 AT qumbaraatan mövcuddur.
Şassi 8×8 təkər formullu Tatra T817 yolsuzluq avtomobilidir və 325 kVt (436 at gücü) gücə malik V8 tipli Tatra T3D-928-70 mühərriki ilə təchiz edilib. Mühərrik şossedə 90 km/saat, yolsuzluq şəraitində isə 20-30 km/saat sürətlə hərəkəti təmin edir.
Heyət atəş zamanı üç kabinada yerləşən dörd nəfərdən ibarətdir: sürücü sürücü kabinəsində, maşın komandiri və doldurucu sol qüllənin kabinasında, mərmi operatoru isə sağ qüllənin kabinasında yerləşir.
155 mm DIANA ÖAQ Slovakiyanın “Konstrukta Defence” və Polşanın “Bumar-Labedy” şirkətləri arasında inkişaf etdirilmiş birgə layihədir. Bu layihədə ZUZANA 2 ÖAQ qülləsi AHS KRAB ÖAQ-ın UPGNG tırtıllı şassisinə quraşdırılıb. Prototip ilk dəfə 2015-ci ildə Polşanın Kielts şəhərində keçirilən Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.
155 mm DIANA ÖAQ 52 çap uzunluqlu lülə və sursatların avtomatik doldurulması ilə təchiz edilmiş, quru qoşunlarına effektiv atəş dəstəyi təmin etməyə qadir olan tırtıllı şassi üzərində qurulmuş özüyeriyən avtonom artilleriya sistemidir.
Silah bölməsi avtomatik doldurucusu olan lülədən və fırlanan qüllədə quraşdırılmış digər silah mexanizmlərindən ibarətdir. Qüllə ±360O dönə bilir. Lülə dönmə və qalxma bucaqları -3,5O ilə +75O arasında dəyişir. Əsas silahın ERFB BB mərmilərlə maksimal atəş məsafəsi 41 km-dir. Haubitsa ilk dəqiqədə 5 atəş, 3 dəqiqədə 13 atəş, əllə doldurma rejimində isə dəqiqədə 2 atış aparır. Əsas atəş rejimi, eyni vaxtda bir neçə atəşdən (MRSI) istifadə etmək imkanı olan avtomatlaşdırılmış komanda, kəşfiyyat və atəşə nəzarət sistemlərindən istifadə edərək bağlı mövqelərdən atəşdir.
Daşınan döyüş dəsti 62 dəst (62 ədəd mərmi və 372 ədəd atım) atəş yığımından ibarətdir. Bunlardan atəşə hazır olan 40 dəst konveyerlərdə, 22 dəsti isə şassidə daşınır. Avtomatik doldurucu konveyerlər 40 mərmi və 40 atım tutur. Avtomatik doldurucu sıradan çıxarsa, silahı əl ilə doldurmaq mümkündür.
Silah bölməsi qülləni idarə etmək üçün elektrik və hidravlik ötürmə verən müstəqil enerji mənbəyi ilə təchiz edilib. DIANA ÖAQ əlavə olaraq 12,7 mm-lik pulemyotla təchiz olunub.
Silah üç kabinada (şassidə sürücü, sol qüllədə doldurucusu və komandir, sağ qüllədə mərmi operatoru) əməliyyat zamanı yerləşən dörd nəfərdən ibarət heyət tərəfindən idarə olunur.
UPG-NG şassisi 735 kVt (999 at gücü) gücə malik MTU MT 881 Ka 500 mühərriki ilə təchiz edilib. Mühərrik şossedə 60 km/saat, yolsuzluq şəraitində isə 30 km/saat sürətlə hərəkəti təmin edir. Ancaq layihə inkişaf etməmiş və prototip olaraq qalmışdır.
ZUZANA ÖAQ yüksək keyfiyyətli, müasir silahdır. Müxtəlif ölkələrin orduları tərəfindən istifadə üçün lazımi taktiki və texniki xüsusiyyətlərə malikdir. Bununla belə, bu sistemin bir çox rəqibləri var, onlardan bəziləri əhəmiyyətli üstünlüklər təklif edir, buna görə də ZUZANA DANA ÖAQ-dan daha az populyardır.
Çexiyada istehsal edilmiş nümunələr
DANA M1 CZ ÖAQ 8×8 təkər formullu Tatra 815 şassisində hazırlanmış Çexiya özüyeriyən artilleriya sistemidir və 152 mm-lik DANA top-haubitsasının (ShKH vz. 77) modernləşdirilmiş versiyasıdır. DANA M1 CZ modifikasiyasının əsas fərqlərinə yeni atəşi idarəetmə sisteminin və daha güclü (265 kVt və ya 355 at gücü) V12 tipli Tatra T3-930-52M mühərrikinin quraşdırılması daxildir.
Həyata keçirilən modernləşdirmə elementləri silahı müasir və daha güclü sistemə çevirərək DANA sisteminin sübut edilmiş döyüş və istismar xüsusiyyətlərini qoruyub saxlayır. Yeni atəşi idarəetmə sistemi atış dəqiqliyini yaxşılaşdırır və atəş açmağa hazırlaşmaq üçün lazım olan vaxtı azaldır. Hazırlanmış atəşi idarəetmə sistemi həlli DANA-M1 CZ ÖAQ-nı idarəetmə və rabitə sisteminə (C4I) inteqrasiya etməyə imkan verən müasir texnologiyaların istifadəsinə əsaslanır. Sistemə inersial topoqrafik naviqasiya bloku, top komandirinin ballistik kompüteri, top komandirinin intellektual terminalı və rabitə cihazları daxildir.
İnersial topoqrafik naviqasiya bloku lülə oxuna mexaniki olaraq bağlıdır. Bu, mürəkkəb və vaxt aparan topoqrafik silah səmtləşməsi ehtiyacını aradan qaldırır. İnersial topoqrafik naviqasiya bloku davamlı olaraq sistemin mövqeyi, həmçinin üfüqi və şaquli istiqamətləndirmə bucaqları haqqında cari məlumatları ballistik kompüterə ötürür.
Balistik kompüter atəşi idarəetmə sisteminin ürəyidir və ardıcıl məlumat ötürülməsi vasitəsilə inertial topoqrafik naviqasiya vahidinə nəzarət edir, döyüş sursatların müəyyənləşdirilməsi və topoqrafik hədəfin müəyyən edilməsi daxil olmaqla atəş tapşırıqlarını inkişaf etdirir və atəş elementlərinin hesablanması üçün lazım olan bütün məlumatları daxil edir.
Daha güclü mühərrik qurğunun yolsuzluq şəraitində hərəkət qabiliyyətini və dinamik xüsusiyyətlərini yaxşılaşdırıb. Şassinin təkmilləşdirilməsi maşının idarəetmə və manevr qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Sükan sistemi təkmilləşdirilib və yeni TATRA-NORGEN ötürmə sistemi əlavə edilib. T3-930-52M mühərriki də əhəmiyyətli təkmilləşdirmələrə məruz qalıb, yeni turbokompressorlar və aralıq soyuducuları quraşdırılıb, nəticədə fırlanma momenti və güc yaxşılaşıb.
Kabinada bir sıra modernləşdirilmələr edilib. Sürücünün görmə qabiliyyəti yaxşılaşdırılıb, sükan çarxı və cihazlar paneli dəyişdirilib. Yeni oturacaqlar və müstəqil kondisioner quraşdırılıb. Maşın həmçinin qaralma funksiyalı (BLACKOUT) və arxa görüntü kamerası olan yeni işıqlandırma sistemi ilə təchiz olunub.
DANA M2 CZ ÖAQ 152 mm-lik vz.77 DANA özüyeriyən haubitsasının 2017-ci ildə Çexiyanın “Excalibur Army” şirkəti tərəfindən hazırlanmış modernləşdirilmiş versiyasıdır. Modernləşdirmə bir sıra təkmilləşdirmələri əhatə edir, onlardan ən çox görünən yeni kabinadır. Lakin ən vacibləri “pərdə arxasındadır” – idarəetmə, naviqasiya, nişan alma və atəşi idarəetmə sistemlərində, diaqnostikada, rabitədə və s. çoxsaylı təkmilləşdirmələr həyata keçirilib.
O, artan mobillik və döyüş vəziyyətinə keçirilmə sürəti, daha yüksək atəş dəqiqliyi və təkmilləşdirilmiş keçidlik imkanlara sahibdir.
Yüksək dərəcədə avtomatlaşdırma hədəf haqqında döyüş məlumatlarının alınmasından onun məhv edilməsinə qədər olan vaxtı əhəmiyyətli dərəcədə azaldır. Yeni avtomatik tuşlama funksiyası atəş mövqeyində silahın daha sürətli və tam avtomatlaşdırılmış şəkildə açılmasına imkan verir. Mövcud atəş rejimləri arasında komandirin tələb olunan hədəf parametrlərini daxil etdiyi tam avtomatik rejim var, heyətin qalan hissəsi isə sadəcə silahın işinə nəzarət edir. Haubitsa onun üçün xüsusi olaraq hazırlanmış uzunmənzilli mərmilərlə atəş apara bilir.
DANA-M2 CZ özüyeriyən haubitsasının maksimal atəş məsafəsi dib qaz generatoru ilə təkmilləşdirilmiş aerodinamik mərmili uzun mənzilli DN1CZ atəş yığımları ilə 25,5 km-ə qədər, təkmilləşdirilmiş aerodinamik mərmili uzun mənzilli atəş yığımları ilə 20,2 km-ə qədər və D-20 tophaubitsası üçün təyin edilmiş atəş yığımları ilə 18,2 km-ə qədər təşkil edir. ÖAQ-ın daşınan döyüş dəsti ümumilikdə 40 dəst atəş yığımı təşkil edir.
Sovet analoqları ilə müqayisədə DANA-M2 CZ ÖAQ-ın atış məsafəsi təxminən 1,5 dəfə böyükdür. Belə ki, 2S3 “Akasiya” ÖAQ-ın atış məsafəsi adi mərmi ilə 17,1 km, aktiv-reaktiv mərmi ilə isə 20,4 kmdir. Bundan başqa, DANA-M2 CZ ÖAQ dəqiqədə 5 mərmi atəş tezliyinə malikdir, 2S3 “Akasiya” ÖAQ-ın isə atəş tezliyi dəqiqədə 3-4 atışdır.
Haubitsa avtomatlaşdırılmış doldurma sistemi ilə təchiz edilib, kabina STANAG 4569 Level 1 səviyyəsində mühafizəsə olunur. Şossedə 90 km/saat olan üstün mobillik göstəricilərinə malikdir, 2S3 “Akasiya” 60 km/saata qədər sürətlə hərəkət edir. Həmçinin 100 km-ə 60-100 litr yanacaq sərfi (2S3 “Akasiya” 100 km-ə 180-220 litr) kimi əhəmiyyətli dərəcədə aşağı istismar xərclərinə malikdir.
DANA-M2 CZ ÖAQ müasir avtomatlaşdırılmış atəş idarəetmə sistemi ilə təchiz edilib. Atəş tezliyi dəqiqədə 5 mərmi, əllə doldurma rejimində dəqiqədə 2 mərmidir. O, demək olar ki, eyni vaxtda hədəfə dəyən seriya atışları (MRSI) apara bilir. Lülənin qalxma bucaqları -4O…+ 70°, azimut üzrə dönmə bucaqları ±225O təşkil edir.
ÖAQ-ın şassisi olan 8×8 təkər formullu Tatra 815 yolsuzluq avtomobili V12 tipli 265 kVt (355 at gücü) gücə malik Tatra T3-930-52 mühərriki ilə təchiz edilib. Mühərrik qurğuya şossedə saatda 90 km, yolsuzluq şəraitində isə 25 km sürətlə hərəkət etməyə imkan verir. Yanacaq üzrə gediş ehtiyatı 600 kmdir. Heyət 1+4 nəfərdən ibarətdir.
ÖAQ-da ikinci silah olaraq 12,7 mm-lik NSVT pulemyotu nəzərdə tutulub.
DITA (Digital Integrated Targeting Artillery) Çexiyanın “Excalibur Army” şirkəti tərəfindən Çexoslovakiyanın 152 mm-lik vz. 77 DANA ÖAQ konsepsiyası əsasında 2019-cu ildə inkişaf etdirilmiş 155 mm çaplı təkərli özüyeriyən artilleriya qurğusudur. İlk prototip 2021-ci ildə yaradılıbyeni ÖAQ isə Abu Dabidə keçirilən IDEX 2021 beynəlxalq silah sərgisində ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.
DITA ÖAQ NATO 155 mm standart döyüş sursatlarından istifadə edən yeni müasir artilleriya silahıdır. O, atəş mövqeyini tutmaq və tərk etməkdə yüksək sürətə, yüksək dəqiqliyə və əla mürəkkəb ərazi keçidinə malik müasir bort idarəetmə sisteminə malikdir. Sistem heyəti iki nəfərə endirməyə imkan verən əhəmiyyətli avtomatlaşdırmaya malikdir. Silah operatoru yalnız koordinatları daxil edir, bütün lazımi atəş parametrləri ballistik kompüter tərəfindən hesablanır, doldurma və tuşlama avtomatik olaraq həyata keçirilir. Avtomatik sistemlər zədələnərsə, tuşlama və doldurma əl ilə həyata keçirilə bilər.
Tək atış, əürətli atəş (ləngimə parametri tənzimləməklə), proqramlaşdırılmış (birinci atış, sonra əvvəlcədən təyin edilmiş intervala uyğun) və MRSI atəş rejimləri mövcuddur. Atəş tezliyi dəqiqədə 6 mərmidir.
Qəlpəli-fuqas mərmili atəş yığımları ilə maksimal atəş məsafəsi 39 km-dir. Lülənin qalxma bucaqları -3O…+ 70°, azimut üzrə dönmə bucaqları ±60O təşkil edir. Daşınan döyüş dəsti 40 dəst atəş yığımıdır.
Özüyeriyən qurğu sensor ekranlı M4 idarəetmə sistemi vasitəsilə idarə olunur. Onun paneli çıxarıla bilir və qülləni kabinədən kənardan idarə etməyə imkan verir. İdarəetmə paneli bortda idarəetmə sistemini idarə etmək üçün təyin edilmiş elektron cihazdır. Silah və şassi vəziyyəti ilə bağlı bütün diaqnostika məlumatlarını göstərir.
DITA ÖAQ tapşırıqların yerinə yetirilməsi sürətini və silahın ümumi effektivliyini əhəmiyyətli dərəcədə artıran xüsusi avtomatik hərəkət mövqeyinin tənzimlənməsi (Automatic Setting of Action Position – A.S.A.P.), döyüş sursatlarının idarə edilməsi və inersial naviqasiya sistemi ilə təchiz edilib.
DITA ÖAQ 8×8 təkər formullu Tatra T817 yolsuzluq avtomobili üzərində qurulub və 300 kVt (408 at gücü) gücə malik V8 tipli Tatra T3C-928-90 mühərriki ilə təchiz edilib. Mühərrik şossedə 90 km/saat, yolsuzluq şəraitində isə 25 km/saat sürətlə hərəkəti təmin edir. Qülləni tırtıllı şassiyə quraşdırmaq imkanı da nəzərdə tutulub.
Qurğu kabina içərisində heyət üçün yüksək xüsusiyyətli havanın isidilməsi istilik və kondisioner sistemi ilə təchiz olunub.
Köməkçi 24 V-luq hidravlik güc qurğusu silah sistemləri və qüllələrin işləməsi üçün əsas mənbə kimi xidmət edir. Blok akkumulyator batareyalarını yoxlama və doldurma, qüllənin hidravlik sistemi üçün hidravlik təzyiq yaratma, hidravlik yağın soyudulması, tullayıcı atımların soyudulması, təzyiqin tənzimlənməsi, silahın idarə edilməsi və atəşi idarəetmə sistemləri ilə əlavə elektron qarşılıqlı əlaqə funksiyaları yerinə yetirir.
MORANA özüyeriyən haubitsa quru qoşunlarının əməliyyat-taktiki və taktiki qruplaşmalarının sürətli və effektiv dəstəklənməsi üçün nəzərdə tutulmuş, avtomatik doldurma sisteminə malik 52 çap uzunluqlu 155 mm çaplı lüləyə sahib müasir artilleriya silahıdır. Unikal atəşi idarəetmə sistemi və diaqnostik sistem döyüş tapşırıqlarını avtonom şəkildə yerinə yetirməyə imkan verir.
MORANA ÖAQ-ın unikal konstruksiyası avtomobil şassisi və zirehlə qorunan heyətli müstəqil qüllə artilleriya sisteminin birləşməsini təmsil edir. O, TMG (Truck Mounted Gun) kateqoriyasına aid daha yüngül özüyeriyən artilleriya sistemlərinin və döyüş qüllələri ilə ağır artilleriya sistemlərinin üstünlüklərini özündə birləşdirir. Buna görə də o, aşağı çəki və əlaqəli asan daşıma, bərk örtüklü yollarda və çətin relyefdə yüksək hərəkətlilik təmin edir, eyni zamanda tırtıllı artilleriya sistemlərində olduğu kimi, yol daşıyıcılarının logistikasına ehtiyacı aradan qaldırır, yüksək səviyyəli heyət mühafizəsi, tam avtomatik doldurma sistemi, silahın idarə edilməsi, tuşlama və böyük döyüş dəsti kimi üstünlükləri ilə seçilir.
MORANA ÖAQ diaqnostika, naviqasiya, avtomatik silah tuşlama, atəş elementlərin avtonom hesablanması və döyüş sursatının idarə edilməsi alt sistemlərini özündə birləşdirən güclü bort idarəetmə və diaqnostika sistemi ilə təchiz edilib. Haubitsa silahın hədəf istiqamətinə sürətli və tam avtomatik tənzimlənməsinə imkan verən avtomatik tuşlama sistemi ilə təchiz edilib. Bort idarəetmə sisteminin əsas qabiliyyəti atəş mövqeyində dayandıqdan sonra haubitsanı 40 saniyə ərzində atəşə hazırlamaqdır. Bu əməliyyat kabinəni tərk etmədən avtomatik rejimdə həyata keçirilir, yəni, silahın hədəfə tuşlanması, sursat doldurulması və atışlar kabinədəki iş yerlərindən idarə olunur.
Diaqnostika sistemi maşının seçilmiş sistemlərinin və ya nasazlıq vəziyyətinin iş məlumatlarını qeyd edir. Diaqnostika sistemi bu parametrləri və statusları kabinadakı ayrı-ayrı iş yerlərindəki displeylərdə göstərir. Tələblərdən asılı olaraq, seçilmiş məlumatlar döyüş qabiliyyətini qiymətləndirmək və ya maddi-texniki dəstəyi planlaşdırmaq üçün lazım olduqda daha yüksək səviyyəyə göndərilə bilər. Nasazlıq halları xidmətə qulluq məqsədləri üçün arxivləşdirilir.
Bort idarəetmə sisteminin xüsusi arxitekturası müştərinin atəşi idarəetmə sistemi həllini inteqrasiya etməyə imkan verir.
MORANA ÖAQ çevik hərəkət və sürətli atəş dəstəyi üçün nəzərdə tutulub. Onun sistemləri standart artilleriya batareyası tərkibində işləməyə imkan verir, həm də dəyişən şəraitdə təşəbbüsün götürülməsi lazım olduqda müstəqil tapşırıqların yerinə yetirilməsi və ya sürətli reaksiyaya imkan verir. Haubitsa müxtəlif iqlim şəraitində fəaliyyət göstərə, uzun məsafələri qət edə, çətin relyefdə mövqe qura və gecə-gündüz tapşırığı yerinə yetirə bilir.
MORANA 41 kilometrdən çox məsafəyə atəş aça bilən 155 mm çaplı əsas silaha malikdir. Heyətdə tapşırıqları yerinə yetirmək üçün qırx beş daşınan atəş yığımı var. Silahın tam avtomatlaşdırılmış doldurulması heyət mövqeyini təyin etdikdən sonra 1-ci dəqiqə ərzində 6 mərmi atmağa imkan verir. MRSI atəş rejimi də mövcuddur. Mükəmməl və güclü GPS/INS naviqasiyası, ballistik trayektoriya kalkulyatoru və diaqnostik kompüter sistemləri sürətli və dəqiq hərəkət üçün sadələşdirilmiş istifadəçi interfeysi ilə idarə olunur. Silahın tuşlanması və atəş avtomatik və ya əl ilə həyata keçirilə bilər.
Haubitsa ən son 8×8 təkər formullu Tatra şassisinə quraşdırılıb. Patentlə qorunan Tatra sistemi olduqca davamlıdır, yol səthi ilə mükəmməl tutuşu saxlayır və mürəkkəb ərazini keçərkən zərbə və burulma ilə əlaqədar aşınmanı azaldır. O, yolda yaxşı xüsusiyyətlər göstərir və avtomobilin adətən yalnız tırtıllı maşınlar üçün uyğun hesab edilən ərazilərdə mövqelərə çatmasına imkan verir. Gediş hissəsi real vaxt rejimində diaqnostika, 600 at gücündə mühərrik, avtomatik transmissiya və təkərlərə avtomatik mərkəzi havadoldurma sistemi (Central Tire Inflation System – CTIS) ilə təchiz edilib. Qeyri-adi geniş təkər bazası və idarə oluna bilən bütün oxlar görünməmiş sabitlik və manevr imkanı verir. MORANA ÖAQ özü hərəkət etməklə və ya dəmir yolu, dəniz və hava nəqliyyatı ilə nəql edilə bilir.
Sistemin tam avtomatlaşdırılması sayəsində avtomobili cəmi 3 nəfərlik heyət idarə edir – sürücü, tuşlayıcı və komandir. Heyət həm ballistik, həm də mina təhlükələrinə qarşı STANAG 4569 Level 2 səviyyəsi üçün sertifikatlaşdırılmış mühafizə olunan modul EA Puma kabinasının daxilindən bütün sistemi idarə edir. Kabina hermetikdir və hava girişi kütləvi qırğın silahlarından mühafizə filtrləri ilə təchiz edilib. Kabinada istilik və kondisioner nəzərdə tutulub.
MORANA fövqəladə hallarda düşmən mövqelərinə, tikililərinə və statik və ya hətta hərəkətdə olan texnikalarına düzünə atəş aça bilir. Heyət düzünə atəşi gündüz 5 kilometr, gecə isə 3 km məsafəyə apara bilər. İnteqrasiya edilmiş köməkçi silah, yaxından döyüşdə və aşağı hündürlükdə uçan PUA-ların məhv edoilməsi üçün heyətə əlavə qorunma və atəş gücü təmin edir. Balistik və naviqasiya kompüter sistemi mövcud olmadıqda və ya lazımi şəkildə uyğunlaşdırılmadıqda MORANA ÖAQ, bazardakı əksər digər sistemlərdən fərqli olaraq, dəstəkləyici optik cihazlar vasitəsilə əllə tuşlamanın qəza rejimini təklif edir. Silah qülləsi avtomobilin mühərrikinin qəsdən və ya təsadüfən dayanmasına baxmayaraq, silahın işləkliyini təmin etmək üçün müstəqil şəkildə təchiz edilir.
Köməkçi 24 V-luq hidravlik güc qurğusu silah sistemləri və qüllələrin işləməsi üçün əsas mənbə kimi xidmət edir. Blok akkumulyator batareyalarını yoxlama və doldurma, qüllənin hidravlik sistemi üçün hidravlik təzyiq yaratma, hidravlik yağın soyudulması, tullayıcı atımların soyudulması, təzyiqin tənzimlənməsi, silahın idarə edilməsi və atəşi idarəetmə sistemləri ilə əlavə elektron qarşılıqlı əlaqə funksiyaları yerinə yetirir.
Əhəd Vahidoğlu
