
ADEX-2026 sərgisi Azərbaycan Texniki Universitetinin (AzTU) müdafiə sənayesi ilə bağlı elmi-tədqiqat və təhsil potensialını nümayiş etdirdiyi mühüm platformalardan biri oldu. Universitetin sərgidəki iştirakı yalnız stenddə layihələrin təqdimatı ilə məhdudlaşmadı. AzTU sərgi çərçivəsində təşkil olunan akademik və texnologiya sessiyaları vasitəsilə universitet–sənaye əməkdaşlığının gələcəyi, yeni texnologiyalar və mühəndis hazırlığı kimi məsələləri də gündəmə gətirdi.
“Poliqon”un məlumatına görə, AzTU sərgidə mühəndislik, robototexnika və müdafiə texnologiyaları sahəsində aparılan elmi-tədqiqatların nəticəsi olan 8 layihə ilə təmsil olunub.
Təqdim edilən layihələr müasir texnologiyaların elmi-tədqiqat proseslərinə tətbiqini, pilotsuz sistemlərin imkanlarının genişləndirilməsini və müxtəlif sahələr üzrə innovativ texnoloji həllərin hazırlanmasını əhatə edib.
AzTU-nun ADEX-2026-dakı fəaliyyətinin diqqətçəkən istiqamətlərindən biri universitet-sənaye əməkdaşlığının ayrıca müzakirə mövzusuna çevrilməsi olub. Sərgidə keçirilən “Bilikdən texnologiyaya: universitet-müdafiə sənayesi əməkdaşlığının gələcəyi” adlı akademik sessiyada müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri və Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi iştirak edib. Müzakirələrdə elmi-tədqiqat fəaliyyətinin, innovativ texnologiyaların və yüksəkixtisaslı kadr hazırlığının müdafiə sənayesinin inkişafındakı rolu diqqətə çatdırılıb.
Sessiyada universitetlərdə aparılan elmi araşdırmaların real sənaye layihələrinə transformasiyası, tələbə və gənc tədqiqatçıların zəruri bacarıqlara yiyələndirilməsi və ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında birgə layihələrin genişləndirilməsi məsələləri də müzakirə olunub. Türkiyənin aparıcı universitetləri ilə təcrübə mübadiləsi və beynəlxalq tərəfdaşlıq imkanlarına da diqqət yetirilib.
Həmçinin “Müasir müdafiə sənayesi: innovativ texnologiyalar və inkişaf perspektivləri” panelində də bu məsələlər davam etdirilib. Sessiyada ROKETSAN, TUSAŞ, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi və Türkiyənin iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
Müzakirələrdə innovativ texnologiyaların rolu, elmi-tədqiqatların sənaye ilə əlaqələndirilməsi, yeni texnologiyaların tətbiqi və yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması əsas mövzular olub. Bildirilib ki, texnoloji irəliləyiş yalnız laboratoriya tədqiqatları ilə məhdudlaşmır; yeni texnologiyaların real məhsul və həllərə çevrilməsi üçün akademik biliklərlə sənaye təcrübəsinin birləşdirilməsi vacibdir.
Paneldə süni intellekt, robototexnika, pilotsuz sistemlər, qabaqcıl materiallar, aerokosmik texnologiyalar və rəqəmsal istehsalın imkanları da müzakirə edilib. Bu texnologiyaların prototip mərhələsindən sənaye məhsuluna çevrilməsi, istehsalata inteqrasiyası və davamlı təkmilləşdirilməsi üçün elmi və sənaye potensialının bir araya gətirilməsinin vacibliyi vurğulanıb.
AzTU-nun ADEX-2026 proqramında süni intellekt və təhlükəsiz rəqəmsal sistemlərə ayrıca diqqət yetirilməsi də universitetin texnoloji gündəminin genişliyini göstərib.
“Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə edilməsi və kiberdayanıqlılıq” mövzusunda keçirilən sessiyada süni intellektin tənzimlənməsi, məlumatların idarə edilməsi, kibertəhlükəsizlik və təhlükəsiz rəqəmsal sistemlərin dayanıqlılığı müzakirə olunub.
Müzakirələrin gündəliyində süni intellekt əsaslı monitorinq sistemləri, real vaxt rejimində qərar qəbuletmə və məlumatların qorunması, peyk görüntülərinin superrezolyusiya imkanları, rəqəmsal əkizlər, əqli mülkiyyətin qorunması, kibertəhlükəsizlik ekspertizası və Azərbaycan dilində süni intellekt modellərinin yaradılması kimi məsələlər yer alıb.
Sərginin son günündə keçirilən “Müasir çağırışlar: radioelektron mübarizə və rabitə sistemlərinin təhlükəsizliyi” paneli AzTU-nun fəaliyyətində digər mühüm istiqaməti ortaya qoyub.
Müzakirədə radioelektron mübarizədə yeni təhdidlər, təhlükəsiz yerüstü kommunikasiya, yerüstü və peyk rabitəsinin inteqrasiyası, süni intellekt və proqram təminatı ilə müəyyən olunan radio sistemləri, eləcə də universitet-sənaye əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.
Paneldə gələcəyin radioelektron mübarizə sistemlərinin çevik və adaptiv texnologiyalar əsasında qurulmasının, rabitə sistemlərinin müxtəlif mühitlərdə dayanıqlılığının əhəmiyyəti vurğulanıb. Yerüstü və peyk rabitəsinin vahid kommunikasiya arxitekturasında inteqrasiyası, real vaxt monitorinqi, avtomatik keçid və intellektual marşrutlaşdırma da müzakirə olunub.
Bu istiqamətlərin AzTU-nun sərgi proqramında yer alması universitetin müdafiə texnologiyalarına yanaşmasının yalnız ümumi mühəndislik hazırlığı ilə məhdudlaşmadığını göstərir.
Qeyd edək ki, sərginin başa çatmasından sonra əsas məsələ əldə olunan təcrübənin necə davam etdiriləcəyidir.
AzTU rektoru Vilayət Vəliyevin müəllim və tələbələrlə görüşündə sərgidə əldə olunan təcrübənin tədris və elmi fəaliyyətə inteqrasiyası, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi və sənaye müəssisələri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Bu baxımdan ADEX-2026-nı AzTU üçün yekun deyil, müəyyən mənada növbəti mərhələyə keçid nöqtəsi kimi qiymətləndirmək mümkündür. Sərgidə nümayiş etdirilən 8 layihənin gələcək taleyi, yeni tədqiqatların ortaya çıxması və sənaye ilə əməkdaşlığın konkret nəticələrə çevrilməsi universitetin bu istiqamətdəki fəaliyyətinin əsas göstəriciləri olacaq.
Fakültə rəhbərliyinin ADEX-2028-ə artıq hazırlıqlara başlanıldığını və növbəti sərgidə daha geniş heyət, yeni layihə və innovativ həllərlə iştirakın nəzərdə tutulduğunu bildirməsi də bu istiqamətdə davamlılığın planlaşdırıldığını göstərir.
Nəticə etibarilə, ADEX-2026 AzTU-nun müdafiə sənayesindəki mövcud imkanlarını göstərməklə yanaşı, universitet qarşısında yeni vəzifələri də daha aydın şəkildə ortaya qoyub. Bu vəzifələrin başında elmi-tədqiqat nəticələrinin praktiki tətbiqə keçirilməsi, tələbələrin real layihələrə cəlb olunması və sənaye ilə əməkdaşlığın davamlı mexanizmə çevrilməsi dayanır.


















