
Regionun müdafiə sənayesi üzrə ən mötəbər və əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək.
ADEX Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Sərginin keçirildiyi ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADEX-lə tanış olur və tədbirin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır ki, bu da sərginin yüksək statusu və tədbirə olan etimadın göstəricisidir. Təşkil edildiyi illər ərzində ADEX sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutmuşdur.
ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
Sərginin ekspozisiyası bu il də miqyası ilə diqqət çəkəcək. Hazırlıq prosesinin davam etdiyi müddətdə Bakı Ekspo Mərkəzinin bütün pavilyonları iştirakçılar tərəfindən bron edilib. Bu günədək 20-dən çox ölkədən 150-dən çox şirkət sərgidə iştirakını təsdiqləyib.
ADEX sərgisində müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanın əsas dövlət qurumları öz stendləri ilə təmsil olunaraq, mövcud istehsal və texnoloji potensiallarını, eləcə də ən son yeniliklərini nümayiş etdirəcəklər. Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunur. Eyni zamanda, Müdafiə Nazirliyi sərgidə stendlə iştirak edərək öz fəaliyyət istiqamətləri və imkanlarını nümayiş etdirəcək. Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən və hərbi-texnoloji sahələrdə ixtisaslaşmış “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC də ADEX sərgisində iştirak edəcək. Bu qurumların sərgidə aktiv iştirakı tədbirin əhəmiyyətini bir daha vurğulayır və onun uğurlu keçirilməsinə zəmin yaradır.
Sərginin xarici ölkələrdən qatılan ənənəvi iştirakçıları arasında Türkiyədən “Roketsan”, ASELSAN, TUSAŞ, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group PJSC”, İspaniyadan INDRA və digər dünyaca tanınmış şirkətlərin adlarını qeyd etmək olar.
Bir sıra ölkələr ADEX-də milli qruplar şəklində iştirak edəcəklər. Bu ölkələr sırasında Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya kimi ölkələr yer alır.
Əvvəlki illərdə olduğu kimi, bu il də ADEX yeni ölkə və şirkətləri bir araya gətirəcək. Debüt iştirakçı kimi Almaniyadan “Rheinmetall” və ABŞ-dan “Sig Sauer” şirkətləri 2026-cı ildə sərgiyə qatılanlar sırasındadır. Bu da tədbirin beynəlxalq əhatə dairəsinin daha da genişləndiyini və qlobal müdafiə sənayesi üçün cəlbedici platformaya çevrildiyini göstərir.
Ənənəvi olaraq, ADEX müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Bu il də sərgidə yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirakı gözlənilir.
ADEX-lə eyni tarixlərdə 15 illik yubileyini qeyd edən Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da keçiriləcək. Bu il miqyası əvvəlki illərlə müqayisədə daha da genişlənən “Securex Caspian” sərgisində kiber təhlükəsizlik sektoru diqqət mərkəzində olacaq və bu sahədə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdiriləcək.
Sərgi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə keçirilir.
2024-cü ildə olduğu kimi, bu il də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Securex Caspian” sərgisinin fəal iştirakçıları sırasında yer alacaq. Qurumun sərgidə geniş tərkibdə iştirakı xüsusi rabitə, informasiya təhlükəsizliyi və müasir kommunikasiya həllərinin ölkənin təhlükəsizlik gündəliyində mühüm yer tutduğunu göstərir. Bu il Xidmət sərgidə “Motorola” brendi ilə birgə iştirak edəcək. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin iştirakı “Securex Caspian”ın dövlət qurumları, texnologiya təchizatçıları və sahə mütəxəssisləri arasında əməkdaşlıq və peşəkar dialoq üçün əhəmiyyətli məkan olduğunu bir daha vurğulayır.
Miqyasına və məzmununa görə ADEX regionda silah və hərbi texnika sahəsində keçirilən ən iri tədbirlərdən biri kimi müdafiə sənayesinin inkişaf səviyyəsini, müasir silah və qabaqcıl texnologiyaların geniş nümayişini əks etdirən effektiv platforma rolunu oynayır. Burada təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, pilotsuz sistemlər, kimyəvi, bioloji, radioaktiv və nüvə (KBRN), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, eləcə də digər sektorlar təmsil olunacaq.
Bununla yanaşı, ADEX sərgisi üçün bu il geniş və zəngin işgüzar proqram hazırlanıb. Proqram çərçivəsində müdafiə sənayesi, təhlükəsizlik, innovasiya və yüksək texnologiyalar sahələrini əhatə edən silsilə tədbirlər keçiriləcək.
Öncəki illərdə olduğu kimi, bu il də ADEX sərgisi innovativ startap layihələrinin təqdimatı üçün platforma rolunu oynayacaq. İşgüzar proqram çərçivəsində “Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” adlı startap layihəsi iştirakçılara təqdim ediləcək.
İşgüzar proqramın digər əsas məqamları sırasında “Radioelektron mübarizə və kommunikasiya mühafizəsi” mövzusunda panel müzakirəsi və “Aviasiyada insan–maşın sinergiyası: pilotlu və pilotsuz sistemlər” adlı master sessiyası yer alır.
Bununla yanaşı, proqram çərçivəsində ərazilərin təhlükəsizliyi və mina təmizləmə təcrübəsinə həsr olunan keys sessiyası, süni intellekt və məlumatların idarə edilməsinə dair ekspert çıxışları, kiber-sosial dayanıqlılıq və şəxsi məlumatların qorunmasına həsr olunan ekspert sessiyası, peşəkar inkişaf, innovasiya və təlim sessiyaları, eləcə də çoxsaylı işgüzar görüşlər təşkil olunacaq. Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və sərgi iştirakçıları arasında keçiriləcək ikitərəfli görüşlər yeni əməkdaşlıqların qurulmasına, hərbi-texniki əməkdaşlığın genişlənməsinə və strateji tərəfdaşlıqların inkişafına mühüm töhfə verəcək.
ADEX-in yüksək beynəlxalq nüfuzunu təsdiqləyən əsas amillərdən biri də xarici rəsmi nümayəndə heyətlərinin sərgidə iştirakıdır. Bu il müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətlərinin və yüksək rütbəli rəsmilərin iştirakının daha da genişlənəcəyi gözlənilir.
Sərgi çərçivəsində keçiriləcək işgüzar görüş və danışıqların təşkili üçün ərazidə xüsusi təchiz olunmuş görüş otaqları fəaliyyət göstərəcək. Bu, ADEX-in yalnız qabaqcıl texnologiyaların və müdafiə sənayesinin ən son yeniliklərinin nümayiş olunduğu bir platforma deyil, həm də beynəlxalq işgüzar əməkdaşlığın, təcrübə mübadiləsinin və dövlətlərarası dialoqun inkişafına töhfə verən mühüm bir mərkəz kimi çıxış etməsinə imkan yaradacaq.
ADEX-2026 müdafiə sənayesi sahəsində fəaliyyət göstərən dövlət qurumlarını, beynəlxalq şirkətləri, istehsalçıları və ekspertləri bir araya gətirərək yeni tərəfdaşlıqların qurulması və perspektivli layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaq. Sərgi çərçivəsində keçiriləcək görüş və danışıqların müdafiə sənayesi sahəsində yeni biznes əlaqələrinin formalaşmasına və uzunmüddətli strateji əməkdaşlıqların inkişafına mühüm töhfə verəcəyi gözlənilir.




