ADEX sərgisində dünyanın 32 ölkəsindən 208 şirkət iştirak edəcək
Sentyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə ADEX sərgisində dünyanın 32 ölkəsindən 208 şirkət iştirak edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə avqustun 30-da sərginin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verilib.
ADEX sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən və Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı zəfərdən sonra ilk dəfə keçiriləcək. Sərgidə Azərbaycan ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdiriləcək.
“ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edir. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri yer alır.
Bildirilib ki, sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılacaq və bu il ADEX-2022-də 8 ölkə milli stendləri ilə iştirak edəcək.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci, üçüncü zallarında və açıq sahəsində yerləşdiriləcək.
ADEX sərgisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.
Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.