
Türkiyənin HAVELSAN şirkəti tərəfindən hazırlanmış ADVENT döyüş idarəetmə sistemi (DİS) ilk dəfə NATO üzvü olan bir ölkəyə ixrac edilib.
“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, Rumıniyaya satılan “CAm.ROMAN” korveti çərçivəsində ADVENT döyüş idarəetmə sistemi də bu ölkənin Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib.
Bununla da indiyədək Pakistan, İndoneziya, Ukrayna, Qətər, Oman, Nigeriya, Malayziya və Çili kimi ölkələrə ixrac edilən ADVENT ilk dəfə NATO müttəfiqi olan bir ölkənin silahlanmasına daxil olub.
Rumıniya HDQ-yə təhvil verilən ADVENT sistemi Türkiyə HDQ-nin istifadə etdiyi ADVENT DİS-in Rumıniyanın əməliyyat tələblərinə uyğunlaşdırılmış versiyasıdır. Sistemin modul arxitekturası HAVELSAN-a müxtəlif müştəri tələblərinə uyğun çevik həllər təqdim etməyə imkan verir.
Türkiyə HDQ ilə sıx əməkdaşlıq şəraitində hazırlanan ADVENT DİS təkcə bir gəmini deyil, eyni əməliyyat mənzərəsi ətrafında bir neçə platformanı birləşdirən qüvvə mərkəzli yanaşma əsasında layihələndirilib. Sistem təhdidlərin qiymətləndirilməsi, qərarların dəstəklənməsi, hədəfin aşkarlanması, silah və sensorların idarə olunması kimi bütün əməliyyat proseslərini əhatə edərək komandanlıq səviyyəsində yüksək situasiya məlumatlılığı və əməliyyat effektivliyi təmin edir.
Müxtəlif rabitə protokolları vasitəsilə müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyət imkanı yaradan ADVENT kiçik katerlərdən iri döyüş gəmilərinə, quru əsaslı komanda mərkəzlərindən pilotsuz sistemlərə qədər müxtəlif platformalara inteqrasiya oluna bilir. Sistem suüstü, sualtı və hava əməliyyat mühitlərində istifadə olunan çoxsaylı platformalarda tətbiq edilir. İnsansız dəniz aparatları üçün hazırlanmış ADVENT ROTA missiya idarəetmə sistemi isə bu imkanları daha da genişləndirir.
Türk mühəndisləri tərəfindən milyonlarla sətir proqram kodu əsasında hazırlanmış ADVENT ilk dəfə 2019-cu ildə “TCG Kınalıada” korvetində istismara verilib. Sonrakı dövrdə sistem “TCG Ufuk”, “TCG Anadolu” və “CAm.ROMAN” da daxil olmaqla daha çox platformaya inteqrasiya edilib.
HAVELSAN son illərdə süni intellekt imkanları ilə təkmilləşdirilmiş ADVENT AI versiyasını da inkişaf etdirməyə davam edir. Şirkət sistemin müxtəlif versiyalarını yeni ölkələrə də təqdim etməyə hazırlaşır. Bu baxımdan Rumıniyaya həyata keçirilən ixracın ADVENT sisteminin NATO coğrafiyasındakı ilk addımı olduğu və gələcəkdə oxşar əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağı gözlənilir.
Rumıniyaya təhvil verilən gəmi ilə yanaşı HAVELSAN, TÜBİTAK ilə birlikdə hazırlanan və ilk dəfə Türkiyə Hərbi Dəniz Qüvvələrində istifadə olunan YELKOVAN elektron müharibə sistemi, həmçinin UNIROBOTICS şirkəti ilə birgə hazırlanmış TARGAN 12,7 mm-lik avtomatik stabilləşdirilmiş silah sistemi kimi yerli və milli texnologiyaların da ixracına yol açıb.




