
Çexiyanın “Aero Vodochody” şirkəti ötən il müştərilərə ümumilikdə 14 ədəd L-39 “Skyfox” təlim-döyüş təyyarəsi təhvil verib.
“Poliqon” xəbər verir ki, bu, “Aero Vodochody” şirkətinin 2025-ci illə bağlı yayımladığı hesabatda öz əksini tapıb.
L-39 “Skyfox” (L-39NG – Next Generation) yeni nəsil təlim-döyüş təyyarəsi olub, pilot hazırlığı, taktiki dəstək və kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, təyyarə öz sinfində ən səmərəli platformalardan biri hesab olunur və NATO ilə Avropa İttifaqının standartlarına uyğun sertifikatlaşdırılıb.
Müasir avionika sistemləri, güclü reaktiv mühərrik və yüksək uçuş göstəricilərini özündə birləşdirən L-39 “Skyfox” 4-cü və 5-ci nəsil döyüş təyyarələri üçün pilot hazırlığında, eləcə də kəşfiyyat tapşırıqlarının və quru qoşunları ilə koordinasiyalı taktiki əməliyyatların icrasında effektiv platforma kimi çıxış edir.
L-39 “Skyfox”un boş çəkisi 3280 kq, maksimal qalxma kütləsi isə 5600 kq təşkil edir. İstehsalçı tərəfindən təyyarənin xidmət müddəti 15000 uçuş saatı olaraq müəyyən edilib. 1350 kq-yə qədər faydalı yük daşıya bilən “Skyfox”un maksimal sürəti 907 km/saat, daxili yanacaqla maksimal uçuş məsafəsi isə 1900 km-dir. O, havada fasiləsiz olaraq 3 saat 45 dəqiqə qala bilir. L-39 “Skyfox”un uzunluğu 11,83 m, qanad açıqlığı 9,38 m və hündürlüyü 4,87 metrdir.
Qeyd edək ki, Çexiya hazırda L-39 “Skyfox” (L-39NG) təlim-döyüş təyyarəsini Azərbaycana da təklif edir. Bu barədə 2026-cı ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində Çexiyanın Baş naziri Andrey Babiş məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında çıxışı zamanı bildirib: “Əlbəttə, biz yeni L-39NG təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq”.




