
Ağdamda modul tipli növbəti hərbi hissə istifadəyə verilib
Prezident İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmtəindən “Poliqon”a verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib.
Məlumatda bildirilir ki, kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.



