
“Airbus Helicopters” şirkəti özünü sübut etmiş H145 yüngül helikopterinin pilotsuz versiyasını hazırlayıb.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, U145 adlanan model “ILA Berlin 2026” sərgisində təqdim ediləcək.
İlk sınaq uçuşunu 2026-cı ilin sonunda həyata keçirməsi planlaşdırılan U145 pilotsuz helikopterinin 2030-cu illərin əvvəlində xidmətə daxil olması nəzərdə tutulub.
“Airbus Helicopters”in baş direktoru Matthieu Louvot bildirib ki, şirkət U145 ilə müştərilərinə H145 helikopterinin avtonom və pilotsuz versiyasını təqdim edir. Bunun üçün H145-in sübut olunmuş gövdəsi, gücü və faydalı yük imkanları PUA-ların avtonomiya bacarıqları ilə birləşdirilib.
Baş direktorun sözlərinə görə, “Airbus Helicopters” U145 və onun çoxmissiyalı pilotsuz uçuş imkanlarını inkişaf etdirmək üçün Avropada qabaqcıl avtonom missiya tərəfdaşları ilə əməkdaşlıq edəcək və PUA ekosistemini genişləndirəcək.
Qeyd olunub ki, H145, “Airbus”un pilotsuz versiyaya çevirdiyi ikinci pilotlu helikopterdir. Bundan əvvəl “Cabri G2” bazasında hazırlanan VSR700 modeli şirkət tərəfindən təqdim edilib.
Hazırda inkişaf prosesi davam edən U145, xüsusi sensorlar və tam avtonom uçuş üçün süni intellekt sistemləri ilə təchiz ediləcək. Pilotlu H145 ilə müqayisədə U145-də fiziki kokpit olmayacaq və yük daşınması üçün ciddi dəyişikliklər ediləcək. Belə ki, pilotsuz helikopterdə inteqrasiya olunmuş burun qapısı, qatlanan yükləmə platforması və xüsusi yük döşəməsi kimi elementlər yer alacaq.
Maksimum qalxma çəkisi 3800 kq və faydalı yük daşıma bacarığı 1200 kq olan U145, əsasən yüksək həcmli yük daşımaları üçün nəzərdə tutulmuş çoxməqsədli həll kimi hazırlanıb. Modul dizaynı onu fəlakətlərin idarə olunması, yanğınsöndürmə, silahlı kəşfiyyat, müşahidə və havadan buraxılan dronlar üçün əsas platforma kimi istifadə etməyə imkan verəcək.




