HavaXəbərlər

“Akıncı”dan buraxılan ALPAGUT hədəfi dəqiqliklə vurdu

Türkiyənin STM və ROKETSAN şirkətləri tərəfindən birgə inkişaf etdirilmiş ALPAGUT süzən sursatının atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə STM şirkətinin baş direktoru Özgür Güleryüz özünün “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, sınaq zamanı “Akıncı” pilotsuz uçuş aparatından (PUA) buraxılan ALPAGUT süzən sursatı yerüstü hədəfi dəqiqliklə vurub.

Gecə və gündüz əməliyyatlar həyata keçirə bilən ALPAGUT, hərəkətli və ya sabit quru və dəniz hədəflərinə, radar və rabitə sistemlərinə, yüngül zirehli quru və ya dəniz nəqliyyat vasitələrinə, komanda mərkəzləri kimi kritik obyektlərə, canlı qüvvəyə və fürsət hədəflərinə qarşı effektivdir.

60 kilometr əməliyyat radiusuna, 60 dəqiqədən çox havada qalma müddətinə malik olan və müxtəlif tipli döyüş başlıqları daşıya bilən ALPAGUT həm fərdi, həm də sürü konsepsiyası çərçivəsində istifadə edilə bilər. Uzunluğu 2.3 m olan süzən sursatın kütləsi 55 kq, döyüş başlığının ağırlığı isə 11 kq təşkil edir.

Sistemin iş prinsipi belədir: buraxıldıqdan və ya atıldıqdan sonra ALPAGUT müəyyən müddət ərzində havada dövrə vuraraq hədəfin aşkarlanması, izlənməsi və qiymətləndirilməsi fəaliyyətlərini həyata keçirir. Daha sonra operator tərəfindən göndərilən təsdiq əsasında hədəfə şığıyaraq onu məhv edir. Avtonom missiya zamanı isə operator tərəfindən əvvəlcədən müəyyən edilmiş hədəfə zərbə endirilir.

ALPAGUT, sahib olduğu elektro-optik/infraqırmızı (EO/IR) axtarıcı başlıq vasitəsilə hədəfi aşkar edilmədən müəyyənləşdirə və identifikasiya edə bilir. O, mövqeləndirmə sistemlərinin siqnal qarışdırmasına qarşı yüksək dayanıqlığa malik olan dəqiq tuşlama, idarəetmə və hərəkət sistemi sayəsində hədəfə yüksək dəqiqliklə yönələ bilir.

Sursat bütün bu xüsusiyyətlərlə yanaşı, əvvəlcədən müəyyən edilmiş hədəflərə qarşı “at və unut” qabiliyyətinə malikdir. Bundan əlavə, zərurət yarandıqda uçuş zamanı istifadəçinin qərarı əsasında missiyanı dəyişə bilməsi ALPAGUT-a mühüm üstünlüklər qazandırır.

Back to top button