Almaniya HHQ CH-47F “Chinook” helikopterləri alır

Almaniya HHQ CH-47F “Chinook” helikopterləri alır

Almaniya Hərbi Hava Qüvvələri (HHQ) perspektiv ağır nəqliyyat helikopteri barədə qərar qəbul edərək köhnəlmiş CH-53G helikopterlərinin əvəz edilməsi üçün CH-47F “Chinook” helikopterini seçib. Açıq mənbələrin məlumatına əsasən hazırda Almaniya HHQ-də 112 ədəd CH-53G helikopterindən istifadə olunur.

“Poliqon” xəbər verir ki, “Bild am Sonntag” qəzetinin məlumatına görə, bu həftənin sonunda elan ediləcək müqaviləyə 60 ədəd CH-47F “Chinook” helikopteri daxil olacaq.

Müqavilə 5,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. İlk helikopterlərin tədarükünə 2025 və ya 2026-cı ildə başlanacaq.

Bundesver üçün “Schwerer Transporthubschrauber” (STH) proqramı çərçivəsində maksimal uçuş kütləsi 20 tondan artıq olan 60 ədədə qədər helikopterin alınması planlaşdırılır.

Qeyd edək ki, yalnız iki helikopter – CH-53K “King Stallion” və CH-47 “Chinook” – Bundesverin tələblərinə cavab verdiyindən müqavilə uğrunda mübarizə “Boeing” və “Sikorsky” (“Lockheed Martin” korporasiyasının tərkibinə daxildir) şirkətləri arasında gedib.

1960-cı illərin əvvəllərində “Boeing” korporasiyası tərəfindən hazırlanmış CH-47F “Chinook” (CH – Cargo Helicopter) helikopteri öz adını Şimali Amerikanın hind tayfalarından birinin adından alıb. Aparıcı pərvanələrin olduqca nadir uzununa düzülüşünə uyğun olaraq qurulan maşın Vyetnam müharibəsi zamanı debüt edib, bundan sonra bütün dünyada qalibiyyət yürüşünə başlayıb. Hazırda 1000 ədəddən çox istehsal olunan helikopter istehsalını davam etdirir və dünyanın 20-dən artıq ölkəsinin ordusunun silahlanmasındadır.

Heyəti 2-3 nəfərdən (pilot, bort-texnik və ya komandir) ibarətdir. Sərnişin tutumu 33-55 əsgər və ya 2 müşayiətçi ilə 24 yataq xəstəsidir. Uzunluğu 30,14 m, gövdə (fyüzelaj) uzunluğu (yanacaq doldurma qolu istisna olmaqla) 15,87 m, hündürlüyü 5.59 m və aparıcı pərvanənin diametri 18,29 m-dir (hər birinin). Boş kütləsi 12210 kq, normal uçuş kütləsi 22680 kq, maksimal uçuş kütləsi 24494 kq və faydalı yükün kütləsi 12284 kq-dır. Helikopter hər birinin gücü 4168 at gücü (3108 kVt) olan 2 ədəd turbovint “Honeywell” T55-L-714 mühərriki ilə təchiz edilib. Maksimal uçuş sürəti 285 km/saat, kreyser sürəti 259 km/saat, döyüş radiusu 935 km və praktiki uçuş tavanı 3090 m-dir. Havaya qalxma sürəti 9/35 m/s-yə bərabərdir. Helikopter 3 ədəd 7,62 mm-lik pulemyotla silahlandırılıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS