Almaniya Litvada “Ozelot” ZRK yerləşdirib

Almaniya Litvada “Ozelot” ZRK yerləşdirib

Almaniya Litva ərazisində “Ozelot” (LeFlaSys) hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirib.

“Poliqon” xəbər verir ki, bunu, bu gün Litvanın müdafiə naziri Arvidas Anusauskas yerli LRT radiosuna açıqlamasında deyib.

Müdafiə naziri bildirib ki, dəyişən təhlükəsizlik vəziyyətinə reaksiya kimi HHM sistemləri əlavə Almaniya qoşunları ilə birlikdə Litvaya yerləşdirilib.

Almaniya istehsalı olan “Ozelot” özüyeriyən zenit-raket kompleksi yürüşdə və döyüş meydanında komanda məntəqələrini, rabitə mərkəzlərini, aviasiya bazalarını, quru qoşun bölmələrini aşağı və həddindən artıq aşağı hündürlüklərdə uçuş yerinə yetirən təyyarə və helikopterlərin hücumlarından himayə etmək üçün təyin edilib.

a2 1

Almaniyanın “STN ATLAS Elektronik GmbH” və “Krauss-Maffei Wegmann” şirkətləri tərəfindən birgə hazırlanmış “Ozelot” ZRK “Rheinmetall” şirkətinin istehsalı Wiesel-2 tırtıllı zirehli maşınının şassisində yerləşdirilib.

Ordunun tələbatını ödəmək məqsədi ilə 2000-ci ildə başladılmış istehsal proqramı seriyasına ümumilikdə 50 ədəd “Ozelot” döyüş maşını, 10 ədəd taqım komanda məntəqəsi və 7 ədəd batareya komanda məntəqəsi daxil olub. “Ozelot” ZRK-nin ilk nümunələri 2001-ci ildə Bundesverin silahlanmasına qəbul olunub.

Kompleksin tərkibinə daxil olan taqımın komanda məntəqəsi “Ericsson Microwave Systems” şirkətinin istehsalı üç koordinatlı HARD aşkaretmə radiolokasiya stansiyası (RLS, radar) ilə təchiz olunub. RLS quraşdırılmış MSR 200 XE “dost-düşmən” tanıma aparatı və ADAD optoelektron infraqırmızı aşkaretmə blokuna malikdir. 20 km fəaliyyət məsafəsinə malik HARD radarı X diapazonunda işləyir və eyni vaxtda 20-yə qədər hədəfi izləyə bilir. HARD hədəfin növündən asılı olaraq üç iş rejiminə malikdir: yüksək sürətli hədəfləri aşkar etmək və izləmək üçün MTI rejimi (Moving Target İndicator), helikopterləri aşkaretmə rejimi və manevr etməyən hədəflərlə iş rejimi. Bir RLS 20 km-ə qədər məsafədə yerləşən “Ozelot” ZRK-nin səkkizədək döyüş maşınını radar məlumatları ilə təchiz edə bilir.

a3 1“Ozelot” ZRK, televiziya kamerası və infraqırmızı aşkaredicisi (termal görüntü cihazı) olan infraqırmızı və televiziya diapazonlu özünün aşkaretmə vasitələri ilə təchiz edilib. Raketin buraxılma məsafəsini hesablamaq üçün lazım olan hədəfə qədər məsafəni ölçməkdən ötrü sistem lazer məsafəölçənlə təchiz edilib.

Kompleks Gyro MK20 BGT avtomatik şimala səmtləşmə sistemi, GPS PLGR AN – PSN1 1 Rockwell Collins yerləşməni təyinetmə sistemi və SEM 93 VHF radiorabitə vasitələri ilə təchiz edilib. Hədəfin aşkarlanması, raketlərin tuşlanması, naviqasiya və rabitə üçün çoxprosessorlu inteqrasiya olunmuş idarəetmə sistemi MC 68040 və KM1 prosessorları əsasında “ATM Computer” şirkəti tərəfindən hazırlanmışdır. Proqram təminatı pSOS+(m) real vaxt əməliyyat sistemində C dilində yazılıb.

Sifarişçinin tələbindən asılı olaraq kompleks tam komplekt və ya hissə-hissə tədarük edilir. O, aviatransportabeldir (hava nəqliyyatı ilə daşınır) və CH-53 helikopterləri ilə döyüş bölgəsinə çatdırıla bilir.

“Ozelot” ZRK-də məhvetmə vasitəsi kimi infraqırmızı özütuşlama başlıqlı “Stinger” raketləri istifadə olunur. Kompleksdə həmçinin “İqla”, “İqla-1” və “Mistral” tipli zenit idarə olunan raketlərdən də istifadə etmək mümkündür. Fəaliyyət mənzili 5 km-dir. ZRK modul quruluşa malikdir və müxtəlif zirehli maşınlarda və tam ötürücülü avtomobillərdə quraşdırıla bilir. “Wiesel-2  şassili döyüş maşınının gövdəsinin uzunluğu 4510 mm, eni 1820 mm və hündürlüyü 1900 mm-dir. Şassidə 4 silindirli, turbopüskürməli Audi TDI dizel mühərriki quraşdırılıb. Mühərrik 110 at gücünə malikdir, şossedə saatda 70 km, yolsuzluq şəraitində isə saatda 50 km sürətlə hərəkəti təmin edir. Yanacaq üzrə gediş ehtiyatı 500 km-dir. Döyüş vəziyyətində kütləsi 4 tondur. Heyəti 3 nəfərdən ibarətdir.a4 1

Kompleks yalnız Almaniya ordusunda deyil, həm də xarici ordularda da silahlanmada yer alıb. Kompleksin ixrac versiyası ASRAD (Atlas Short Range Air Defence System) adlanır. Yunanıstan Quru Qoşunlarının yenidən silahlanma proqramı əsasında 2003-cü ildən bəri HMMWV şassisində 54 ədəd ASRAD kompleks qəbulu edilib. İsveçin “Saab Bofors Dynamics” şirkəti “STN ATLAS Elektronik GmbH” şirkəti ilə birlikdə kompleksin lazerlə idarə olunan “Bolide”və RBS 70 raketlərindən istifadə edən, həmçinin üç koordinatlı radarla təchiz edilmiş ASRAD-R variantını hazırlayıb. 2004-cü ildən Finlandiya Silahlı Qüvvələri üçün Mercedes-Benz UNIMOG 5000 4×4 şassisində ASRAD-R kompleksinin ilk tədarükü həyata keçirilib.

Açıq mənbələrin məlumatına görə, kompleks hazırda Almaniyada 50 ədəd, Yunanıstanda 54 ədəd və Finlandiyada 60 ədəd olmaqla orduların silahlanmasındadır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS