
Pakistanda keçiriləcək PIMEC-2025 sərgisinin təqdimatı olub – FOTOLAR
İslamabadda Pakistan Beynəlxalq Dəniz Sərgisi və Konfransının (PIMEC) ikinci buraxılışının təqdimat mərasimi keçirilib.
Sərginin Təşkilat Komitəsindən “Poliqon”a verilən məlumata görə, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən tədbirdə federal nazirlər, Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri, səfirlər və cəmiyyətin müxtəlif təbəqələrindən olan qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Baş nazir Məhəmməd Şahbaz Şərif, Pakistan Hərbi Dəniz Qüvvələrinin PIMEC vasitəsilə ölkənin dəniz sektorunun potensialını nümayiş etdirmək təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, Pakistan dəniz sektorunda gəlirli investisiyalar, birgə müəssisələr və ticarət üçün geniş imkanlar təqdim edir. Baş nazir qeyd edib ki, okeanlar xalqları birləşdirir və buna görə də bütün maraqlı tərəflərin birgə səyləri ilə onları daha təhlükəsiz məkana çevirmək zəruridir. O vurğulayıb ki, Pakistan məsuliyyətli dövlət kimi beynəlxalq sülh, sabitlik və asayişin təmin edilməsində fəal rol oynamağa sadiqdir və bu yanaşma dəniz sahəsini də əhatə edir.
O, həmçinin Pakistan Hərbi Dəniz Qüvvələrinin “Marka-e-Haq” adlı təşəbbüs çərçivəsində dəniz sərhədlərinin müdafiəsi və ölkənin dəniz maraqlarının təşviqi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Baş nazir əlavə edib ki, Pakistan milli iqtisadiyyata əhəmiyyətli töhfə verə biləcək böyük dəniz potensialına malikdir. O, qeyd edib ki, effektiv gəmiqayırma sənayesinin, nəqliyyat limanlarının, balıqçılıq sənayesinin, sahil turizminin, su idmanının və akvakulturanın inkişafı xüsusi diqqət yetirilməli sahələrdəndir. Baş nazir bildirib ki, optimal nəticələrin əldə olunması üçün dəniz sənayesində dövlət-özəl tərəfdaşlığın inteqrasiyası önəmlidir.
O, həmçinin vurğulayıb ki, Pakistanın dənizçilik sektorunun səmərəliliyini və məhsuldarlığını artırmaq üçün akademik və elmi-tədqiqat təşkilatlarının potensialı birləşdirilməlidir. Hökumətin biznes və investisiyalar üçün əlverişli mühit yaratmaq istiqamətində səylərini davam etdirəcəyinə əminliyini ifadə edib. Baş nazir ümidvar olduğunu bildirib ki, PIMEC vasitəsilə yaradılan imkanlar genişlənəcək və Pakistanı birgə səylər nəticəsində regional sülh və ortaq rifahın təmin edilməsinə daha da yaxınlaşdıracaq.
Dəniz işləri üzrə federal nazir Məhəmməd Cüneyd Ənvər isə çıxışında bildirib ki, PIMEC Pakistanın aparıcı tədbirlərindən biridir və bu platforma milli və beynəlxalq dənizçilik sənayesinin ən son texnologiyalarını nümayiş etdirmək üçün geniş imkanlar yaradacaq.
Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nəvid Əşrəf çıxışında PIMEC-in həm yerli, həm də beynəlxalq səviyyədə ən son dəniz texnologiyalarını nümayiş etdirən aparıcı ikiillik tədbirə çevrildiyini bildirib. O vurğulayıb ki, sərgi sahibkarlar, elmi-tədqiqat mütəxəssisləri, maliyyə analitikləri və siyasətçilər üçün əməkdaşlıq və innovasiyanı gücləndirmək məqsədilə mühüm bir platforma olacaq. O, PIMEC-2025-in ölkə iqtisadiyyatının inkişafına və Pakistanın beynəlxalq dəniz nüfuzunun artmasına töhfə verəcəyinə ümid etdiyini söyləyib.
Tədbirin təşkilatçılarından biri olan “Badar Expo Solutions” şirkətinin baş direktoru Zohair Naseer, Dəniz İşləri Nazirliyi və Pakistan Hərbi Dəniz Qüvvələri ilə birgə bu önəmli tədbiri yenidən həyata keçirməkdən qürur duyduğunu bildirib. O, bütün maraqlı tərəflərin dəstəyi ilə “Badar Expo Solutions”un PIMEC-2025-in uğurla keçirilməsi və mavi iqtisadiyyatın faydalarının maksimum dərəcədə reallaşdırılması üçün səylə çalışacağını vurğulayıb.
Pakistan Hərbi Dəniz Qüvvələrinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə komandan müavini, komodor Əhsən Əli Xan təqdimatında PIMEC-in ilk buraxılışının böyük uğur qazandığını xatırladaraq, PIMEC-2025-in bu uğuru daha da artırmaq və sektorun iqtisadi potensialının reallaşdırılmasını stimullaşdırmaq məqsədi daşıdığını qeyd edib.
Qeyd edək ki, PIMEC-2025 sərgisinin bu il 3-6 noyabr tarixlərində Karaçi Ekspo Mərkəzində keçirilməsi planlaşdırılır.
Azərbaycandan “Poliqon” jurnalı PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransının rəsmi media partnyoru qismində çıxış edir. Jurnalın ingilis dilində hazırlanacaq xüsusi buraxılışı sərgi iştirakçıları, ziyarətçilər və rəsmi nümayəndə heyətləri arasında yayılacaq.