Almaniya Ordusu RCH 155 təkərli ÖAQ sifariş etməyi planlaşdırır

Almaniya Ordusu RCH 155 təkərli ÖAQ sifariş etməyi planlaşdırır

Almaniya 100-ə yaxın ən yeni RCH 155 təkərli özüyeriyən artilleriya qurğusu (ÖAQ) sifariş etməyi planlaşdırır.

“Poliqon” “Spiegel” jurnalına istinadən xəbər verir ki, bu özüyeriyən haubitsaların istehsalı Fransa-Almaniyanın birgə müdafiə nəhəngi olan KNDS (KMW+Nexter Defence Systems) konserni tərəfindən həyata keçirilir.

Nəşrin məlumatına görə, əvvəllər sifariş edilmiş 18 ədəd döyüş maşınına əlavə olaraq Almaniya Müdafiə Nazirliyi 105 ədəd “Leopard 2A8” almağa razılıq verdikdən sonra, eyni sayda “Boxer” təkərli zirehli transportyorunun 80 ədədinin RCH 155 ÖAQ versiyasında əldə etməkdə maraqlı olduğunu bildirib.

Bu yüksək mobillikli təkərli haubitsaların tədarükü üçün KNDS ilə çərçivə müqaviləsinin imzalanması planlaşdırılır.

Nəşr onu da qeyd edir ki, Bundesver üçün 80-ə yaxın sistemdən ibarət ilk partiyanın 2 milyard avrodan çox başa gələcəyi ehtimal edilir. Bu məbləğ, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Almaniyada yaradılmış 100 milyard avroluq xüsusi müdafiə fondundan maliyyələşdiriləcək. Bundesver RCH 155 ÖAQ almağa isə keçən ilin oktyabrında qərar verib.

“Spiegel” nəşrinə görə, KNDS ilə çərçivə müqaviləsi 300 ədəddən çox RCH 155 ÖAQ-a hesablana bilər, lakin bu, Bundesverin ehtiyaclarından əhəmiyyətli dərəcədə çoxdur. Buna görə də, hazırda Almaniyanın bu təkərli özüyeriyən haubitsalarını almağı düşünən digər ölkələr də çərçivə müqaviləsinə qoşula biləcəklər.

Qeyd etmək lazımdır ki, artıq Böyük Britaniya mövcud AS-90 tırtıllı artilleriya sistemlərini əvəz etmək üçün RCH 155 ÖAQ-nı seçib (daha ətraflı: https://poliqon.az/boyuk-britaniya-as-90-oaq-larini…/).

Ukrayna 18 ədəd sifariş etməklə RCH 155 təkərli ÖAQ-ın ilk müştərisidir. Bu ilin iyununda məlum olub ki, Ukrayna Silahlı Qüvvələri ümumilikdə 54 ədəd belə ÖAQ alacaq. Sözügedən satınalma Almaniya Federal Hökuməti tərəfindən maliyyələşdirilir. Ukrayna artilleriyaçılarının ilk haubitsaları 2024-cü ilin sonu – 2025-ci ilin əvvəlində alacağı gözlənilir.

Təkərli RCH 155 ÖAQ 2023-cü ildə Almaniya Silahlı Qüvvələri tərəfindən də sınaqlardan keçirilib (daha ətraflı: https://poliqon.az/almaniyada-yeni-rch-155-ozuyeriyen…/).

155 mm çaplı RCH 155 (Remote Controlled Howitzer 155) ÖAQ 8×8 təkər formuluna malik GTK “Boxer” (Gepanzerte Transport Kraftfahrzeug Boxer) təkərli zirehli transportyorunun şassisində hazırlanıb. O, Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) şirkəti tərəfindən yaradılıb. Sistem Almaniyanın PzH 2000 ÖAQ-ına əsaslanır və “Boxer” platformasının hərəkətliliyini tırtıllı analoqun atəş gücü ilə birləşdirmək məqsədini daşıyır.

Sistemdə Almaniyanın PzH 2000 özüyeriyən haubitsasının artilleriya hissəsi olan avtomatlaşdırılmış AGM (Artillerie-Geschütz-Modul) qülləli artilleriya modulu yerləşdirilib. Haubitsanın lüləsinin uzunluğu 52 çapa bərabərdir.

Xatırladaq ki, “Krauss-Maffei Wegmann” şirkəti yeni RCH 155 AGM ÖAQ üzərində işlərə 2014-cü ildə başlayıb. Şirkətin niyyəti PzH 2000 ÖAQ qülləsinin “insansız” ediləcəyi və təkərli zirehli transportyora quraşdırılacağı təqdirdə nə alınacağını sınaqdan keçirməkdən ibarət olub.

2019-cu ildə sınaqlardan keçirilən ilk sınaq maşını özünün əla olduğunu sübut edib. Məlum olub ki, “Boxer” təkərli şassisi 60 tonluq təpmə qüvvəsinə tam tab gətirə bilir və atəş zamanı dayanıqlığı təmin etmək üçün hər hansı əlavə qundaqların quraşdırılmasına ehtiyac yoxdur.

Müasir artilleriya qurğusu olan RCH 155 çox böyük üstünlüklərə malikdir. Bunlardan ən əsası isə onunla döyüşməyin sələflərinə nisbətən daha çətin olmasıdır, çünki ÖAQ hərəkətdə olduğu zaman belə atəş açmaq imkanına malikdir.

AGM modulu insansızdır, ona görə də RCH 155 özüyeriyən artilleriya qurğusunun heyətində ​​cəmi iki nəfər var. AGM modulunun döyüş dəsti 30 mərmi və 144 modul atımdan ibarətdir. İstehsalçı qeyd edir ki, haubitsanın atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 40-54 kilometrə bərabərdir.

RCH155 təkərli ÖAQ-ın ümumi döyüş kütləsi 39 ton, AGM modulunun kütləsi isə 12,5 tondur. Maşın 815 at gücünə (600 kVt) malik MTU dizel mühərriki ilə təchiz edilib.

RCH 155 AGM dayandıqdan 10 saniyə sonra atəş aça bilər, həmçinin atəş mövqeyini tərk etmək üçün ona eyni 10 saniyə lazımdır. Eyni zamanda, ÖAQ bir dəqiqə ərzində doqquz atəş aça bilir.

Əsas taktiki-texniki xassələri:

  • əsas silahı – 155 mm/L52 lüləli haubitsa (NATO Joint Ballistics Memorandum of Understanding (JBMoU) – Birgə Balistika üzrə Anlaşma Memorandumu ilə uyğunlaşdırılıb)
  • atəş tezliyi – dəqiqədə 9 atış
  • üfiqi tuşlama bucağı – 360°
  • şaquli tuşlama bucağı – -2.5°…+ 65°
  • atəş məsafəsi – adi mərmi ilə – 40 km-ə qədər; V-LAP mərmi ilə 54 km-ə qədər, VULKANO və EXCALIBUR tipli döyüş sursatından daha böyük məsafələr
  • döyüş dəsti – 30 mərmi və 144 modul atım
  • ikinci silahı – uzaqdan idarə olunan silah modulu
  • düzünə tuşlama – istəyə bağlı olaraq optronika və ya uzaqdan idarə olunan silah modulu ilə
  • döyüş kütləsi – < 39,0 ton
  • qabarit ölçüləri (UxExH) – ~ 10.40m x 2.99m x 3.60m
  • mühərrikin gücü və markası – 600 kVt/815 at gücünə malik MTU mühərriki
  • şossedə maksimal hərəkət sürəti – >100 km/saat
  • şossedə yanacaq üzrə gediş ehtiyatı – 700 km
  • heyəti – 2 nəfər

Əhəd Vahidoğlu

CATEGORIES