QuruXəbərlər

Almaniya Silahlı Qüvvələri daha 250 min ədəd G95 avtomatı almağa hazırlaşır

Almaniya Silahlı Qüvvələri (Bundesver) daha 250 min ədədə qədər G95A1 və G95KA1 avtomatının alınmasına hazırlaşır.

“Poliqon” xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Hartpunkt” nəşrinə bildiriblər.

Məlumata əsasən, Bundesver cəmi bir ay əvvəl “Heckler & Koch” şirkətinə 250 min ədəd G95A1 və G95KA1 avtomatının tədarükü ilə bağlı sifariş verdikdən sonra, daha bir böyük satınalma paketini nəzərdən keçirir. Bildirilir ki, yeni sifarişin təxminən altı ay ərzində rəsmiləşdirilməsi gözlənilir.

Bununla belə, nə Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw), nə də “Heckler & Koch” şirkəti məsələ ilə bağlı şərh verməyib.

Ekspertlərin qiymətləndirməsinə görə, əlavə alınacaq avtomatlar əsasən ehtiyat qüvvələrin və daxili müdafiə bölmələrinin silahlandırılması üçün nəzərdə tutulub. Bu plan Bundesverin gələcəkdə aktiv hərbi qulluqçuların və ehtiyatçıların sayını artırmaq hədəfi ilə əlaqələndirilir.

Məlumata görə, yeni sifariş veriləcəyi təqdirdə silahların tədarükü hazırkı müqavilə çərçivəsində həyata keçirilən çatdırılmalar başa çatdıqdan sonra başlayacaq.

Xatırladaq ki, “Heckler & Koch” ilə imzalanmış mövcud müqaviləyə əsasən, 250 min ədəd G95A1 və G95KA1 avtomatının Bundesverə təhvil verilməsi 2032-ci ilədək başa çatdırılmalıdır.

Back to top button