HavaXəbərlər

Almaniya və Fransa altıncı nəsil qırıcı təyyarə proqramından imtina edib

Almaniya və Fransa liderləri Avropanın ən iddialı müdafiə proqramlarından biri hesab edilən altıncı nəsil qırıcı təyyarənin hazırlanması və istehsalını nəzərdə tutan FCAS/SCAF (Future Combat Air System) layihəsindən imtina etmək barədə razılığa gəliblər.

“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, qərarın əsas səbəbi layihədə iştirak edən sənaye şirkətləri arasında uzun müddətdir davam edən rəqabət və fikir ayrılıqları olub.

Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron ötən həftə Monteneqroda keçirilən Avropa İttifaqı-Qərbi Balkanlar sammiti çərçivəsində problemlərlə üzləşən layihəni müzakirə ediblər. Almaniya rəsmilərinin sözlərinə görə, onlar layihədə iştirak edən müdafiə sənayesi şirkətləri arasında aylardır davam edən çıxılmaz vəziyyətin aradan qaldırılmasının mümkün olmadığı qənaətinə gəliblər.

Bu səbəbdən F.Merts E.Makrona birgə döyüş təyyarəsinin hazırlanması layihəsini davam etdirməməyi tövsiyə edib.

E.Makronun administrasiyası isə tərəflərin layihəni geniş şəkildə müzakirə etdiklərini bildirib və Almaniya və İspaniyanı təmsil edən “Airbus” ilə Fransanın “Dassault Aviation” şirkətlərinin razılığa gələ bilməməsindən təəssüfləndiklərini ifadə ediblər.

Avropanın ən böyük müdafiə layihəsinin əsas hissəsinin dayandırılması Qərb hərbi dairələrinin Rusiyadan gələn təhlükənin artdığı barədə xəbərdarlıqlar etdiyi və ABŞ-ın Avropanı daha sürətlə silahlanmağa çağırdığı bir dövrə təsadüf edir.

Layihə ilk dəfə 2017-ci ildə Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkel tərəfindən başladılıb. E.Makron son aylarda bu layihəni fəal şəkildə müdafiə edib. Fransa tərəfi bildirib ki, Fransa-Almaniya müdafiə əməkdaşlığı hər iki ölkə və onların Avropadakı tərəfdaşları üçün vacib olaraq qalır.

Lakin İspaniyanın da daxil olduğu 100 milyard avro dəyərində layihə üzrə razılığın əldə olunmaması Avropanın onilliklərlə davam edən zəif investisiyalardan sonra hərbi potensialını bərpa etməkdə qarşılaşdığı çətinlikləri bir daha ortaya qoyur.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi aviasiya üzrə baş elmi işçisi Duqlas Barri bildirib: “Bu, nə Vaşinqtona, nə də Moskvaya göndərilən siqnal baxımından ideal vəziyyət deyil.”

Layihənin mərkəzində pilotsuz sistemlərlə dəstəklənən və məxfi “döyüş buludu” (Combat Cloud) şəbəkəsi vasitəsilə bir-birinə bağlanan yeni nəsil qırıcı təyyarə dayanırdı. Lakin tərəflər aylarla təyyarənin texniki xüsusiyyətləri və layihə üzərində nəzarət məsələləri ilə bağlı mübahisə aparıblar.

Məsələdən məlumatlı Avropa mənbəsinin sözlərinə görə, tərəflər simvolik xarakter daşıyan kompromis variant üzərində işləyirlər. Bu varianta əsasən, əsas qırıcı təyyarədən kənar sistemlər, məsələn, yüksək mühafizə olunan rabitə şəbəkələrindən ibarət “döyüş buludu” FCAS proqramı çərçivəsində inkişaf etdirilməyə davam edə bilər.

Bu kompromis daha çox siyasi xarakter daşıyır, çünki FCAS adı ümumi anlayışdır və yalnız bu layihəyə aid deyil. Lakin rəsmilər E.Makronun əsas qırıcı təyyarə proqramından geri çəkilməsinə imkan verəcək, eyni zamanda bütün layihənin tamamilə ləğv olunduğunu etiraf etməyə məcbur qoymayacaq formul axtarırdılar.

E.Makron və F.Merts aylar ərzində layihəni xilas etməyə və “Airbus” ilə “Dassault Aviation” arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa çalışıblar.

Şirkətlər dərhal münasibət bildirməsələr də, Almaniyanın “IG Metall” həmkarlar ittifaqı layihənin dayandırılması qərarını alqışlayıb. Təşkilatın fikrincə, artıq aylardır aydın idi ki, “Dassault” və “Airbus” bərabərhüquqlu tərəfdaşlar kimi əməkdaşlıq edə bilməyəcəklər.

“IG Metall” təşkilatının sədr müavini Yurgen Kerner bəyan edib: “Almaniyanın aviasiya sənayesi və işçi qüvvəsinin maraqlarına uyğun olan bu çətin, lakin zəruri qərara görə Fridrix Mertsə təşəkkür edirəm”.

Tərəflər arasında yalnız növbəti inkişaf mərhələsinə nəzarət və intellektual mülkiyyət hüquqlarına çıxış məsələlərində deyil, həm də təyyarəyə dair əməliyyat tələblərində ciddi fikir ayrılıqları mövcud idi.

Əsas qırıcı təyyarə proqramının dağılması Fransanın 1980-ci illərdə “Eurofighter” layihəsindən ayrılmasını xatırladır və “Dassault Aviation” ilə “Airbus” arasında illərdir davam edən açıq mübahisələrin növbəti mərhələsi hesab olunur.

Britaniyalı müdafiə analitiki Frensis Tusa layihənin fransızca qısaltmasına istinad edərək bildirib: “SCAF artıq üç ildir ki, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi”.

F.Merts isə öz növbəsində açıq şəkildə Almaniya Hərbi Hava Qüvvələri üçün pilotlu altıncı nəsil qırıcı təyyarənin hazırlanmasının hələ də məntiqli olub-olmadığını sual altına alıb. O, həmçinin Almaniyanın nə aviadaşıyıcı gəmiyə enə bilən, nə də nüvə silahı daşımaq qabiliyyətinə malik döyüş təyyarəsinə ehtiyac duymadığını bildirib.

Back to top button