
Almaniya və Niderland Silahlı Qüvvələrinə “Schakal” PDM-ləri tədarük ediləcək
“Rheinmetall” və “KNDS Germany” şirkətlərinin birgə müəssisəsi olan “Artec GmbH” Almaniya və Niderland Silahlı Qüvvələrinə ümumilikdə 222 ədəd “Schakal” piyada döyüş maşını (PDM) tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün “Artec GmbH” şirkəti Avropa müdafiə təşkilatı OCCAR (Organisation Conjointe de Coopération en Matière d’Armement) tərəfindən 3.41 milyard avro dəyərində müqaviləyə layiq görülüb.
Müqaviləyə əsasən, Almaniya Silahlı Qüvvələrinə 150, Niderlanda isə 72 ədəd “Schakal” təhvil veriləcək.
Həmçinin müqavilə ehtiyat hissələri, təlim avadanlıqları və logistika paketini də əhatə edir.
Qeyd edilib ki, yeni “Schakal” PDM-i, təkərli “Boxer” zirehli maşının şassisini və tırtıllı “Puma” piyada döyüş maşınının qülləsini özündə birləşdirir.