
Almaniyaya növbəti A400M hərbi nəqliyyat təyyarəsi təhvil verilib
“Airbus” şirkəti 52-ci A400M hərbi nəqliyyat təyyarəsini Almaniya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, A400M Almaniya Silahlı Qüvvələrinin əsas hava nəqliyyat platformalarından biri hesab olunur və şəxsi heyətin, ağır hərbi texnikanın, eləcə də humanitar yüklərin daşınmasında mühüm rol oynayır.
Dörd turbovintli mühərriklə təchiz olunan A400M ümumilikdə 44 000 at gücü hasil edir və 750 km/saat maksimal sürətə çata bilir. Təyyarənin maksimum uçuş məsafəsi 8 700 km-dən artıqdır ki, bu da onu uzunməsafəli əməliyyatlar üçün effektiv platformaya çevirir. Təyyarə 37 tonadək yükü 3 300 km-dən çox məsafəyə daşımaq imkanına malikdir.
Xatırladaq ki, ilk A400M hərbi nəqliyyat təyyarəsi 2014-cü ilin dekabr ayında Almaniya HHQ-yə təhvil verilib. Ümumilikdə isə Almaniya üçün 53 ədəd A400M təyyarəsinin tədarük edilməsi planlaşdırılır.


