“Altınay” şirkəti KAAN qırıcılarını asqı sistemi ilə təmin edəcək

“Altınay” şirkəti KAAN qırıcılarını asqı sistemi ilə təmin edəcək

Türkiyənin “Altınay” Şirkətlər Qrupuna daxil olan “Altınay Savunma Teknolojileri” şirkəti KAAN milli döyüş təyyarəsi üçün asqı sisteminin inkişaf etdirilməsinə başlayıb.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bununla bağlı TUSAŞ və “Altınay Savunma Teknolojileri” şirkətləri arasında müqavilə imzalanıb.

Bildirilib ki, “Altınay Savunma Teknolojileri” şirkəti 2016-2020-ci illər arasında ASELSAN-ın subpodratçısı olaraq, Çoxlu Bomba Asqı Sisteminin kritik alt komponentlərinin dizaynını və istehsalını həyata keçirib. Bununla da şirkət bütün sınaqlardan uğurla keçmiş sistemin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına qazandırılmasında mühüm rol oynayıb.

Yüksək etibarlılığı, çıxış sürəti, istifadə rahatlığı və qısa müddətdə fəaliyyətə başlama qabiliyyəti ilə seçilən asqı sistemi, müasir təyyarə bombalarının pnevmatik itki qüvvəsi ilə idarəli və ehtiyyatlı şəkildə buraxılmasını təmin edəcək texnologiyaya malikdir.

F-16 qırıcısının iki asqısına inteqrasiya oluna bilən və bir dəfədə 8 fərqli hədəfə təsir etmə imkanı verən Çoxlu Bomba Asqı Sisteminin kritik komponentləri üzərində işləyən “Altınay Savunma Teknolojileri”, KAAN milli döyüş təyyarəsinin asqı sistemləri üçün TUSAŞ-a subpodrat dəstəyi verərək bu sahədəki biliklərini daha da inkişaf etdirməyi hədəfləyir.

Qeyd olunub ki, milli döyüş təyyarəsi asqı sisteminin TUSAŞ tərəfindən Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulan təxminən 250 ədəd KAAN qırıcısına inteqrasiya edilməsi planlaşdırılır.

Eyni zamanda, dünyada gündən-günə daha çox istifadə olunmağa başlayan sistemin Türkiyənin yeni ixrac məhsulu kimi beynəlxalq aləmdə mühüm yer əldə edəcəyi nəzərdə tutulur.

CATEGORIES
TAGS