
“Poliqon” jurnalının yaranmasından 13 il ötür – FOTOLAR
Bu gün “Poliqon” (“AzerDefence”) hərbi-kosmik texnoloji jurnalının yaranmasının 13 ili tamam olur.
Bu münasibətlə “Poliqon” jurnalının redaksiyasında keçirilən tədbirdə jurnalın redaksiya heyəti, fəxri yazarları və “Poliqon” jurnalının təsisçisi mərhum jurnalist Rəşad Süleymanovun ailə üzvləri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, şəhid jurnalistlərin və “Poliqon” jurnalının təsisçisi Rəşad Süleymanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jurnalın hazırkı baş redaktoru Zaur Babaşov “Poliqon”un 13 illik fəaliyyəti ilə bağlı hesabatla çıxış edərək, “Poliqon” jurnalının fəaliyyətinin Azərbaycanla məhdudlaşmadığını, Türkiyə, İsrail, İtaliya, Qazaxıstan, Gürcüstan, Cənubi Koreya və Pakistan bazarında unikal mövqeyə malik olmasını diqqətə çatdırıb.
“Poliqon”un Azərbaycanda yeganə hərbi-kosmik texnoloji istiqamətli jurnal olduğunu bildirən Z.Babaşov, jurnalın qlobal media kimi dünya çapında inkişaf yolunda əmin addımlarla irəlilədiyini qeyd edib: “Müdafiə və hərbi-sənaye şirkətləri arasında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon” jurnalının bu günədək Azərbaycan dilində 76 sayı, habelə beynəlxalq sərgilərdə ingilis və rus dillərində 10 xüsusi buraxılışı olub. “Poliqon” jurnalı ötən ilin iyul ayında Qazaxıstanın Aktau şəhərində beş dövlətin iştirakı ilə keçirilən “Birləşdik-2024” beynəlxalq təlimində öz Xüsusi Buraxılışı ilə çıxış edib ki, bu da dünya praktikasında bir ilk olub”.
Daha sonra tədbir iştirakçıları çıxış edərək Rəşad Süleymanovla bağlı xatirələrini bölüşüb və “Poliqon” jurnalına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Müdafiə texnologiyaları mütəxəssisi Əhəd Əzizov tədbirdə çıxış edərək, Rəşad Süleymanovla bağlı xatirələrini bölüşüb və “Poliqon” jurnalı ilə əməkdaşlığından danışıb: “Rəşad Süleymanovla 2019-cu ilin noyabr ayında tanış olmuşuq və həmin dövrdən mənim “Poliqon” jurnalı ilə əməkdaşlığım başlayıb. İlk yazılarım 2020-ci ildə dərc olunub. Rəşadın itkisi hər birimiz üçün ağırdır. Amma gözəl ənənə qurmusunuz və hər il iyunun 21-ni jurnalın doğum gününü kimi qeyd edirsiniz, Rəşadı xatırlayırsınız. Təbii ki, Rəşad heç vaxt xatirələrdən getmir, hər birimizin xatirindədir. Təşəkkür edirəm və hər birinizə uğurlar arzulayıram”.
Öz növbəsində çıxış edən milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Yaşar Nəsibov, “Poliqon” jurnalına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Dəvətə və təltifə görə çox minnətdaram. Bu gün həqiqətən də bir az qarışıq hiss içərisindəyəm. Kaş Rəşad da aramızda olardı və bu günü bir yerdə qeyd edərdik. 2018-ci ildən Rəşad Süleymanovla bir-birimizi tanıyırdıq. Onunla müəyyən layihələr haqqında danışmışdıq. Şadam ki, Rəşadın burada qoyub getdiyi bir irs – “Poliqon” jurnalı var. Siz çox böyük zəhmətlə, məsuliyyətlə bu irsi davam etdirirsiniz. Bu həm peşəyə olan hörmət və ehtiramdır, həm də Rəşadın qoyub getdiyi irsə sədaqətdir. Sizə və bütün redaksiya heyətinə fəaliyyətlərinizdə uğurlar arzu edirəm”, – deyə Y.Nəsibov qeyd edib.
Çıxış və açıqlamalardan sonra Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, hərbi sahədəki yeniliklərin cəmiyyətə çatdılırması və hərbi vətənpərvərliyin təbliğatında POLIQON JURNALI ilə əməkdaşlıq edənlər fəxri fərmanla təltif olunub.