ANAMA Ceyrançöldə minatəmizləmə əməliyyatlarına start verib
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ceyrançöl ərazisində Sovet Ordusundan qalmış hərbi poliqonda mina və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi əməliyyatlarına başlayıb. Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin sifarişi üzrə həyata keçirilən əməliyyatların birinci mərhələsində 19 mln. kvadratmetr ərazinin təmizlənməsi nəzərdə tutulur. Bu mərhələnin müddəti 28 ay planlaşdırılır.
Layihəyə NATO-nun Maddi-Texniki Təchizat Agentliyi (NAMSA) tərəfindən də dəstək verilir. Bununla bağlı mart ayında ANAMA və NAMSA arasında müqavilə imzalanıb.
Layihənin maliyyələşməsinin 50%-ni Azərbaycan hökuməti, qalan 50%-ni isə NAMSA təmin edəcək. Layihənin NAMSA tərəfdən əsas donoru ABŞ-dır.
Qeyd edək ki, Gürcüstanla sərhəddə yerləşən Ceyrançöl ərazisində keçmiş Sovet Ordusunun Cənubi Qafqazda ən böyük poliqonu yerləşib. Ümumi sahəsi 64 milyon kvadratmetrdən artıq olan ərazidə müxtəlif çaplı döyüş sursatlarına və minalara rast gəlinir. Ceyrançöldə təmizləməyə açılacaq 19 mln. kvadratmetr ərazinin 7 mln. kvadratmetri minalı, 12 mln. kvadratmetri isə döyüş sursatları ilə çirklənmiş ərazidir.