ANAMA-nın yeni mexaniki minatəmizləmə maşınları istifadəyə verilib

ANAMA-nın yeni mexaniki minatəmizləmə maşınları istifadəyə verilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədilə, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində işləri davam etdirir.

“Poliqon”un məlumatına görə, ANAMA tərəfindən Ağdam rayonunda Agentliyin minaaxtaranları üçün yeni salınan mobil bazası müasir avadanlıqlarla, o cümlədən MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları ilə təchiz edilib.

Bu gün yeni mobil sahə düşərgəsinin açılışı zamanı 2 ədəd MV-4 və 1 ədəd MV-10 maşını nümayiş etdirilib. ANAMA-nın inventarına yeni qəbul edilən MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları Xorvatiyanın DOK-ING şirkətinin istehsalıdır.

Bundan əvvəl, Agentliyin istifadəsində Slovakiyanın “Way Industry” şirkətinin istehsalı olan üç ədəd “Bozena-4”, iki ədəd “Bozena-5” və Xorvatiyanın DOK-ING şirkətinin istehsalı olan bir ədəd MV-4 maşını olmaqla, altı ədəd xüsusi təyinatlı mexaniki minatəmizləmə maşını yer alıb. Yeni satınalmalar ilə ANAMA-nın mexaniki minatəmizləmə maşınlarının sayı doqquza yüksəlib.

ANAMA-nın əllə minatəmizləmə əməliyyatlarında isə Almaniya və Avstraliya istehsalı olan “Vallon” və “Minelab” şirkətinin mina detektorlarından istifadə olunur. Bundan başqa əməliyyatlarda “Schonstedt” və “Ferex” maqnit lokatorları tətbiq olunur. Bütün heyət yüksək qorumaya malik qoruyucu geyimlərlə təchiz edilib.

MV-4 minatəmizləmə maşını

anama 070122 6Yüngül sinifli tırtıllı MV-4 mexaniki minatəmizləmə maşını 1500 m-ə qədər məsafədən idarə oluna bilir. MV-4 əsasən piyada əleyhinə minaları partlatmaq üçün təyin edilib. Maşın minaaxtaran qrupun girə bilmədiyi böyük kol və ağaclıqlarda minatəmizləmə işlərin həyata keçirir.

MV-4 maşını minaları qabaqda fırlanan silindrə quraşdırılmış zərbə zənciri və ya bıçaqlarla təmizləyir. Rolikin sürətli fırlanması ilə torpağı döyən zəncirlər və ya bıçaqlar 30 sm-ə qədər dərinlikdə olan minaları partlatma yolu ilə zərərsizləşdirir.

Minatəmizləmə maşını -5°C ilə +54°C arasında olan temperaturda işləyə bilər. Maşının mühərriki və mühüm komponentləri mina partlayışlarına qarşı xüsusi zireh müdafiəsi ilə qorunur. 80 sm-ə qədər olan dik maneələri dəf edə bilən MV-4 kiçik ölçüyə və yüksək manevr qabiliyyətinə malikdir. MV-4 sisteminə dörd kamera (ön və arxada) daxildir. Bu da operatora maşını manevrli idarə etmək imkanı verir.

Maşın sürüşmənin qarşısını ala bilən qurğuları sayəsində yamaclarda belə işləyə bilir. Ön hissənin 60 sm-ə qədər hidravlik uzadılması sayəsində MV-4 gövdəsini güclü partlayışlardan daha yaxşı qoruya bilir, maneələri keçmək qabiliyyətini artırır.

MV-10 minatəmizləmə maşını

MV 10 006 1024x685 1DOK-ING şirkətinin 2005-ci ildən istehsal etdiyi uzaqdan idarə olunan MV-10 minatəmizləmə maşını bütün növ piyada və tank əleyhinə minaları, eləcə də partlamamış hərbi sursatları təmizləyə bilər.

MV-10-un uzunluğu 4,6 metr, eni 2,2 metr, hündürlüyü 2,1 metrdir. Alətlə birlikdə maşının uzunluğu 7,2 metrdir. Onun boş çəkisi 18,960 kq-dır. MV-10 maşını -19°C ilə +54°C arasında dəyişən temperaturda işləmə qabiliyyətinə malikdir. Uzaqdan idarəetmə blokunun maksimum işləmə diapazonu 3000 m-dir. İdarəetmə sistemi MV-4 də daxil olmaqla digər DOK-ING sistemləri ilə eynidir.

Maşının mühərriki və digər həssas komponentləri HARDOX 400 polad zirehli lövhələrlə qorunur. Zərbə çəkicləri mina partlayışlarına tab gətirə bilən poladdan hazırlanıb. MV-10 yüksək manevr qabiliyyətinə malik olduğundan bir nöqtədə 360° dönə bilir.

Məlumat üçün bildirək ki, ümumilikdə DOK-ING şirkətinin 359-dan çox MV seriyalı mexaniki minatəmizləmə maşınları Azərbaycan ilə yanaşı ABŞ, Avstraliya, Ermənistan, Xorvatiya, İraq, İrlandiya, İsveç, İtaliya, Kolumbiya, Liviya, Litva, Livan, Nikaraqua, Rusiya, Yunanıstan kimi dünyanın 20-dən çox ölkəsində istifadə edilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

 

CATEGORIES
TAGS