ANAMA yeni detektorları sınaqdan keçirir
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2 yeni metal detektorun çöl sınaqlarını aparır. Bu barədə “AzeriDefence”yə ANAMA-nın Təlim və Monitorinq Qrupundan məlumat verilib.
Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılış mərasimi sırasında ANAMA-nın stendində nümayiş etdirilən VMR3 Dual Sensor və Garret detektorları müxtəlif əməliyyatlarda istifadə imkanlarına malikdir.
Almaniyanın Vallon şirkətinin istehsalı olan VMR3 Dual Sensor detektoru həm metal, həm də qeyri-metal əşyaları müəyyən edir. ABŞ Worldwide Leader in Metal Detection Technology şirkətinin istehsalı olan Garrett detektorları isə digərlərindən fərqli olaraq suyun altında işləmə funksiyasına malikdir.
Bu detektorlar hazırda ANAMA-nın istifadəsində geniş yer almasa da, Agentliyin minaaxtaran heyətinin əsasən Minelab şirkətinin F3 və Vallon şirkətinin istehsalı olan detektorlardan geniş istifadə etdiyi bildirilib.