“Anım Günü” ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də “Anım Günü” ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, plana uyğun olaraq nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərin xatirələrindən danışılacaq.
Həmçinin hərbi qulluqçular şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçiləri ziyarət edəcəklər.




