Aerospace

“Anka” pilotsuz uçuş aparatının qəbul testləri tamamlandı

Türkiyənin TAİ şirkəti tərəfindən hazırlanmış “Anka” pilotsuz uçuş aparatının (PUA) qəbul testləri tamamlanıb. Bu barədə “AzeriDefence”yə TAİ şirkətindən məlumat verilib.Yanvarın 20 və 22-də keçirilən uçuşlara PUA-nın qəbul testi mərhələsi başa çatıb. Yanvarın 20-si saat 9:05-də başlanan uçuş, 200 km-lin link mənzili və 18 saat uçuş müddətinin nümayişi ilə yanvarın 21-i saat 03:15-də gecə həyata keçirilən avtomatik eniş daxil olmaqla uğurla yekunlaşıb.

Konya istiqamətində 40-45 kts sürətli küləkli havada həyata keçirilən uçuşda PUA-nın Esenboğa meydanı ilə təması və koordinasiyası təmin olunub. PUA yanvarın 22-dəki uçuşlarda isə gecə şəraitində avtomatik qalxma və enmə həyata keçirib.

2012-ci ilin oktyabr ayından davam edən qəbul testi mərhələsində 130-a yaxın yer və uçuş proseduru uğurla gerçəkləşdirilib. Sistemin istifadəyə hazır olduğu müəyyənləşib.

2010-cu ilin dekabr ayında həyata keçirilən ilk uçuşundan bu yana, “Anka” 90-dan artıq qalxma ilə toplam 140 saatdan çox uçuş həyata keçirib. Uçuşlarda PUA-nın 26000 fut yüksəklikdə mühərrik, eniş hissələri, çevrəyə nəzarət, buzdan qoruma kimi təməl sistemləri ilə yanaşı, gecə-gündüz görməni təmin edən kamerası, hava rabitəsi, verilənləri qeydə alma və digər sistemlərinin uyğun performansda çalışdığı müəyyənləşdirilib. PUA-nın avtomatik qalxma/enmə, seyrüsəfər və arama qabiliyyəti çətin hava şəraitində sınaqdan keçirilib.

Türkiyə Hava Qüvvələri Komandanlığının ehtiyacı üçün 10 ədəd “Anka” sisteminin seriyalı istehsalına dair müqavilə görüşmələrinin 2013-cü ilin ortalarında tamamlanması gözlənilir.

Back to top button