“Army-2024”: Təkmilləşdirilmiş Yak-130M təlim-döyüş təyyarəsi təqdim olunub
Rusiyanın “Birləşmiş Aviasiya Korporasiyası” Moskva şəhərində keçirilən “Army-2024” beynəlxalq hərbi-texniki forumunda özünün müasir aviasiya vasitələrini nümayiş etdirir.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, sərgidə nümayiş etdirilən məhsulların sırasına təlim, döyüş və hərbi nəqliyyat təyyarələri, habelə pilotsuz uçuş aparatları (PUA) daxildir.
“Army-2024”də ziyarətçilərə və rəsmi nümayəndə heyətlərinə “Birləşmiş Aviasiya Korporasiyası”nın müəssisələri tərəfindən istehsal edilən Su-34, Su-57, Su-30SM, MiQ-31, MiQ-35 döyüş təyyarələri, İl-76MD-90A hərbi nəqliyyat təyyarəsi və vertikal qalxma-enmə (VTOL) xüsusiyyətinə sahib olan S-76 pilotsuz uçuş aparatı təqdim olunur.
Sərgidə “Birləşmiş Aviasiya Korporasiyası”nın “A.S.Yakovlev” adına Sınaq-Konstruktor Bürosu tərəfindən Yak-130 təlim-döyüş təyyarəsinin təkmilləşdirilmiş Yak-130M versiyası açıq meydançada təqdim edilib. Təkmilləşdirmənin əsas məqsədi xarici bazarda rəqabət qabiliyyətini artırmaq üçün təyyarənin döyüş qabiliyyətini genişləndirməkdir.
Bu barədə açıqlama verən “Rostex Dövlət Korporasiyasının baş direktorunun müavini Vladimir Artyakov bildirib ki, təkmilləşdirilmiş Yak-130M, ilk növbədə, daha ağır və bahalı təyyarələr almağı planlaşdırmayan xarici müştərilər üçün maraqlı olacaq.
Onun sözlərinə görə, yenilənmiş Yak-130M təyyarəsinin silah arsenalı adi Yak-130 ilə müqayisədə xeyli genişdir: “Xüsusilə, bura əlavə olaraq “hava-hava” raketləri, peyk və lazer yönləndirmə sistemləri ilə yüksək dəqiqlikli “hava-yer” silahları daxil olacaq. Əslində, təyyarə təlim funksiyalarını qoruyaraq tam hüquqlu yüngül qırıcıya çevriləcək”.
Öz növbəsində təkmilləşdirilmiş Yak-130M haqqında danışan “A.S.Yakovlev” adına Sınaq-Konstruktor Bürosunun baş direktoru Andrey Boqinski qeyd edib ki, artıq “İrkutsk” aviasiya zavodunda eksperimental Yak-130M-in yığılmasına başlanılıb: “Ümumilikdə sınaq üçün üç prototip təyyarə hazırlamağı planlaşdırırıq. Yak-130M proqramının maraqlarına uyğun müəyyən texniki həllər mövcud prototip təyyarələrdə, o cümlədən “Army-2024” forumunda təqdim olunan təyyarə üzərində sınaqdan keçirilir”.
Yak-130M təyyarəsi imkanlarını əhəmiyyətli dərəcədə artıran sistemlərlə təchiz edilib. Bunların arasında BRLS-130R hava radar stansiyası, SOLT-130K optik-lazer termal televiziya sistemi, Prezident-S130 havadan müdafiə kompleksi və KSS-130 rabitə kompleksi yer alır.
Yeni sistemlər və silahlar Yak-130M təyyarəsinin gecə-gündüz və əlverişsiz hava şəraitində təlim və döyüş məqsədləri üçün istifadəsini təmin edəcək.