RegionAselsanXəbərlər

ASELSAN 2026-cı ilin ilk yarısında inkişaf tempini qoruyub

Türkiyənin ASELSAN şirkəti 2026-cı ilin birinci yarısına dair maliyyə nəticələrini açıqlayıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, şirkət uzunmüddətli hədəflərinə çatmaq məqsədilə 2024-cü ildə həyata keçirməyə başladığı “aselsaneXt” proqramının müsbət nəticələrini 2026-cı ilin ilk yarısında da əldə etməyə davam edib.

Şirkətin 2026-cı ilin ilk altı ayında gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 88,5 milyard türk lirəsinə çatıb. Bu artım yüksək texnologiyalı məhsul və sistemlərə olan güclü tələbat hesabına təmin olunub. Hesabat dövründə əldə olunan gəlirlərdə hava hücumundan müdafiə, radar, elektron müharibə, süni intellekt dəstəkli şəhər təhlükəsizliyi, dəniz sistemləri, elektro-optik və idarəolunan sursat sistemləri əsas rol oynayıb.

ASELSAN-ın icra edilməmiş sifariş portfeli (balans sifarişləri) 45% artaraq 23,2 milyard ABŞ dollarına yüksəlib. İlk altı ay ərzində imzalanmış yeni müqavilələrin həcmi isə 72% artaraq 4,9 milyard ABŞ dolları təşkil edib. Bu göstəricilər şirkətin uzunmüddətli gəlir yaratmaq potensialını və sabit inkişafını daha da möhkəmləndirib.

Güclü artımla yanaşı, əməliyyat səmərəliliyini və yüksək texnologiyalara fokuslanma strategiyasını korporativ transformasiya prosesinin mərkəzində saxlayan ASELSAN-ın EBTIDA marjası ötən ilin eyni dövrü ilə müqayisədə 120 baza bəndi artaraq 26,3%-ə çatıb. Eyni zamanda, şirkətin EBTIDA göstəricisi də 31% artaraq 23,2 milyard türk lirəsi olub.

İlk yarımildə şirkətin Xalis Borc/EBTIDA nisbəti 0,57-dən 0,55-ə enib. Məhsuldarlığın artırılmasına yönəlmiş tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi və məhsul portfelində kritik texnologiyalara yönəlmiş transformasiya ASELSAN-ın böyüməsinə və əməliyyat marjalarının qorunmasına mühüm töhfə verib. Şirkətdə işçi başına düşən gəlir dollar əsasında 3% artıb.

Türkiyədə mühəndis məşğulluğu və tədqiqat-inkişaf (Tə-İn) layihələrinin sayına görə lider olan ASELSAN-ın Tə-İn xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 804 milyon ABŞ dollarına yüksəlib. Xüsusilə, LEO peyk texnologiyaları, kvant hesablama texnologiyaları, sualtı sistem texnologiyaları, hərəkətverici sistemlər, mikroelektronika, lazer texnologiyaları və uzaqmənzilli idarəolunan sursat texnologiyaları kimi sahələrə investisiyalar sürətlənib.

İlk altı ay ərzində ASELSAN-a əlavə istehsal gücü və miqyas qazandıracaq investisiyalar fasiləsiz davam etdirilib. İstehsal gücünün artırılmasına yönəlmiş “Oğulbey” Texnologiya Bazası və mövcud istehsal sahələrində aparılan investisiyaların həcmi bu dövrdə 195% artıb.

İlin ilk yarısında 40 milyon ABŞ dolları sərmayə hesabına inşa edilmiş, 17360 kvadratmetr qapalı sahəyə malik ağıllı sursat, hava hücumundan müdafiə və sualtı sistemlər üçün əlavə istehsal və sınaq mərkəzləri istifadəyə verilib. Hava və dəniz müdafiə sistemlərinin istehsalında robotlaşdırma və avtomatlaşdırma infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni istifadəyə verilmiş və davam edən investisiyalar nəticəsində ASELSAN-ın çatdırılma qabiliyyəti, sürəti və keyfiyyəti daha da artırılıb.

2025-ci ildə təməli qoyulan və Türkiyə Cümhuriyyəti tarixində birdəfəyə həyata keçirilən ən böyük müdafiə sənayesi investisiyası hesab olunan “Oğulbey” Texnologiya Bazası layihəsinin ilk mərhələsinin 2026-cı ilin üçüncü rübündə fəaliyyətə başlaması planlaşdırılır. Bu investisiyalar ASELSAN-ın qlobal müdafiə sənayesindəki mövqeyini daha da gücləndirəcək.

Maliyyə dayanıqlılığı strategiyasını 2026-cı ilin ilk altı ayında da uğurla davam etdirən ASELSAN, Tə-İn və seriyalı istehsala yönəlmiş yüksək həcmli investisiyalar fonunda maliyyə səmərəliliyi göstəricilərini də yaxşılaşdırıb.

Əməliyyat pul axını ilk altı ayda 15,2 milyard türk lirəsi təşkil edib. Hesabat dövründə şirkətin maliyyə borclarının aktivlərdəki payı 13,3%, özkapital nisbəti isə 56% olub. ASELSAN bu göstəricilər üzrə də sektor üzrə orta səviyyədən yüksək mövqeyini qoruyub saxlayıb. İlk yarımildə şirkətin aktivləri 8%, özkapitalı isə 4% artaraq güclü balans strukturunu daha da möhkəmləndirib.

Qlobal bazarlardakı fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirərək beynəlxalq müdafiə ekosistemindəki mövqeyini daha da gücləndirən ASELSAN, 2026-cı ilin ilk altı ayında ümumi dəyəri 4,9 milyard ABŞ dolları olan yeni müqavilələr imzalayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72% artım deməkdir. Bu göstərici ASELSAN tarixində ilk altı aylıq dövr üzrə əldə olunan ən yüksək müqavilə həcmi kimi qeydə alınıb. Xüsusilə, hava hücumundan müdafiə, radar, elektron müharibə və ictimai təhlükəsizlik rabitə sistemləri üzrə mühüm sifarişlər qəbul edilib.

Şirkətin icra edilməmiş sifariş portfeli də artmağa davam edib. 2025-ci ilin sonunda ilk dəfə 20 milyard dollar həddini aşan sifariş portfeli 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 45% artaraq 23,2 milyard ABŞ dollarına yüksəlib. Bununla yanaşı, ASELSAN-ın Alınan sifariş/Satış nisbəti 2,5 olub və bu göstərici şirkətin sektor üzrə orta səviyyədən üstün mövqeyini daha da gücləndirib. Bu artım ASELSAN-ın məhsul və sistemlərinə tələbatın davamlı şəkildə yüksəldiyini göstərir.

2026-cı ildə imzalanmış mühüm müqavilələr:

2026-cı ilin I rübü:

  • Beynəlxalq müştərilərlə rabitə sistemləri və pilotsuz dəniz vasitələri üçün faydalı yüklərin ixracına dair müqavilə;
  • Beynəlxalq müştərilərlə hava hücumundan müdafiə və avionika sistemlərinin ixracına dair müqavilə;
  • Xarici istifadəçilərə çatdırılmaq məqsədilə yerli platforma istehsalçısı ilə elektro-optik sistemlərin ixracına dair müqavilə;
  • Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə tuşlama dəstlərinin tədarükünə dair müqavilə.

2026-cı ilin II rübü:

  • Beynəlxalq müştərilərlə hava hücumundan müdafiə, radar, elektron müharibə, elektro-optik, avionika və rabitə sistemlərinin ixracına dair müqavilə;
  • Beynəlxalq müştərilərlə radar, hava hücumundan müdafiə, elektro-optik və rabitə sistemləri, həmçinin PUA və PDS-lər üçün faydalı yüklərin ixracına dair müqavilə;
  • Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə hava hücumundan müdafiə sistemlərinin əlavə istehsalına dair müqavilə;
  • Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə ictimai təhlükəsizlik rabitə sistemləri, peyk və kosmik sistemlərin tədarükünə dair müqavilə;
  • Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə süni intellekt dəstəkli şəhər təhlükəsizliyinin idarəetmə sistemlərinin tədarükünə dair müqavilə.

ASELSAN-ın baş direktoru Ahmet Akyol 2026-cı ilin birinci yarısının maliyyə nəticələrini dəyərləndirib: “2025-ci il ASELSAN tarixində ən güclü maliyyə göstəricilərinə nail olduğumuz il kimi yadda qalmışdı. 2026-cı ilin ilk yarısında əldə etdiyimiz nəticələr isə bu uğuru daha da irəli apardığımızı göstərir. 2025-ci ildə qazandığımız tarixi inkişaf tempini yeni müqavilələrimiz, artan istehsal gücümüz və güclənən texnoloji imkanlarımız sayəsində daha yüksək səviyyəyə çatdırdıq. Hesabatımız təkcə altı aylıq fəaliyyətimizin gücünü deyil, həm də uğurlarımızın növbəti dövrlərdə də fasiləsiz davam edəcəyini nümayiş etdirir.

Gəlirlərimizi ötən ilin eyni dövrü ilə müqayisədə 25% artıraraq 88,5 milyard türk lirəsinə çatdırdıq. ABŞ dolları əsasında isə 37% kimi çox mühüm artım əldə etdik. Yeni müqavilələrimizin həcmi 72% artaraq 4,9 milyard dollara, icra edilməmiş sifariş portfelimiz isə 45% artaraq 23,2 milyard dollara yüksəldi. 2025-ci ildə ilk dəfə olaraq sifariş portfelində 20 milyard dollar həddini aşmışdıq. İnanırıq ki, gələn ildən etibarən artıq 30 milyard dollar səviyyəsini görəcəyik.

Bir tərəfdən böyüyür, digər tərəfdən isə gələcəyə sərmayə yatırmağa qətiyyətlə davam edirik. İlin ilk yarısında Tə-İn xərclərimizi 41% artıraraq 804 milyon dollara, seriyalı istehsal və istehsal gücünün artırılmasına yönəlmiş investisiyalarımızı isə 195% artıraraq 323 milyon dollara çatdırdıq. Ağıllı sursat və sualtı sistemlər üçün əlavə istehsal və sınaq mərkəzlərini istifadəyə verdik. Yeni robotlaşdırılmış avtomatlaşdırma infrastrukturu ilə mövcud istehsal xətlərimizi gücləndirdik. Cəmi altı ay ərzində 19 yeni robotlaşdırılmış avtomatlaşdırma xətti qurduq. Yaxın günlərdə “Oğulbey” layihəmizdə ilk istehsal fəaliyyətinə başlayacağıq. Bu addım ASELSAN üçün ilin ən mühüm inkişaflarından biri olacaq.

Bu investisiyaları həyata keçirərkən maliyyə intizamımızı da qoruduq. Güclü əməliyyat pul axını və sağlam balans strukturu sayəsində böyüməmizi maliyyə dayanıqlılığı prinsipi ilə dəstəklədik. İlin ilk altı ayında əməliyyat pul axınımız 15,2 milyard türk lirəsi təşkil etdi. Özkapital nisbətimiz 56% səviyyəsində qaldı. Xalis Borc/EBTIDA nisbətinin 0,55 olması göstərir ki, yüksək investisiya dövründə borclanma səviyyəmizi son dərəcə nəzarətdə saxlamışıq. Belə dövrlərdə bu göstəricinin artması gözlənilir. Biz isə ötən ilin səviyyəsini qorumaqla yanaşı, onu bir qədər də aşağı saldıq. Bu, maliyyə intizamımızın hansı səviyyəyə çatdığını göstərir. Sürətli böyümə dövründə əməliyyat marjalarımızın yaxşılaşması isə həm daha yüksək əlavə dəyər yaradan işlər gördüyümüzü, həm də bunları daha səmərəli həyata keçirdiyimizi sübut edir.

Müdafiə sənayesi ilə yanaşı, mülki sahələrdə də ölkəmizə ilk nailiyyətləri qazandırmağa davam edirik. ASELSAN-ın siqnalizasiya texnologiyaları ilə təchiz edilmiş Avropanın ən sürətli tam avtomatik sürücüsüz metro xətlərindən biri olan Halkalı–İstanbul Hava Limanı metro xəttinin yeni mərhələsi cənab Prezidentin iştirakı ilə istifadəyə verildi. Səhiyyə sahəsində isə “Lifeline” ürək-ağciyər aparatının ilk dəfə açıq ürək əməliyyatında istifadə olunması ilin mühüm hadisələrindən biri oldu.

Yüksək texnologiyalı şirkətlərin ən böyük gücü insan resurslarıdır. İxtisaslı kadrlarımızı böyütməyə və gücləndirməyə davam edirik. İlin ilk yarısında 1000-dən çox yeni əməkdaş işə qəbul etdik. Onların təxminən 15%-nin xaricdən gələn mütəxəssislər olması bizi xüsusilə sevindirir.

2026-cı ilin ilk yarısında bizi ən çox məmnun edən məqamlardan biri də ASELSAN-a və inkişaf etdirdiyimiz texnologiyalara beynəlxalq marağın daha da artması oldu. Türkiyənin ev sahibliyi etdiyi NATO Ankara Zirvəsi ölkəmizin müdafiə sənayesindəki imkanlarını və ASELSAN-ın yüksək texnologiyalı həllərini beynəlxalq gündəmə çıxaran strateji platformaya çevrildi. Zirvə çərçivəsində müdafiə investisiyalarının uzunmüddətli artırılması ilə bağlı mühüm qərarlar qəbul edildi. İnteqrasiya olunmuş hava hücumundan müdafiə, radar və elektron müharibə NATO-nun prioritet istiqamətləri sırasında ön plana çıxdı. Bunlar, eyni zamanda ASELSAN-ın güclü olduğu sahələrdir. Məhsul portfelimizin NATO-nun ehtiyacları ilə yüksək uyğunluq təşkil etməsi gələcək üçün mühüm göstəricidir.

Bu yaxınlarda açıqlanan “Forbes Global 2000” siyahısına ilk dəfə daxil olduq və bunu bacaran yeganə müdafiə sənayesi şirkəti olduq. Bu da ASELSAN-ın qlobal arenada yüksəlişinin daha bir mühüm göstəricisidir.

Gələcək dövrdə də yüksək texnologiyalı məhsullarımızı, istehsal gücümüzü və qlobal əməkdaşlıqlarımızı inkişaf etdirməyə davam edəcəyik. Məqsədimiz ASELSAN-ı dünyanın aparıcı müdafiə texnologiyaları şirkətlərindən və güclü qlobal texnologiya brendlərindən birinə çevirməkdir və bu istiqamətdə qətiyyətlə irəliləyəcəyik”.

Back to top button