ASELSAN Azərbaycana TOLUN idarəolunan döyüş sursatı ixrac edib – RƏSMİ
Türkiyənin ASELSAN şirkəti tərəfindən Azərbaycana TOLUN idarəolunan döyüş sursatının ixrac edilməsi rəsmi olaraq təsdiq edilib.
“Poliqon”un məlumatına görə, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol rəhbərlik etdiyi şirkətin doqquz aylıq maliyyə nəticələrini dəyərləndirərkən bildirib.
“Dünyanın ən yaxşı İHA (PUA) kamerası olan ASELFLIR-500 və TOLUN idarəolunan sursatımızın Azərbaycana ixrac müqavilələri imzaladığımız üçüncü rüb ixrac göstəricilərimizlə xüsusilə diqqətəlayiq oldu”, – deyə ASELSAN şirkətinin baş direktoru vurğulayıb.
Qeyd edək ki, ASELSAN tərəfindən inkişaf etdirilən TOLUN idarəolunan döyüş sursatı hava platformasından SADAK çoxlu daşıma asqısı ilə buraxıla, müxtəlif quru hədəflərinə qarşı istifadə edilə bilər.
SADAK vasitəsi ilə təyyarənin bir asqısında 4 ədəd (iki asqıda 8 ədəd) daşına bilən TOLUN, bunun sayəsində bir əməliyyatda 8 fərqli hədəfə eyni vaxtda hücum etmək imkan verir.
TOLUN idarəolunan döyüş sursatı açılan qanadları ilə 55 km məsafədəki hədəflərə qarşı təsirlidir. O, nüfuz edən burun quruluşu ilə gücləndirilmiş betonu deşərək betonla qorunan hədəfləri belə məhv edə bilir. Dəqiq zərbə qabiliyyəti və aşağı ikinci dərəcəli zərər xüsusiyyəti ilə mülki yaşayış məntəqələrindəki strateji düşmən hədəflərinə qarşı effektiv şəkildə istifadə edilə bilər.
Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akıncı” pilotsuz uçuş aparatları (PUA) üçün Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən TOLUN miniatür bombaları alındığı xəbərini vermişdik. TOLUN miniatür bombası Azərbaycan Prezidenti İlham Əliyev HHQ-nin hərbi obyektlərini ziyarət edən zaman nümayiş olunmuşdu.
Həmçinin bax: Azərbaycan Türkiyədən “Tolun” miniatür bombası alıb